“İgidliyə görə” medal alan kəşfiyyatçı göyərti satır - Video

“İgidliyə görə” medal alan kəşfiyyatçı göyərti satır - Video
10:51 08-05-2019 | icon 894

Bakının Yasamal rayonunda kirayədə yaşayan, göyərti satmaqla evinə çörək pulu qazanan Tofiq İsmayılov Möhübbət oğlu bilirsinizmi kimdir? 

“Millətinsəsi.info” xəbər verir ki, Sensasiya TV tərəfindən təqdim edilən süjetdə danışan onun həyat yoldaşı Cəmalə İsmayılovanın sözlərinə görə, əri Tofiq İsmayılov Heydər Əliyev tərəfindən “İgidliyə” görə medalla təltif edilmiş kəşfiyyatçı-hərbçidir. 

Amma Tofiq İsmayılov bu günə kimi nə evlə təmin edilib, nə normal iş yeri var. Mərhum prezidentin təltif etdiyi igidin günü göyərti satmaqla keçir.

Onlar dəfələrlə müvafiq orqanlara, deputatlarına müraciət ediblər. Amma deyilib ki, ailənin evlə təmin olunması mümkün deyil. Ona görə göyərti satan igidimiz ailəsi ilə kirayədə yaşamağa məcbur qalıb. 

Cəmalə İsmayılova bildirir ki, hazırda əri evdə deyil, işə gedib: “Yoldaşım göyərti satır, göyün hesabına dolanırıq. Bu pul heç kirayəyə çatmır. Ev sahibi bizi çıxarır, deyir ki, gətirin pulu verin. 

Ax göyərti satmaqla kirayə ödəmək olmur. Onun kəşfiyyata getməsinin çəkilişləri bizdə var. Tofiqin qəhrəmanlığının nəticəsi belə olmalıydı? 

Sabah yenə müharibə olsa, Tofiq gedəcək, çünki kəşfiyyatçıdır. Özü də əkiz qardaşı ilə kəşfiyyatda olub, bu irəli gedəndə qardaşı keşik çəkirmiş. 

Onlar Ermənistan qaçqınıdırlar, ordan Kəlbəcərə, sonra Gəncəyə köçməyə məcbur olublar. 

İndi mərhum Heydər Əliyevin təltif etdiyi adam göyərti satır, hara yazırıqsa, heç kəs bizimlə maraqlanmır. Tofiq bu ölkədə bir mənzili haqq eləmir?”

Cəmalə İsmayılova prezidentə və Mehriban xanım Əliyevaya müraciət edib: “Mehriban xanımdan bir ana, bacı kimi dəstək gözləyirəm. Bizim səsimizə səs versinlər, gəlib günümüzü görsünlər. Bizə heç yerdən kömək yoxdur. 

Uşaqlar məktəbə gedirlər, oğlum deyir ki, mən əsgər getməyəcəm, çünki atam xidmət edib, indi heç yaşamağa evi də yoxdur. Deyirəm ki, oğlum elə demə, vətənə xidmət etməlisən, hər qaranlıq günün işıqlı sabahı var. 

Mən Mehriban xanımdan xahiş edirəm, bizim mənzillə təmin olunmağımıza şərait yaratsınlar. Tofiq İsmayılov qiymətini Heydər Əliyevdən alıb, bundan o yanası yoxdur. 

Ona görə də müdafiə nazirimiz cənab Zakir Həsənovdan, prezidentimizdən xahiş edirəm ki, bizimlə maraqlansınlar, “İgidliyə” görə təltif edilmiş insan göyərti satmağa məhkum olmamalıdır”. 

“İgidliyə görə” medal alan kəşfiyyatçı göyərti satır - Video