Üfunətli zirzəmidə cəhənnəm həyatı yaşayan Ağdam köçkünü: “”Qaçqınkom”dan dedilər ki, sənə Ağdamda ev verəcəyik, Bakıda yox”

Üfunətli zirzəmidə cəhənnəm həyatı yaşayan Ağdam köçkünü: “”Qaçqınkom”dan dedilər ki, sənə Ağdamda ev verəcəyik, Bakıda yox”
15:13 08-02-2019 | icon 152

Bakının Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən 5 saylı Texniki Universitetin Yataqxanası, məcburi köçkünlərin məskunlaşdığı bina.

Bina beş mərtəbədən ibarətdir. Yataqxana inşa olunduqdan bu günə kimi nəinki əsaslı, heç kiçik təmir işləri belə aparılmayıb. Binaya gedən yol təmirsiz, kələ-kötür, çala-çuxurdur. Ətraf bərbad vəziyyətdə, üfunət iyi verir, dördyanını isə zibillik basıb. Daha doğrusu, bina kənardan xarabalığı xatırladır.

Ağdam rayonundan məcburi köçkün düşmüş və 24 ildir ki, yataqxanada məskunlaşan Zeynəb Vəlibəyova RealMedia.az-ın əməkdaşına yaşadığı vəziyyətdən şikayətlənib:

– 1995-ci ildən, Ağdam rayonundan məcburi köçkün düşəndən sonra burada məskunlaşmışam. Ağdamda məktəb də rus dili müəlliməsi işləmişəm. Əvvəllər heç olmasa dondurulmuş maaşımızı ala bilirdik. Onu da dayandırıblar. Səbəbi də bəlli deyil. Gördüyünüz kimi, artıq 24 ildir ki, burda yaşayıram. Yaşadığım vəziyyət də göz qabağındadır, zirzəmi də, nəmişgən divarlar arasında ömrümüzü çürüdürük (əli ilə göstərir- red.)

Mənzərə həqiqətən dəhşətlidir… Yataqxananın elektrik naqilləri, su və qaz xəttləri çox bərbad haldadır. Həmçinin kanalizasiya sistemi də bərbad durumdadır. Suvağının rəngi bilinməyən çatlamış divarlar, pilləkənlərdə hərəkət etmək çox qorxuludur.

– Zeynəb xanım, 24 il ərzində “Qaçqınkom”un nümayəndələrindən sizinlə maraqlanan olub?

– Əli Həsənov Komitənin sədri olana qədər oranın bir əməkdaşı belə buralara yaxınlaşmayıb. Heç elə bil ki, burda insan deyilən varlıqlar yaşamır. Bir sözlə desək, gözdən uzaq, könüldən də iraq düşmüşük. Ancaq keçən il “Qaçqınkom”a Rövşən Rzayev təyin olunduqdan sonra aprel ayında bir dəfə gəldi, hətta bizim evdə də oldu. Evin şəraitini, nə vəziyyətdə yaşadığımı göstərdim. O da söz vermişdi ki, bir-iki ay ərzində məni evlə təmin edəcək. Ancaq bir ilə yaxındır ki, heç bir xəbər yoxdur.

– Bəs, özünüz müraciət etmisiniz?

– Bəli, etmişəm. İki dəfə rəsmi məktub göndərmişəm, hətta sənədlərimi də toplayıb vermişəm. Amma orta da hələ ki, heç nə yoxdur. Dəfələrlə özüm də getmişəm qəbula. Qurumun əməkdaşı Natiq adlı şəxs hər dəfəsində vəd verərək yola salıb. Axrıncı dəfə gedəndə isə, mənə dedi ki, Ağdam alınsın, sənə orada ev tikdirəcəm. Belə çıxır ki, Ağdam işğaldan azad olunana qədər bizə ev verilməyəcək? İnanırsınız, Bakı şəhərində yataqxanaların zirzəmisində məskunlaşan bütün məcburi köçkünlər evlə təmin olunub, bircə bizdən başqa. (doluxsunur- red.)

Mənzil həqiqətən də yararsız haldadır. Divarlar nəmişgən, uçub dağılıb.

Gəncliyini bu rütubətli divarlar arasında keçirmiş qadın burda xəstəlik tapdığını da deyir:

– Özüm ikinci qrup əliləm. Evin rütubətindən mən nəvəmlə xəstə düşmüşük. Evin içində siçanlar biznən gizlənpaç oynayır. İnanın ki, elə bir ay olmasın ki, yay-qış biz iynə dərman almayaq. Nəvələrim tez-tez xəstələnir, hamısı da bu rütubətdəndir. Həkim də deyir ki, uşaqları o rütubətdə saxlamayın. Nə edək?! Kasıb adamam, elə imkanımda yoxdur ki, kirayə ev tutam. Himayəmdə iki azyaşlı uşaq var, oğlum fəhlə işləyir, gəlinimsə evdar xanımdır. Gəlir yerimiz yoxdur, məndə təqaüd alıram.

Zeynəb xanım danışdıqca səsi titrəyir, göz yaşlarını saxlaya bilmir…

– Heydər Əliyev, biz məcburi köçkünlərə çox böyük dəstək olub. Onun irsi davamçısı olan Hörmətli Prezidentimiz, Cənab İlham Əliyev də bu günə kimi bizlərə xüsusi qayğı və diqqət göstərir. Sizin vasitənizlə Cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya səslənirəm, xahiş edirəm Rövşən Rzayevə tapşırıq verəsiniz, məni evlə təmin etsin. Başsız qadınam, köməyinizə ehtiyacım var. Heç olmasa himayəmdə olan iki azyaşlı körpəni sağlam böyüdüm, imkansız kasıb ailəyik.

Zeynəb xanımın gözündən “Canımız nə vaxt bu üfunətdən, rütubətli zirzəmidən qurtulacaq?”oxunurdu. Söhbətimiz xeyli çəksə də, sağollaşıb, yataqxananı tərk etdim…

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. “Qaçqınkom”un mövqeyini dərc etməyə hazırıq.

Mənbə RealMedia.az