"Yeni Bakı" sakinlərindən "İDF" MMC-nin rəhbərinə müraciət ! - "Şəhərciyə gəlsin, problemlərimizi həll eləsin"

"Yeni Bakı" sakinlərindən "İDF" MMC-nin rəhbərinə müraciət ! - "Şəhərciyə gəlsin, problemlərimizi həll eləsin"
15:36 05-02-2019 | icon 251

İllərdir problemlərinin həllini gözləyən, mənzillərinə çıxarış ("kupça") ala bilməyən və bununla da qeydiyyata düşə bilməyən, "İlin Dörd Fəsli" MMC tərəfindən min bir bəhanələrlə aldadılan Abşeron rayon Masazır qəsəbəsi "Yeni Bakı" şəhərciyinin sakinləri bu dəfə adıçəkilən şirkətin rəhbəri Elnur Hüseynova müraciət ünvanlayıb.

 Demokrat.Az xəbər verir ki, narazı şəhərcik sakinləri "Yeni Bakı Yaşayış Kompleksi" "facebook" qrupu vasitəsilə yaydıqları müraciətdə problemlərinin tezliklə həll olunmasına ümidlidirlər. Onlar şirkət rəhbərini şəhərciyə dəvət edərək problemlərin ən qısa zamanda həll olunmasını tələb edirlər. 

Müraciətdə deyilir: 

 

"İlin Dörd Fəsli" MMC-nin sahibi Elnur Hüseynova,

 "Yeni Bakı" yaşayış kompleksinin sakinlərinin açıq müraciəti.

 

Hörmətli Elnur müəllim,


Biz - şirkətinizin Abşeron rayonunun Masazır kəndində inşa etdiyi "Yeni Bakı" yaşayış kompleksinin çoxsaylı sakinləri sizinlə görüşmək üçün dəfələrlə müraciət etmişik. Hətta bunun üçün baş ofisinizə belə gəlmişik. Ancaq siz bizi qəbul etməmisiniz. Halbuki bir mədəni biznesmen kimi sizə milyonlarla manat pul qazandıran biz sakinləri, yəni müştərilərinizi qəbul etmək sizin ən azı etik borcunuzdur. "Ən azı etik borcunuzdur" deyirik, çünki əslində siz həm də bu problemli yaşayış kompleksini bizə satmaqla bizi aldatdığınız üçün aldadılmış vətəndaşlar olaraq bizi dinləmək sizin Azərbaycan qanunları qarşısında öhdəliyinizdir. Bu görüş həm də yarımçıq qoyduğunuz həlli vacib məsələlərin aradan qaldırılması üçün sakinlərin sizə verdiyi yaxşı bir fürsətdir.


Elnur müəllim,

Siz bu ölkənin prezidenti, cənab İlham Əliyevdən niyə nümunə götürmürsünüz ?

Məgər dövlətimizin başçısının rayonlara səfərləri çərçivəsində sakinlərlə şəxsən görüşdüyünü, onların problemlərini şəxsən dinlədiyini və bu problemlərin həlli üçün yerindəcə göstərişlər verdiyini görmürsünüz ?Bəlkə eşitməmisiniz ki, Prezident İlham Əliyev hər dəfə yerli icra qurumlarının rəhbərləri ilə görüşlərində onlara vətəndaşları şəxsən qəbul etmələri barədə qəti tapşırıqlar verir?

Bu, sizin üçün bir nümunə deyilmi ki, Prezidentin göstərişi ilə artıq neçə ildir nazirlər mütəmadi şəkildə regionlara ezam olunurlar, vətəndaşları onların yaşadıqları rayonlarda şəxsən qəbul edirlər, onları dinləyirlər, problemlərini həll edirlər ?

Bütün media bunlardan reportajlar hazırlayarkən siz doğrudanmı nazir-vətəndaş görüşlərindən məlumatsızsınız ?

Əgər məlumatınız varsa, niyə 3200-dən çox mənzilin yerləşdiyi bir yaşayış kompleksinin sakinlərinin problemlərinə biganəsiniz ?

Niyə bu kompleksi istifadəyə verdiyiniz 9 il ərzində bir dəfə də olsun sakinlər ilə görüşməmisiniz ?

Elə bilirsiniz ki, Ehtiram Yusifov kimi nə özünə, nə də sakinlərə hörmət edən birini kompleksə komendant təyin etməklə işiniz bitir ?

Yoxsa hələ də mənzillərimizə çıxarış ala bilməməyimiz, təyin etdiyiniz komendant tərəfindən təhqir və təhdidlərə məruz qalmağımız, həmçinin mənzillərimizin su və elektrik təchizatının qanunsuz şəkildə dayandırılması, elektrik sayğaclarımızın kabellərinin doğranması, su sayğaclarımızın hələ də rəsmi qeydiyyatdan keçirilməməsi, kommunal xərclər adı altında sakinlərlə razılaşdırılmayan məbləğlər müəyyənləşdirərək reket üsulu ilə sakinlərdən pul tələb edilməsi sizin üçün problem deyil ?
Bu qədər qanunsuzluğa göz yummağı necə bacarırsınız ?


Elnur müəllim,

Biz sizə daha bir şans vermək istəyirik. Sizi 10.02.2019-cu il tarixində bazar günü, saat 11:00-da "Yeni Bakı" şəhərciyində sakinlərlə, açıq havada görüşə dəvət edirik. Gəlin, sakinləri dinləyin, səmimi olduğunuzu nümayiş etdirin.


05.02.2019