Sahil Babayev: Maaşlarla bərabər, işçinin pensiya kapitalı da artacaq

Sahil Babayev: Maaşlarla bərabər, işçinin pensiya kapitalı da artacaq
17:14 09-02-2019 | icon 96

Yeni sərəncam 180 manatdan çox maaş alanların da əmək haqqına müsbət təsir göstərəcək.

milletinsesi.info xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, hazırda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda 450 mindən çox işçini əhatə edən 19 pilləli VTC (vahid tarif cədvəli) üzrə əməyin ödənişi sistemi mövcuddur. 

“Əgər bu 19 pillədən ilk pillədə əməkhaqqı 180 manata qalxırsa, digər pillələr üzrə bundan yuxarı olan əmək haqlarında da müəyyən faizlərdə də artım baş verir. Nəticədə, həmin 450 min şəxsin əməkhaqlarında orta olaraq 30 faiz artım olacaq”, - deyə S. Babayev bildirib.

Onun sözlərinə görə, özəl sektorda işləyənlərin də minimum əməkhaqqı 180 manat müəyyən olunduğuna görə həmin sektor üzrə əməkhaqları üzrə zəncirvari müsbət effekt özünü göstərəcək. 

“Bu səbəbdən həmin sektor üzrə maaş artımının əhatə edəcəyi şəxslərin sayı üzrə ilkin rəqəm kimi 150 min olsa da, bu göstəricinin daha yüksək olacağı gözlənilir. Ümumilikdə, dövlət və özəl sektor üzrə maaş artımının 600 mindən daha artıq işçini əhatə edəcəyini düşünmək olar”, - deyə nazir Babayev qeyd edib.

Nazir minimum əməkhaqqı artımının işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin, gələcək sosial təminatlarına müsbət təsir edəcəyini vurğulayıb.

“Artan əmək haqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək sosial təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır”.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sahibkarlara xəbərdarlıq edib.

Nazir bildirilib ki, özəl sektorda da minimum əməkhaqqı 180 manatdan az müəyyən oluna bilməz.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, hazırda özəl sektorda 150 minədək işçi 180 manatdan az əməkhaqqı alanlardır.

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamına əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda əsas iş yeri və tam iş günü üzrə işləyənlərin də əməkhaqqının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz. Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər.

Nazirlik qeyd olunan elektron sistemi vasitəsilə buna ciddi nəzarət edəcək. Minimum əməkhaqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək”.