Gənc balet artisti: Ən böyük arzum Əməkdar artist olmaqdır - MÜSAHİBƏ

Gənc balet artisti: Ən böyük arzum Əməkdar artist olmaqdır - MÜSAHİBƏ
12:25 08-02-2019 | icon 65

milletinsesi.info Bakı Xoreoqrafiya Akademiyasının (BXA) yetirməsi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc balet artisti 21 yaşlı İslam Məmmədovla müsahibəni təqdim edir:

- Özünüzü oxucularımıza təqdim edin.

- Məmmədov İslam Emin oğlu, 1998-ci ildə Bakıda anadan olmuşam. Beş yaşımdan rəqslə məşğul oluram. 21 yaşım var. Rəqsə marağım necə yarandı, heç özüm də bilmirəm, amma anam deyir ki, çox enerjili uşaq olmuşam. Hiperaktiv uşaq olduğum üçün anam məni rəqsə istiqamətləndirib.

Düzü, məktəb illərində əlaçı olmadığım üçün anam hər hansı bir sənəti öyrənməyimi istəyirdi. Nənəm incəsənətə maraqlı olub. Özü skripka və fortepiano üzrə təhsil alıb. Fikrimcə, bu maraq mənə ondan keçib.

- Daha çox hansı rəqslərlə məşğul olmusunuz?

- Doqquz il Latın Amerikası rəqsləri ilə məşğul olmuşam. Biri var bal rəqsləri, biri də var sosial rəqslər. Mən bal rəqsləri ilə maraqlanırdım. Bu rəqsi dərk edib sevməlisən ki, onu təqdim edə biləsən. 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasına, klassik rəqslər fakültəsinə (o vaxt peşə müəssisəsi kimi gedirdi) daxil olmuşam. Bal rəqsləri ilə başlasam da, daha sonra klassik rəqslərlə davam etdim.

- Nə vaxtdan Opera və Balet teatrında çalışırsınız?

- 2013-2015-ci illərdə Musiqili Dram Teatrında çalışmışam. Orada çox gözəl müəllimlər və tanınmış incəsənət xadimləri ilə eyni səhnəni bölüşmüşəm. 2016-cı ildə təhsilimi bitirmişəm. Hesabat konsertimizi Opera və Balet Teatrının səhnəsində vermişik. Bu səhnə ilə tanışlığım da belə başladı. 2016-cı ildən etibarən - artıq dördüncü sezondur ki, Opera və Balet Teatrında çalışıram.

- Tanınmış incəsənət xadimlərinin təqdirini almısınızmı?  

- Bəli, müəllimlərimizlə yanaşı, eyni səhnəni bölüşdüyümüz sevimli incəsənət nümayəndələri olub. Onlardan kifayət qədər gözəl sözlər eşitmişik. Mən Afaq Bəşirqızı, İlham Namiq Kamalla eyni səhnəni bölüşmüşəm. Bu, mənim üçün kifayət qədər böyük uğurdur. Fəxr edirəm ki, belə gözəl insanlarla bir səhnədə olmuşam. Elmi rəhbərlərim Əməkdar artistlər Zakir Ağayev və Leyla Ağayevadır. 

- Hansı obrazlar, tamaşalar sənin yaddaşında öz izini qoyub?

- Əslində, oynadığım bütün tamaşalar və obrazlar mənim üçün çox önəmlidir. Bu, mənim daha da təkmilləşməyim üçün əvəzsiz şansdır. Fikrət Əmirovun “Min bir gecə”, Qara Qarayevin “Yeddi gözəl” baletində, Aleksandr Borodinin “Knyaz İqor” operasının ikinci hissəsində rəqsim olub, daha sonra Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” baletini oynamışıq.

Hazırda Pyotr Çaykovskinin “Romeo və Cülyetta” baleti üzərində çalışırıq. Ümid edirəm, ölkəmizdə opera və baletə maraq daha da artacaq.

- Bu gün opera və balet sahəsində fəaliyyət göstərən az sayda məşhurlar var. Şou-biznes sahəsində qısa zamanda məşhur ola bilərdiniz.

- Doğrudur. Amma düşünürəm ki, cəmiyyətdən asılıdır. Əgər gələcəkdə operaya maraq artarsa, inanın ki, şou-biznes geriləyəcək. Sadəcə, opera çox qəliz və dərindir. İnsan bütün duyğularını rəqs vasitəsilə tamaşaçıya çatdırır. Bunu hər tamaşaçı başa düşmür. Bəzən ilk dəfə tamaşaya gələn izləyicilər rəqsdən heç nə başa düşmədiklərini deyirlər. Düşünürəm ki, bunun səbəbinin 70 faizi rəqqasdan asılıdırsa, 30 faizi tamaşaçının payına düşür. Operaya gələndə kiçik bir məlumat toplamaq gözəl olardı. Bu rəqqaslar boş-boşuna səhnədə hoppanmırlar ki?! Bunun bir mənası var. Onu başa düşmək üçün səhnə haqqında qısa da olsa, məlumatlı olmaq lazımdır.

- Hansı yerli və beynəlxalq müsabiqələrdə iştirak etmisiniz?

- Sırf peşəkar balet kimi, Azərbaycanda iki il bundan əvvəl Qəmər Almaszadə adına keçirilən müsabiqədə iştirak etmişəm. Dünya ölkələrindən çoxsaylı rəqqasların iştirak etdiyi müsabiqədə ikinci yerə layiq görülmüşdüm. Klassik rəqslər üzrə hər iki ildən bir müsabiqə keçirilir. Hazırlaşıb birinci yerə layiq görülmək istəyirəm. Ona görə özümü hazır hiss edəndə beynəlxalq müsabiqələrə qatılacağam.

- Müəllimləriniz bu işdə sizə dəstək olurlarmı?

- İlk müəllimim Respublikanın Əməkdar artistləri Makar Ferştand və Pullumb Ağalliu olub. Bədii rəhbərimiz Kamilla Hüseynova, eləcə də, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov bizə mümkün olan bütün istiqamətlərdə dəstək göstərir.

- Hansı musiqi janrları sizi daha çox cəlb edir?

- Bu gün gənclərin əksəriyyəti hip-hop, rep kimi musiqilərə qulaq asır. Mən Azərbaycan folkloruna üstünlük verirəm. Dinlədiyim mahnıda mənim üçün önəmli olan sözlərdir.

- Rəqqas olmasaydınız, hansı peşəni seçərdiniz?

- Yəqin ki, futbolçu olardım. Hobbi olaraq rəsm çəkməyi, fortepianoda ifa etməyi sevirəm. Amma gündəlik həyat tərzimdə rəqs mənim həm işim, həm hobbim, həm də istirahətimdir.

- Özünüzü model kimi sınamağı düşünmüsünüzmü?

- Əslində, bir neçə dəfə təklif gəlib, istəməmişəm. Çalışdığım komandada 80 nəfərə yaxın rəqqas var. Onların çoxu belə təkliflər alır. Bir sahə üzrə peşəkar fəaliyyət göstərmək istəyirəm. Bu, əsas prinsipimdir.

- Tənqidə münasibətiniz necədir?

- (gülür) Təriflənməyi sevirəm. Amma haqlı iradı, tənqidi qəbul edirəm. Mənim ən çox güvəndiyim və sözlərinin təsiri altına düşdüyüm yeganə insan anamdır. Əgər anam desə ki, “İslam, səndə bu iş alınmayacaq”, mən o işi yarıda buraxaram. O, həmişə mənə dəstək olub.

- Bir tamaşa üçün hazırlaşmaq nə qədər vaxtınızı alır?

- Tamaşadan asılıdır. Əgər bir aktlı baletdirsə, rəqs azdırsa, bir həftə məşq edirik. Əgər yeni rəqqaslarla birlikdə işləyiriksə, müddət bir qədər uzanır. Bu günə qədər mənim üçün ən çətin tamaşa “Min Bir Gecə” baleti olub. Onun üzərində bir aya yaxın çalışmışam. “Knyaz İqor” operasının ikinci fraqmenti təxminən 29 dəqiqə çəkir. 29 dəqiqəni səhnədə olmuşam. İfa etdiyim ən uzun rəqs olub.

- Balet artisti neçə yaşında təqaüdə çıxır?

- Gücü nə zaman bitirsə, o zaman.

- Solo ifa etdiyin rəqslər hansılardır?

- Avstriya bəstəkarı Frans Şubertin “Dahi Nağılbaz”, Astor Pyatsollanın birpərdəli “Məhəbbət tanqosu” baleti, Əfrasiyab Bədəlbəylinin Azərbaycanın ilk milli baleti olan “Qız qalası” baletini və Çaykovskinin bəstələdiyi “Şelkunçik” baletini solo ifa etmişəm. Bu sahədə mənim əsas kumirim isə ABŞ-ın tanınmış baletmeysteri, aktyor Mixayıl Nikolayeviç Barışnikovdur.

- Gələcək planlarınızdan danışın.

- Zəhmətimin bəhrəsini görmək istərdim. Çox arzu edirəm ki, bir gün Respublikanın Əməkdar artisti adına layiq görülüm. Ən əsası, Fransanın, Ukraynanın böyük opera səhnələrində çıxış edim. Düşünürəm ki, bunun üçün yaxın 10 il ərzində çox çalışmalıyam. Xarici ölkələrdə bu istiqamətdə dərslər almaq, təcrübə toplamaq istərdim. Özümə inanıram və bu sahədə gələcəkdə öz dəsti-xəttimi qoyacağıma şübhəm yoxdur.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov