Prokuror Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşına yenə cəza istəyib

Prokuror Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşına yenə cəza istəyib
17:59 14-03-2019 | icon 28

Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Baş Polis İdarəsinin təhqiqatçısı, polkovnik Şövqi Əhmədov ifadə verib. O, zərərçəkmiş Rəşad Tahirova təzyiq göstərilməsi barədə deyilənləri təkzib edib.

Ş.Əhmədov bildirib ki, Ə.Əhmədov 140 min dollarının mənimsənilməsi barədə idarəyə şikayət verib, buna görə də məsələni araşdırmaq üçün R.Tahirovu idarəyə çağırıb.

Daha sonra bir daha bu iş üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror Ə.Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişlər çıxışlarında təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər.

Proses martın 18-dək təxirə salınıb.

Xatırladaq ki, daha əvvəl prokuror çıxışında Ə.Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini itəmişdi.

İttiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb.

H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Ə.Əmədov bir neçə dövlət orqanında çalışıb.