İltimas Məmmədova yeni vəzifə verilib

İltimas Məmmədova yeni vəzifə verilib
13:39 14-03-2019 | icon 138

Keçən il adı milyonluq rüşvət qalmaqalında hallanan keçmiş nazir müavini Azərbaycan Texniki Universitetində Rabitə şəbəkələri və kommutasiya sistemləri fakultəsində dərs deyir

Ötən il nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilən İltimas Məmmədova yeni iş tapşırılıb.  Demokrat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Texniki Universitetində İltimas Məmmədova yeni vəzifə verilib. 

Sabiq nazir müavini artıq Azərbaycan Texniki Universitetində Rabitə şəbəkələri və kommutasiya sistemləri fakultəsində dərs deyir.  

Məlumat üçün bildirək ki, 2018-ci ilin fevralında İltimas Məmmədovun adı rabitə və yüksək texnologiyalar nazirinin müavinləri siyahısından çıxarılıb.

Prezident İlham Əliyevin 2 fevral 2018-ci il tarixli sərəncamı ilə isə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib. 

Bundan başqa, Prezident İlham Əliyevin 2 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov sözügedən nazirlikdə nazirin birinci müavini işləmiş İltimas Məmmədova qarşı ifadə vermişdi.

Sözügedən məhkəmə prosesi zamanı İltimas Məmmədova qarşı keçmiş iş yoldaşları tərəfindən də dəfələrlə ağır ifadələr verilib. 

2017-ci ilin noyabrında keçirilən məhkəmə prosesi zamanı “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov ifadəsində hazırda nazir müavini işləyən İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini demişdi. 

İltimas Məmmədov isə istintaqa ifadəsində ayda nazirdən 30 min manat “paket” aldığını etiraf etmişdi. 

İ.Məmmədov bildirmişdi ki, nazirliyin işçilərinə “paket” şəklində aylıq pullar verilməsindən məlumatlı idi. Belə ki, Vidadi Zeynalov tərəfindən onun özünə əvvəllər “paket” şəklində ayda 15 min manat, daha sonra qısa müddət ərzində 20 min manat, son bir ildə isə 30 min manat pul verilib. Lakin nazir müavini “həmin pulların konkret olaraq hansı mənbələrdən daxil olmasından məlumatı olmadığını” demişdi.

Mənbə Demokrat.az