Alman əsirlərin Sumqayıtdakı məzarlığından - REPORTAJ

Alman əsirlərin Sumqayıtdakı məzarlığından - REPORTAJ
17:30 07-05-2019 | icon 382

Şnayder Yoahim Alfred, Ruppert Riçard, Rixter Erix Otto, Rosmon Horst Bruno, Münx Volter Paul, Vaqner Leo Frans, Mürle Frits Anton... Adları davamlı şəkildə sadalamaq olar. Sumqayıtda torpağa tapşırılmış 311 alman hərbi əsirin adı şəhər məzarlığının ərazisində qoyulmuş xatirə lövhəsində həkk olunub.

Mən məzarlıqdayam, ətrafda sükut hökm sürür, hava istidir. Ölüləri narahat edən yoxdur. Məni qarışıq hisslər bürüyür. Bir tərəfdə adi insanlar dəfn olunub, digər tərəfdə isə “hərbi cinayətkarlar”. Bu insanlar təhsil alıb, sevib-sevilib, işə düzəlib, sonra müharibə başlayıb, döyüşlərin gedişində əsir düşüblər və kölə kimi həyatla vidalaşıblar.

İkinci Dünya Müharibəsi – bəşər tarixinin ən böyük münaqişələrindən sayılır. Onun miqyası heç bir münaqişə ilə müqayisəyə gəlmir. İkinci Dünya Müharibəsində 60-a qədər ölkə iştirak edib. Bu müharibə nə qədər canlar alıb, nə qədər anaları, həyat yoldaşlarını və qızları gözüyaşlı qoyub. Müharibəni kimin başlatmasından, hansı tərəfin günahkar olmasından asılı olmayaraq, bada gedən insan həyatları olub. Onlara seçim imkanı verilməyib, onların yerinə hər şeyə başqaları qərar verib.

311 girovdan 269-u alman əsilli olub, qalanları avstriyalı və macardır. Azərbaycan SSR-də gənclər şəhəri olan Sumayıtın salınmasında iştirak ediblər. Sonuncu əsir burada 1949-cu ildə dəfn olunub.

Bu barədə milletinsesi.info-a Sumqayıt şəhər Bələdiyyəsinin daimi komissiyasının sədri Akif Kərimov danışıb.

“Qəbiristanlıqda ümumilikdə 311 məzar var. Bunu dəqiq bilirəm, çünki həlak olmuş hərbi əsirlərin şəxsiyyətinin müəyyən edilməsi və xatirələrinin bərpa olunması prosesində şəxsən iştirak etmişəm. 1949-cu ilin yanvar ayında məzarların birində iki hərbi əsir dəfn olunub. Torpağı don vurduğundan qazmaq olmurdu, ona görə hər iki meyiti bir məzarda basdırmağa qərar veriblər. Bu, adsız qəbirlər idi”, - deyə Akif Kərimov bildirib.

Uzun müddət Azərbaycanda dəfn olunmuş almanların şəxsiyyəti barədə heç bir məlumat olmayıb. Sovet rejimində hərbi əsirlər haqqında informasiya dövlət sirri səviyyəsində qorunurdu.

1990-cı ilin oktyabr ayında Akif Kərimov nümayəndə heyətin tərkibində Biberax-ander-Rissdə (keçmiş AFR) keçirilən tərəfdaş şəhərlərin konfransında iştirak edib. A.Kərimov həmin vaxt Sumayıt şəhər İcra Komitəsinin sədr müavini vəzifəsini tuturdu.

“Bizi İkinci Dünya Müharibəsi iştirakçılarının məzarlığının açılışına həsr olunmuş tədbirə dəvət etmişdilər. Mənə maraqlı gəlmişdi. Düşündüm, yəqin, Sumqayıtda dəfn olunmuş hərbi əsirləri qohumları illərlə axtarıb. Ona görə arxivlərin bərpası ilə məşğul olub, insanların axtarışlarını bir qədər asanlaşdırmağa qərar verdim”, - deyə A.Kərimov xatırlayır.

Dəfn olunmuş hərbi əsirlərin adlarının olduğu siyahı Krasnoyarsk arxivindən çıxıb. Həmin siyahını əldə etmək A.Kərimova elə də asan başa gəlməyib. Buna nail olduqdan sonra onu adların bərpası və ölənlərin kimliyinin müəyyənləşdirilməsi üzrə uzun və yorucu iş gözləyirdi. Üstəlik, kağız parçası o qədər köhnə idi ki, mürəkkəb bir çox yerlərdə rəngini itirmişdi, qatlanmış yerlərində isə hərfləri oxumaq olmurdu.

Bərpa olunmuş siyahını o vaxtkı İcra Hakimiyyəti başçısının imzası ilə prezident aparatına göndərirlər. Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev görülən işə görə ona təşəkkür edir.

Dəfn olunmuş hərbi əsirlərin adlarından ibarət siyahı Almaniya hökumətinə göndərilir.

“Almanlar elə sevinmişdilər ki... Xatırlayıram, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Almaniya bölməsinin rəhbəri Kresta Eberle doluxsunaraq belə dedi: “Özlərini sivil hesab edən Avropa xalqları İkinci Dünya Müharibəsi haqqında xatirə saxlamadı, ancaq sizin xalq saxladı. Sizin xalq böyük xalqdır.” Mən bu sözlərdən sonra qürur hissi keçirdim, nəticədən razı qalmışdım. Ona görə ki, bu siyahının sayəsində nə qədər insan qohumlarını tapdı”, - deyə A.Kərimov bildirir.

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının dəfn olunduğu 11 məzarlıq və 2986 məzar var. On ikinci Bakının Keşlə qəsəbəsinin ərazisində olsa da, dəmir-beton zavodunun inşası zamanı nəşləri Yasamal qəbiristanlığına köçürülb.

Bu arada, Sumqayıt qəbiristanlığına Almazova Mələk Zabit qızı baxır. Ona qədər isə məzarlıq İkinci Dünya Müharibəsi iştirakçısı olmuş atası Məcidov Zabit Əmir oğlunun nəzarətində idi. Zabit Məcidov 1953-cü ildə etibarən qəbirlərin qeydinə qalıb. Ancaq 2012-ci ildə xəstələnərək, ölüb. Atanın işini qızı Mələk Almazova davam etdirib.

“Hər il noyabr ayında onları yad etmək üçün Lüdviqshafen şəhərindən bura rəsmi şəxslər gəlir”, - deyə M.Almazova bildirib.

Müharibə illərində ölkənin təsərrüfatında hərbi əsir əməyi elə də böyük əhəmiyyət kəsb etməyib, bu, daha çox müharibə başa çatandan sonra vüsət alıb. Əsirlər müharibə dövründə məhv edilmiş xalq təsərrüfatının – zavodların, bəndlərin, dəmir yollarının, limanların bərpasına cəlb olunub. Əksər SSRİ şəhərlərində köhnə yaşayış fondunun bərpası və yeni fondun inşasında onların əməyindən istifadə olunub.

Bundan başqa, alman əsirlər ağac tədarükünə, uzaq və əlçatmaz rayonlarda avtomobil və və dəmir yollarının inşasına, faydalı qazıntıların (uran, daş kömür, dəmir mədəni) hasilatına cəlb olunub.

Alman mənbələrinə görə, Sovet İttifaqının əsirliyində ümumilikdə təqribən 3,15 milyon Vermaxt əsgəri olub. Onlardan 1,1-1,3 milyonu əsirlikdə dünyadan köçüb.

Sovet mənbələri isə daha az rəqəmlər göstərir. Məsələn, SSRİ DİN hərbi əsirlərin işləri üzrə idarəsinin 12 oktyabr 1959-cu ilə olan məlumatına görə, ümumilikdə 2 389 560 alman əsilli hərbçi əsir düşüb. Onlardan 376-sı general və admiral, 69 469-u nisbətən aşağı çinli zabit, 2 319 715-i gizir və əsgər olub. 600 min nəfər bilavasitə cəbhədə azad edilib. Əsirlikdə 356 678 nəfər həlak olub.

Əsirlər arasında ən yüksək ölüm halları müharibənin ilk illərində qeydə alınıb. Güclü şaxtalar, lazımınca isti geyimin olmaması, pis qidalanma səbəbindən, üstəlik, uzun və müntəzəm marşlara görə əsirlərin çoxu düşərgəyə çatmamış yolda keçinirdi. Müharibədən sonrakı illərdə isə ölüm halları əhəmiyyətli dərəcə azalıb.

Problem ondadır ki, heç bu statistika da dəqiq deyil.

1955-ci ildə AFR-in birinci federal kansleri Konrad Adenauer diplomatik əlaqələrin qurulması və alman hərbi əsirlərin azad edilməsi ilə bağlı razılaşma üçün Sovet hökumətinin dəvəti ilə Moskvaya gəlir. O, 190 min hərbi əsir və 130 min mülki şəxsi vətənə qaytarmağa nail olacağına ümid edirdi. Həmin vaxt Sovet dəmir barmaqlıqları arxasında 750 minə yaxın “hitlerçi”nin saxlanıldığı güman edilirdi. Adenauer həqiqəti bilmirdi. Həqiqəti isə ondan ibarət idi ki, Sovet düşərgələrində həmin vaxt cəmi 9628 alman hərbi cinayətkar yaşayırdı.

Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşovla keçirdiyi görüşdə Konrad Adenauer qalanların başına nə iş gəldiyini soruşur.

“Qalanları çoxdan soyuq, nəm Sovet torpağında yatır”, - deyə Xruşşov çığırır.

Nəticə belə olur ki, Xruşşov Adenauerin faktiki olaraq Şərqi Almaniyanın suverenliyini tanımasına nail olur. Bunun əvəzində isə az sayda hərbi əsir azad edilir və Almaniyaya göndərilir.

Adenauer Moskvada iki Almaniya səfirinin olmasına razılaşır. Həmin vaxt “Zayt” qəzetinin müxbiri, qrafinya Marion Fon Denxov belə yazırdı:

“10 min nəfərin azadlığını 17 milyon nəfərin kölə edilməsi hesabına satın aldılar”.

ABŞ-ın Moskvadakı səfiri Çarlz Bolen isə belə yazırdı:

“Onlar əsirləri Almaniyanın parçalanmasının qanuniləşdirilməsinə dəyişirdilər”.

7 oktyabr 1955-ci ildə sonuncu hərbi əsirlər vətənlərinə qayıdır. Geri dönənlər arasında hərbi cinayətlərdə əli olan “SS”çilər də yer alırdı. 1955-ci ildə onlar “əfv olunmamış” digər əsirlər kimi Almaniyaya çatdırıldı.