Millət vəkili autizmli uşaqların məsələsini gündəmə gətirdi

Millət vəkili autizmli uşaqların məsələsini gündəmə gətirdi
19:30 13-03-2019 | icon 121

Azərbaycanda altı minə yaxın uşaq autizmdən əziyyət çəkir.

milletinsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin martın 13-də keçirilən iclasında deputat Sona Əliyeva bildirib.

Millət vəkilinin dediyinə görə, “Xüsusi təhsil haqqında” qanunda autizmdən bəhs olunmur.

O qeyd edib ki, autizmdə dörd ağırlıq dərəcəsi var.

“Bu uşaqlar necə təhsil almalıdır, xüsusi, yoxsa inklüziv təhsillə təmin olunmalıdır? Artıq autizmdən əziyyət çəkən uşaqlarla bağlı işi Təhsil Nazirliyi, yaxud Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi aparmalıdır”, - deyən millət vəkilinin sözlərinə görə, Azərbaycanda bu uşaqlarla bağlı reabilitasiya mərkəzi yoxdur. 

S.Əliyeva bildirib ki, bununla bağlı dövlət orqanlarının düşünməsinə ehtiyac var:

“Dünyada aparılan statistika göstərir ki, gələcəkdə hər 10 uşaqdan üçü autizmdən əziyyət çəkəcək. Hazırda ABŞ-da hər 150 uşaqdan biri, Böyük Britaniyada hər 100 uşaqdan biri autizmdən əziyyət çəkir”.

Adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli isə cavabında deyib ki, bu altı min uşağın hamısı təhsildən kənarda qalmır.

Komitə sədri qeyd edib ki, təhsildən kənarda qalanlar onların onda biri qədərdir. 

“İnklüziv təhsilin bütün formalarına dövlət tərəfindən təminat verilir. İkincisi, bu gün komitədə müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanunda evdə təhsillə bağlı müddəalar var. Burada problem qanunda yox, işin təşkili ilə bağlı müəyyən maneələrdədir.

Azərbaycanda inklüziv və evdə təhsil yolu ilə bu uşaqların təhsil problemini həll etmək olar. Bunu, sadəcə, məsuliyyətlə həyata keçirmək lazımdır”, - deyə komitə sədri əlavə edib.