Prokuror Dövlət Gömrük Komitəsinin həbsdə olan əməkdaşına cəza istəyib

Prokuror Dövlət Gömrük Komitəsinin həbsdə olan əməkdaşına cəza istəyib
18:04 14-03-2019 | icon 46

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında M.Novruzovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 28-nə təyin edilib.

İttiham aktına əsasən, M.Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman cinayət törədib. Cinayət materiallarına əsasən, o, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal edib.

Məhkəmənin qərarı ilə M.Novruzovun barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham edilir.