Rafael Hüseynov: Müstəqillik illərində doğulanlar soyadını dəyişməyə məcburdur

Rafael Hüseynov: Müstəqillik illərində doğulanlar soyadını dəyişməyə məcburdur
15:20 25-02-2019 | icon 148

milletinsesi.info-ın müxbirinin suallarını akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov cavablandırır:

- Artıq illərdir ki, adlar və soyadlarla bağlı qanun layihəsi ətrafında geniş müzakirələr gedir, amma onun reallığa çevrilməsi sonda heç cür mümkünləşmir. Bu baxımdan, bilmək istərdik ki, həmin məsələ gündəmdən birdəfəlik çıxarılıb, yoxsa?

- “Adlar və soyadlar haqqında” qanun layihəsini biz hətta keçən çağırış Milli Məclisin gedişində hazırlamışdıq və onun həyatda, reallıqda olmasına ciddi zərurət var idi. Çünki adlar, soyadlar bizim gerçəkliyimizin elə bir hissəsidir ki, hər gün onunla üzbəüzük. 

Eyni zamanda, burada yalnız müəyyən əsasnamələrlə tənzimlənən qaydalar bütün ehtiyac olan məsələləri əhatə etmir. Konkret olaraq, həmin qanun layihəsində bir çox dəqiqləşdirmələr vardı ki, məhz onların olmasına bizim yazımızda da, sənədləşməmizdə də və ifamızda - dilimizə gətirməmizdə də ciddi ehtiyac var.

Məsələn, çox zaman Azərbaycanda ən müxtəlif sənədləşmələrdə, yazılarda, mətbuatda, sadəcə, bir insanın adının, ya valideyninin, atasının adının baş hərfi yazılır, soyadı isə bütöv göstərilir. Biz belə hesab edirik ki, bu, doğru deyil.

Ona görə həmin qanun layihəsindəki maddələrdən birində göstərilmişdi ki, adlar bütün hallarda, bütün sənədlərdə, yazılarda bütöv halda göstərilməlidir. Siz Türkiyədə görməzsiniz ki, bir insanın atasının adının, ya öz adının baş hərfini yazsınlar, nöqtə qoysunlar, sonra soyadını, ya təxəllüsünü bütöv yazsınlar.

Ona görə T yazıb nöqtə qoyub, məsələn, Əliyev yazırsan, bu T-nin arxasında onlarla müxtəlif Azərbaycan adı ola bilər. Təbii, ola bilsin ki, indiki gerçəkliyin içərisində müasir insan hər şeyi bilir. Amma üstündən 10 il, 15 il, 20 il keçəcək, nəsillər dəyişəcək, hətta mətbuatı tədqiq edən insan keçmişi oxuyanda bu şeyləri bilməyəcək.

Odur ki, qanun layihəsində adlar və soyadlar şəbəkəsini əhatə edən çox incə maddələr mövcuddur və inanıram ki, hər bir məsələnin reallaşmasının geci-tezi var, həmin qanun layihəsinə mütləq qayıdılacaq. Ola bilsin, bir az da təkmilləşəcək, əlavələr ediləcək. Amma hər halda onun olmasına ehtiyac var.

- Qanun layihəsi müzakirələrə çıxarılıb, qəbul olunacağı təqdirdə, soyadların, soyad sonluqlarının milliləşdirilməsi konkret necə olacaq: könüllülük, yoxsa məcburilik qaydasında? 

- Biz orada bir tarixi sərhəd götürmüşdük. 1991-ci il oktyabr ayının 18-dən, müstəqilliyimizdən əvvəl doğulmuşların bu qanun layihəsindəki şərtlərə əməl etməsi könüllülük prinsipi əsasındadır. Müstəqillikdən əvvəl anadan olmuşlar “ov”unu da, “yev”ini də saxlaya bilər.

Bəzilərində hətta “ski” sonluğu var, o nəslən gəlir. Məsələn, Şuşinski, Şəkinski, Şıxlınski və sair, bunlar bir təxəllüs olaraq zamanında götürülüb, istifadə edilib, familiyaya çevrilib. Yəni biz nəzərdə tutmuşduq ki, müstəqillikdən əvvəl anadan olmuşlar könüllülük əsasında, istəsə, o “ov”unu da, “yev”ini də, digər sonluqlarını da saxlaya bilər.

Amma müstəqillikdən sonra anadan olan nəsillər üçün bu qanunun şərtlərinin qəbul edilməsini zəruri, məcburi sayırdıq. Orada hansı şərtləri qəbul eləmişdik? Kifayət qədər optimal variantlar götürülmüşdü, yəni sırf Azərbaycan variantları.

Ya soyad sonluğu verilmir, məsələn, Məmməd Həsənlidirsə, olur Məmməd Həsən, Cəfər  Ələkbərovdursa, olur Cəfər Ələkbər, sonluqsuz. Yaxud sonluqlu - “lı”, “li”, “lu”, “lü” sonluğu verilir və əslində, sırf Azərbaycan sonluğu da budur. Və ya “oğlu”, bu da Azərbaycan sonluğudur.

Çünki “Kitabi-Dədə Qorqud” dastanına baxsaq, görərik orada deyilir Bamğanoğlu xan Bayandır. Bu sonluq da sırf Azərbaycan sonluğudur və artıq mənbələrimizdə, tariximizdə yeri var. Beləliklə, bu üç formanı qeyd etmişdik və bu gün də onların üzərində qalırıq...

- Bəs “zadə”?

- Əslində, “zadə” mənşəyi etibarilə “zayidən” - “doğmaq” feilindəndir. O, fars mənşəli soyad düzəldici şəkilçidir. Amma məlumat üçün deyirəm ki, İranda olan “zadə” soyadlı insanların hamısı türk mənşəlidir, azərbaycanlılardır.

“Zadə” sonluğu Tacikistanda da var, onlar tacikdirlər, İran, fars mənşəlidirlər və bu sonluqdan istifadə edirlər. İran ərazisində yaşayan “zadə”lər əsasən azərbaycanlılardırlar. Amma biz “zadə”ni də əcnəbi soyad sonluğu olaraq kənara qoymuşduq. Sırf Azərbaycan sonluqlarını saxlamışdıq - “lı”, “li”, “lu”, “lü”, yaxud da “oğlu”. 

- Azərbaycanda milli azlıqlar, entik qruplar da var. Onlarla bağlı məsələ necə tənzimlənəcək?

- Azsaylı xalqlar, başqa xalqların nümayəndələri ilə bağlı göstərilib, bu qanunun şərtlərinə əməl etməsi könüllülük prinsipləri əsasındadır.

Onlar istəsələr, Azərbaycan sonluqlarından, Azərbaycan ad və soyadlarından istifadə edə bilər. Bu, təbii bir şeydir. Amma müstəqil olaraq özlərinin ənənəvi soyadlarını da saxlaya və ya könüllülük prinsipi etibarilə də buna qoşula bilərlər.

Tutaq ki, ləzgidir, bunların elə adlarının əksəriyyəti Azərbaycan adlarıdır, soyadlarının əksəriyyəti Azərbaycan soyadlarıdır. Amma milli azlıqdır və əgər bunun üçün bu qanunun şərtləri məqbuldursa, könüllülük prinsipi əsasında onun şərtlərinə tabe ola bilər.

Mən başqa bir cəhəti də düşünürəm ki, qanun qəbul edilərsə, tətbiq edilib həyata keçirilərsə, daha kimisə buna vadar etməyə ehtiyac olmayacaq.

Bir axın yaranandan sonra hər kəs könüllü şəkildə “ov” olan da, “yev” olan da asta-asta buna keçəcək. Köhnə nəsildən olanlar, bəlkə, bir müddət qalsın, amma onların övladları, nəvə-nəticələri hamısı milli soyad sonluqlarına keçməlidir və bu, mütləqdir.

Əksər xalqların özlərinin milli soyad sonluqları var və ondan istifadə edirlər, rahat da yaşayırlar. Soyadına baxan kimi, adına baxan kimi millətin kimliyi bilinməlidir. Bu, millətin kimliyini göstərən ilk əlamətdir. Biz niyə bu əlamətdən imtina etməliyik?

- Bu sessiyada ən azı komitəniz səviyyəsində bu qanun layihəsinin müzakirəsi və plenar iclasa tövsiyəsi mümkün olacaqmı? 

- Biz hələlik komitədə başqa qanun layihələri üzərində işləyirik. “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi artıq bitib, müzakirələrə tam hazırdır. “Yazılı abidələr haqqında” qanun layihəsi üzərində işləyirik.

Muğam sənəti ilə bağlı sənəd əgər plenar iclaslara çıxarılarsa, qəbul edilərsə, sonra biz onunla paralel olaraq “Aşıq sənəti haqqında” qanun layihəsini işləməyə başlayacağıq. Növbədə bunlardır. Amma hər halda düşüncəmizdə, növbədə “Adlar və soyadlar haqqında” qanun layihəsi həmişə var və geci-tezi müzakirələrə çıxarılacaq.