Astarada evi dağılan 8 nəfərlik ailə 4 ildir çadırda yaşayır

Astarada evi dağılan 8 nəfərlik ailə 4 ildir çadırda yaşayır
18:06 13-03-2019 | icon 281

Astara rayon Kijəbə qəsəbəsinin Ovala kəndinin sakini, 6 uşaq anası Baxşiyeva Gülbəyim Mirzəhəsən qızının “Hürriyyət”ə ünvanladığı məktubu ürək ağrısı ilə oxuduq.

Gülbəyim Baxşıyeva məktubunda bildirir ki, 2015-ci ildə cənub bölgəsinə yağan güclü leysan yağışları nəticəsində yaşadıqları 4 otaqlı həyət evinin divarlarında dərin çatlar əmələ gəlib, müəyyən vaxtdan sonra isə sözügedən ev ümumiyyətlə yaşayış üçün yararsız hala düşüb.

Yaranmış vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edən ailəyə müvəqqəti olaraq 8 nəfərlik ailənin yaşaması üçün nəzərdə tutulan çadır verilib və vəd edilib ki, ən tez zamanda yaşadıqları evin bərpasına başlanacaq, evi əvvəlki vəziyyətə gətirmək mümükün olmadığı təqdirdə isə ailə üçün yeni ev inşa ediləcək.

Amma günlər, aylar keçsə də, ailə çadırdan köçürülməyib, 2018-ci ilin 23 dekabrında isə güclü küləyə tab gətirməyərək uçan çadır sadəcə yenisi ilə əvəz olunub.

Gülbəyim Baxşıyevanın sözlərinə görə, artıq 4 ildir ki, həyat yoldaşı Qiyas Baxşıyev və 4 oğlu ilə birgə qəzalı evlərinin həyətində qurulan çadırda yaşayır, oğullarından biri evlidir, iki övladı var, övladlarından biri əqli inkişafdan geri qalır. Bir müddət xəstəliyinə görə müavinət alsa da, hansısa səbəbdən müavinəti kəsilib, çox çalışsalar da, bərpa edə bilməyiblər.


Yayda istidən, qışda soyuqdan əziyyət çəkirlər....

Çoxuşaqlı ananın ünvanladığı məktubundan bəlli olur ki, o və həyat yoldaşı o qədər də yaşlı olmasalar da, hər ikisi əlillyə görə pensiya alır, ailədə heç kəs işləmir, bütün ailə üzvləri gözünü onların pensiyasına dikib. Bir sözlə, ailənin maddi durumu çox ağırdır.

Çadırda yaşayış üçün demək olar ki, heç bir şərait yoxdur. Yayda istidən, qışda soyuqdan əziyyət çəkirlər, nəmişlik bütün ailə üzvlərinin əhədini kəsib. İşıq olsa da, qaz yoxdur, meşədən odun yığıb birtəhər keçinirlər. Çadırdan kənarda, salafandan özlərinə hamam və ayaqyolu düzəldiblər. Yay-qış hətyətdə çimməli oluruqlarından tez-tez xəstələnirlər.

Aidiyyatı qurumlara yüzlərlə məktub yazıblar, amma onları eşidən, haraylarına yetən olmayıb


Şikayətçi onu da bildirir ki, qonşu kəndlərdə onlarla eyni vaxtda çadırlara köçürülən ailələrin hamısının evləri bərpa olunub Bircə onların evi bu günədək qəzalı vəziyyətdə qalır.

2015-ci ildən döymədikləri qapı qaqlmayıb, aidiyyatı qurumlara yüzlərlə məktub yazıblar, amma onları eşidən, haraylarına yetən olmayıb.

Şikayətçi yolladığı məktubda onu da vurğulayır ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərova, Nazirlər Kabinetinə, Prezident Administrasiyasına dəfələrlə müraciət edilsə də, bir nəticə olmayıb.

Gülbəyim Baxşıyeva Astaranın millət vəkili Rəşad Mahmudovdan da kömək istədiklərini, dəfələrlə onunla görüşdüklərini, amma deputatın sözügedən problemin həllinin onun səlahiyyətlərində olmadığını, sadəcə aidiyyati qurumlardan ailəyə yardımçı olmağı xahiş edəcəyini söyləməklə kifayətləndiyini bildirir.

Ovala kənd sakini Gülbəyim Baxşıyeva kömək üçün müraciət etdikləri dövlət qurumlarının cavab məktublarını da redaksiyamıza yollayıb. Sizi həmin məktubların məzmunu ilə tanış etmək istəyirik.


“...məsələ ilə bağlı araşdırma aparılması və müvafiq tədbir görülməsi səlahiyyətlərimiz xaricindədir”

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən ailəyə bildirilib ki:

“Yaşayış evinizin 2012-ci ildə baş vermiş yeraltı təkanlar nəticəsində qəzalı vəziyyətə düşməsi və bununla bağlı evinizə baxış keçirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xətt xidmətinə daxil olmuş telefon məlumatınıza Nazirliyin Cənub Regional Mərkəzində baxılmışdır. Bildiririk ki, Astara rayonu ərazisində 2012-ci il tarixində baş vermiş yeraltı təkanların fəlakət törədə biləcək həddə olması barədə aidiyyati dövlət qurumları tərəfindən FHN-nin Cənub Regional Mərkəzinə heç bir məlumat daxil olmamışdır. Bu səbəbdən məsələ ilə bağlı araşdırma aparılması və müvafiq tədbir görülməsi səlahiyyətlərimiz xaricindədir. Xahiş edirik, nəzərə alasınız”.


“...sizə köməklik göstərmək imkan xaricindədir”

Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyətindən Qiyas Baxşıyevin müraciətinə göndərilən cavabda isə deyilir:

“Sizin rayon icra hakimiyyətinə ünvanladığınız ərizə B-18-074 nömrəsi ilə qeydiyyata alınmışdır. Ərizənizdə fərdi yaşayış evinizin təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdüyünü bildirmiş, bununla əlaqədar kömək göstərilməsini xahiş etmişsiniz.

Məlumat üçün bildiririk ki, fərdi yaşayış evinizdə yaranmış ciddi qüsurlarla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Cənub Regional mərkəzinin nümayəndələri tərəfindən sığınacaq məqsədi ilə çadır qurulmuş və hal-hazırda həmin çadırda yaşayış arayışa əsasən yağan leysan yağışlar nəticəsində evinizdə çatlar artmışdır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin verdiyi rəyə əsasən fərdi yaşayış evinizin qeyri-bərabər çökməsi nəticəsində divarlarda şaquli və maili keçici çatlar müşahidə olunmuşdur. Yaşayış evinizin ümumi dayanaqlığı qeyri-qənaətbəxşdir. Divar konstruksiyasında keçici çatların yaranması evinizin qəzalı olmasına uyğundur, lakin təbii fəlakətlə əlaqəsinin olmaması aktda qeyd olunmuşdur.

Vətəndaşların fərdi yaşayış evinin tikintisi üçün rayon icra hakimiyyətinə vəsait ayrılmadığından sizə köməklik göstərmək imkan xaricindədir”.


“Holosen yaşlı çöküntüləri islanaraq dayanıqlığını itirmiş və çökmə-oturma prosesi baş vermişdir... fərdi yaşayış evi həmin prosesin aktiv inkişaf etdiyi sahədə yerləşir ”

Real vəziyyəti əks etdirən yeganə rəy isə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilib. Nazirliyin təqdim etdiyi arayışda deyilir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinə Baxşıyev Təbriz Qiyas oğlu tərəfindən daxil olmuş QX/ 09 saylı, 08.01.2016, QX/ 16 saylı, 13.01, 2016, QX/ və QX/ 49 saylı 09.02.2016-cı il tarixli məlumatla əlaqədar olaraq 21. 02. 2016-cı il tarixində Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının mütəxəssisləri Sadiq Natiq oğlu Əmiraslanovvə Temuraz Malik oğlu Ələkbərov tərəfindən Astara RİH-nin Kijəbə kənd İƏD üzrə nümayəndəsi Rəfayil İbrahim oğlu Babayevin iştirakı ilə Ovala kəndi ərazisində vizual mühəndis- geoloji araşdırmalar aparılmışvə aşağıdakılar müəyyən edilmişdir:

Kijəbə İƏD-nə daxil olan Ovala kəndi rayon mərkəzindən 27 km. şimal-qərb istiqamətində, mütləq yüksəkliyi 350-400 metr, mailliyi 25-35 dərəcə olan dağətəyi yamacda ekzogen geoloji proseslrin “orta” inkişaf etdiyi (0.1-0.25) ərazidə yerləşir.

Tektonik cəhətdən Astara sinklinoriumunda yerləşən ərazinin geoloji quruluşunda Paleogen yaşlı Qovundağ lay dəstəsinin süxurları yayılmışdır. Bu süxurlar Holosen yaşlı elüvial-delüvial (edQ4Yhz) çöküntüləri ilə örtülmüşdür.

Paleogen yaşlı Qovundağ lay dəstəsinin süxurları yarğanlarda və dərələrdə açılmışdır. Litoloji tərkibinə mənşəli çöküntülər kənd ərazisi boyunca litoloji tərkibcə az miqdarda ( 10-15 %) çaqıl-çınqıl qarışıqlı sarımtıl-boz və qonurumtul-boz gillicə və qumlucalardan ibarət olub, qalınlığı 4,0-4,5 m-dir.

2015-ci ilin okyabr-noyabr aylarında cənub bölgəsinə düşən güclü leysan yağışlarının təsiri nəticəsində 25-30 dərəcə maili yamacda, 38 dərəcə 33”33” 48 dərəcə 42”49” koordinatlarında.

Holosen yaşlı çöküntüləri islanaraq dayanıqlığını itirmiş və çökmə-oturma (çokmə qıflarının dərinliyi 5-6 sm. , əhatə etdiyi sahə 7 vur 5 metr) prosesi baş vermişdir.

Baxşıyev Təbriz Qiyas oğlunas məxsus fərdi yaşayış evi həmin prosesin aktiv inkişaf etdiyi sahədə yerləşir”.

Şikayətçinin sözlərinə görə, Ekologiya Nazirliyindən rəy gələndən sonra da heç kəs gəlib evin vəziyyəti ilə maraqlanmayıb. Problemin həlli yolunda heç bir əməli addım atılmayıb.

Çarəsiz duruma düşən çoxuşaqlı ana öz məktubunda “Hürriyət” vasitəsilə öikə prezidentinə və aidiyyatı qurumlara müraciət edərək onlardan ailəsini çadırda yaşamaq zülmündən xilas etmələrini xahiş edir.

Mənbə Hurriyyet.org

P. S. Gülbəyim Baxşıyeva bizə zəng vurub sevinclə dedi ki, “elə indilərdə icra başçısı Qəzənfər Ağayevin tapşırığı ilə Astara rayonu İcra Hakimiyyəti başçısı yanında Fövqəladə hallar üzrə komissiyadan nümayəndələr gəlib evə baxış keçirdilər və bizə bildirdilər ki, Fövqəladə Hallar Nazirliyinə evimizin vəziyyəti ilə bağlı məlumat yollayacağıq ki, müvafiq tədbirlər görülsün”.

Gülbəyim Baxşıyevin ümid, sevinc dolu səsi bizi də ruhlandırdı. Çox ümid edirik ki, ən tez zamanda sözügedən problem öz həllini tapacaq və cəfakeş ailə şəraitsiz çadırda yaşamaq zülmündən xilas olunacaq.

Amma biz də vəziyyəti diqqətdə saxlayacağıq. Hadisələrin gedişatı haqda sizə məlumat verəcəyik, gərək olsa, aidfiyyati qurumların adıçəkilən məsələyə münasibətini də öyrənməyə çalışacağıq.