Deputat Aqil Abbas: Nizamini farslaşdırır, Nəsimini allahsızlaşdırırlar

Deputat Aqil Abbas: Nizamini farslaşdırır, Nəsimini allahsızlaşdırırlar
13:16 07-02-2019 | icon 77

Böyük bir kampaniya gedir. Bu kampaniyanı, güman ki, xaricdən idarə edirlər. Bəziləri bilərəkdən bu kampaniyaya qulluq edir, bəziləri bilməyərəkdən, bəziləri də gündəmə gəlmək üçün küyə gedir və elə bilirlər ki, başqalarını aşağılamaqla özlərini təsdiq edirlər.

milletinsesi.info xəbər verir ki, bunu millət vəkili Aqil Abbas deyib.

O qeyd edib ki, bu, çox ciddi məsələdir və bunları susdurmaq o qədər asan deyil. 

Onun sözlərinə görə, bu kampaniyaya qoşulanlar bütün gücləri ilə sübut etmək istəyirlər ki, biz millət deyilik, nəsə bir toplumuq. 

“Milləti millət edən həm də onun yetişdirdiyi böyük şəxsiyyətlərdir. O şəxsiyyətlər ki bu millətin dilini, dinini, əqidəsini, adət-ənənəsini, qan yaddaşını ölməyə qoymayıb. Ona görə də həmin şəxslər hansısa qüvvələrin idarə etdiyi adamlar tərəfindən, xüsusilə cəmiyyətdə az-çox tanınan, dünyagörüşü olan, tarixi bilən bir zümrə tərəfindən nüfuzdan salınır.

Bizi sevməyən xalqlar da onlara istinad edib deyirlər ki, baxın, bu millətin tarixdə düzgün bir şəxsiyyəti, bir dahisi, bir sərkərdəsi olmayıb. Yəni bu necə xalq, ya millətdir ki, neçə min ildir bir şəxsiyyət yetişdirə bilməyib.

Babəkə min cür ləkə atırlar, Nizamini farslaşdırırlar, Nəsimini allahsızlaşdırırlar. Hələ bu günlərdə qəzəlinə bir diringi də qoşublar, televiziyalar da bu diringi qoşanı reklam edir və həmin diringini səsləndirir. Bu “Nəsimi ili”nə ilk “hədiyyə”mizdir.

Şah İsmayılı soldan da vururlar, sağdan da. O gün televiziya kanallarının birində (müsəlmanın o günü, 4-5 ay əvvəl) özünü ziyalı adlandıran bir siyasətçi Şah İsmayılı Osmanlı ilə müharibədə təqsirli çıxarır və bunun da səbəbini onun nənəsinin yunan olması ilə əlaqələndirir. Heç dəxli var? 

Əgər belə götürsək, Osmanlı sultanlarının heç birinin qanında heç on faiz türklük yoxdur. İkisindən başqa heç birinin xanımı türk deyil. Deməli, vəliəhdin türklük qanı əlli-əlliyə düşür. Vəliəhd də qeyri-millət alır, növbəti vəliəhdin, ya sultanın türk qanı iyirmi beşə düşür. Ondan sonrakıların qanını da, həmin ziyalının Şah İsmayılla bağlı hesabı ilə hesablasaq, onda türk sultanlarının qanında heç on faiz də türklük qalmır.

Yenə heç olmasa, Şah İsmayılın türklüyü yetmiş beş faiz olur. Belə bəsit düşüncələr…
Koroğluya min iftira atırlar, hətta Koroğlunu və onun dəlilərini aşağılayan bir uydurma dastan yazıb kitab halında babat tirajla çap da etdirdilər.

Qaçaq Nəbini quldur adlandırırlar, bu azmış kimi də Həcərə olmazın ləkələri atırlar.
Şərqdə ilk demokratik respublikanı qurmuş, canını bu xalqın yolunda qurban vermiş görkəmli şəxsiyyətlərə şər və böhtanlar atılır.

Haqq şairi Səməd Vurğun haqqında nələr yazmırlar?

Təbii ki, cavablarını alırlar, amma xaricdə oturan düşmənlərimiz o cavablara istinad eləmir, şər-böhtan atanlara istinad edir”, - deyə millət vəkili əlavə edib.