Elton Məmmədov: Hər bir valideynin istəyidir ki, övladı vəzifəyə gəlsin

Elton Məmmədov: Hər bir valideynin istəyidir ki, övladı vəzifəyə gəlsin
15:25 30-01-2019 | icon 158

Oxu.az-ın müxbirinin suallarını sabiq millət vəkili, professor Elton Məmmədov cavablandırır:

- Uşaqlıqdan həyatın hər üzünü görmüsünüz, çətinlik yaşamısınız. Nə vaxtsa məsul vəzifələrə yüksələcəyinizi, ən nəhayət, millət vəkili, 125-lərdən biri olacağınızı heç düşünür, təsəvvürünüzə gətirirdinizmi?

- Təbii ki, uşaqlıq illərim kənddə keçib, necə deyərlər, hamı kimi kənddə doğulmuşuq, boya-başa çatmışıq, orta məktəbə getmişik, onu bititmişik.

Orta məktəbi bitirəndən sonra valideynlərin dəstəyi, tövsiyəsi ilə yenidən təhsil almışıq, ixtisasa yiyələnmişik. İxtisasa yiyələnəndən sonra yenə oxumaq arzumuz olub. Ümumiyyətlə, cəmiyyət üçün müəyyən işlər görmək, hələ sovet dövründə dövlət quruculuğunda yaxından iştirak etmək, təbii ki, hər bir formalaşmış gəncin arzusu olub.

Mən də elə bu arzularla yaşayaraq, texnikuma, o vaxtkı Zaqafqaziya Komsomol Məktəbinə daxil olmuşam. Daha doğrusu, əlaçı olduğuma və nizam-intizamıma görə həmin komsomol məktəbinə göndərilmişəm, komsomol təşkilatçılığı ixtisasını fərqlənmə ilə bitirmişəm.

Və təbii ki, qarşılıqlı kadr dəyişikliyi, qarşılıqlı tələbələrin dəyişdirilməsi, digər müttəfiq respublikalarda Azərbaycan gənclərinin təhsil alması və beləliklə, azərbaycanlıların postsovet məkanında digər millətlərlə inteqrasiya etməsi ulu öndərimizin uzaqgörən siyasətinin tərkib hissəsi idi.

Yəni Azərbaycan kadrları postsovet, postsosialist məkanında, Avropa dövlətlərində nüfuzlu sahələrdə bir mövqe, bir vəzifə tuta bilsin. Həmin siyasətin mahiyyətində bu dayanırdı. Məhz o kadrlardan biri kimi mən də zamanında Rusiya Federasiyasının Tomsk şəhərinə təhsilimi davam etdirmək üçün təyinatla getmişəm, göndərilmişəm. Orada əmək fəaliyyətinə gənc mütəxəssis kimi başlamışam və Tomska gedən il, 1979-cu ildə ixtisasımı artırmaq üçün ali təhsil ocağına girmişəm.

Ondan sonra bir gənc kimi artıq partiya, komsomol, həmkarlar təşkilatlarına, ictimai vəzifələrə rəhbərlik etmişəm, daha sonra partiya təhsili almışam və bunlar da hamısı ümumilikdə bir kadr kimi formalaşmaq üçün mənim həyatımda böyük rol oynayıb. Nümunəvi, gənc bir rəhbər kimi fəaliyyətim, görünür, ovaxtkı hakimiyyətin, Tomsk vilayətinin rəhbərliyinin gözündən yayınmayıb və müəyyən tövsiyələr əsasında ilbəil vəzifələrimi dəyişə-dəyişə, yüksək vəzifə sahibi olmuşam.

Təbii ki, hər bir gəncin və hər bir əsgərin general olmaq arzusu olur və mən də bu baxımdan istisna təşkil etməmişəm. Sibirə gedərkən müstəqil həyat qurmaq, gələcəkdə yüksək təhsil almaq, təhsil əsasında yüksək vəzifələrdə işləmək ən ümdə arzularımdan biri olub. Valideynlərin xeyir-duası ilə Sibirə, Tomska məhz bunun üçün, məqsədyönlü şəkildə getmişdim. Azərbaycana dönüb gələnə kimi orada nüfuzum, hörmətim olub, bunları da pillə-pillə öz zəhmətimlə, biliyimlə qazanmışam və eyni zamanda, azərbaycanlı olmağın məsuliyyətini öz üzərimdə hiss etmişəm.

Necə deyərlər, dostlarım, həmyerlilərim, ünsiyyət, münasibət qurduğum insanlar, azərbaycanlılar arasında həmişə fərqlənmişəm.

Onlara demişəm ki, biz azərbaycanlıyıq, azərbaycanlı olaraq bizlərə qiymət verirlər və ona görə hər bir kəs özünü nizam-intizamlı aparmalı, nümunəvi olmalı, əzab-əziyyətə qatlaşaraq, mütləq mükəmməl savad almalı və təcrübə toplamalıdır.

- Necənci ildə Azərbaycana döndünüz? 

- 1989-cu ilin axırlarında qayıdıb, gəldim. O vaxt artıq ailəli idim, iki övladım vardı. Övladlarımın, uşaqlarımın milli ruhda böyüməsinə önəm verirdim. İkincisi, orada işləyən zaman kifayət qədər təcrübə yığmışdım. Görürdüm, hiss edirdim ki, artıq yığdığım təcrübə, aldığım savad ölkəmdə mənim üçün daha önəmli olar.

Eyni zamanda, o vaxtlar, açıq etiraf edək  ki, “qara millət”in, azərbaycanlının, azərbaycanlı soyadını daşıyan bir insanın yüksək vəzifəyə təyinat alması bir az müşkül məsələ idi. Mən bununla üzləşmiş kadrlardan idim, baxmayaraq ki, ovaxtkı Tomsk Vilayət Partiya Komitəsinin yüksək vəzifələrinə təyinat almışdım, amma yenə də o ögeyliyi hiss edirdim. 

Beləliklə, 1989-cu ilin sonuna yaxın, artıq sovetlərdə milli məsələlərin gündəmə gəldiyi, qızışdığı bir vaxtda düşündüm ki, vətənin bu ağır günündə mən də hardasa yararlı bir iş görə bilərəm, bir azərbaycanlı kimi öz müqəddəs borcumu yerinə yetirmiş olaram və buna görə döndüm, gəldim. 

- Hələ müsahibəyə başlamazdan əvvəl ümumi söhbət zamanı bildirdiniz ki, o vaxt Tomsk Vilayət Partiya Komitəsinə keçmiş SSRİ-nin tanınmış simalarından, partiya-dövlət rəhbərlərindən biri olan Liqaçov rəhbərlik edirdi.

- Liqaçovun birinci katibliyi, belə demək mümkünsə, gənc mütəxəssis kimi mənim işlədiyim dövrü əhatə elədi, yəni 1982-ci ilə qədər. Ondan sonra artıq Liqaçov getdi Mərkəzi Komitənin katibi vəzifəsinə, aqrar sektorun rəhbərliyinə. Liqaçovdan sonra Tomsk Vilayət Partiya Komitəsinə ayrı-ayrı vaxtlarda iki birinci katib rəhbərlik etdi ki, hər ikisi ilə də münasibətim sağlam olub. 

Eyni zamanda, Tomsk Sibirin bir mədəniyyət mərkəzi olduğu üçün daim diqqət mərkəzində olub. Orada tez-tez böyük toplantılar, dövlət tədbirləri keçirilirdi və o tədbirlərin hər birində rəhbər şəxslərdən biri olaraq, həmişə məsuliyyətimi dərk etmişəm. Əmək göstəricilərim həmişə yüksək olub və odur ki, dövlət mükafatına, pul mükafatına qədər mükafatlandırılmışam.

- Bu gün Tomskla əlaqələriniz davam edirmi, oralara gedib-gəlirsinizmi?

- Bəli, əlaqələr bu gün də davam edir. Elə bu yaxınlarda gəlmişəm Rusiyadan. Eyni zamanda, Rusiyada, o cümlədən, Sibirdə, Tomskda dövlətimiz üçün önəmli olan dövlətlərarası beynəlxalq konfranslarda, innovativ forumlarda iştirak etmişəm. Bu günə qədər həmin şəhərin fəxri sakiniyəm.

2004-cü ildə çox hörmətli deputat həmkarım Mirkazım Kazımovun iştirakı ilə bir yerdə dövlət səfərində olmuşuq. Səfər çərçivəsində mənə həmin şəhərin -Tomskın fəxri sakini adı veriblər, həm də həmin il ikinci təhsil aldığım keçmiş Tomsk İnşaat-Mühəndislər Universitetinin, indiki Tomsk İnşaat-Arxitektura Universitetinin fəxri professoru seçilmişəm.

Bu gün həm vilayətin qubernatoru, həm də Tomsk şəhərinin meri ilə çox yaxın əlaqələrimiz var.  Bu yaxınlarda şəxsi səfərim çərçivəsində bitirdiyim univerisitetə də baş çəkdim və orada keçirilən görüş zamanı universitetlərimiz arasında elm və təhsil haqqında müəyyən dialoqlarımız oldu.

Onu da nəzərə alsaq ki, rəhbərlik etdiyim elmi-tədqiqat laboratoriyası bu gün ən aktual məsələlərin elmi tədqiqi ilə məşğuldur, odur ki, bu yöndə müəyyən danışıqlar oldu və düşünürəm ki, yaxın zamanlarda iki universitet - Texniki Universitetlə Tomsk İnşaat-Arxitektura Universiteti arasında bir protokol, bir müqavilə imzalanacaq ki, elmi əməkdaşlığı inkişaf etdirək. Bu, müsbət bir haldır və ümumilikdə bizim üçün önəmlidir.

Elm adamlarının, akademiklərin, professorların, əməkdar elm xadimlərinin bu sahə üzrə elmi-tədqiqatlarının birgə aparılması, təhsilimizin, elmimizin inkişafında birgə əməkdaşlıq bizim üçün də önəmlidir.

- Azərbaycana dönəndən sonra, yəni 2000-ci ildə ilk dəfə millət vəkili seçilənə qədər nə işlə məşğul oldunuz? 

- O vaxt Azərbaycana gələndə dövlət qurumunda işə başladım, müştərək müəssisə yaratdım. İlk müştərək müəssisə kimi də məhz mənim rəhbərliyim etdiyim “Bakavtobusservis” Nazirlər Kabineti tərəfindən qeydiyyata alındı.

Moskva vilayətində yerləşən avtobus zavodu ilə sovet markalı avtobusların Azərbaycana gətirilməsi, gələcəkdə avtobus istehsalının Azərbaycanda təşkil olunması üçün ümumi bir biznes konsepsiyası hazırladıq.

Ancaq sovetlər quruluşu dağılandan sonra artıq bu məsələ öz aktuallığını itirdiyi üçün biznesin digər sahələrində fəaliyyət göstərməyə başladım və uzun müddət, yəni deputatlıq fəaliyyətimə qədər iri vergi ödəyicilərindən biri olmuşam.

- Deputatlığa namizədliyinizi irəli sürərkən qardaşınız Ziya Məmmədovdan da razılıq, hansısa tövsiyələr, məsləhətlər almışdınızmı, o, sizin bu istəyinizə necə yanaşmışdı? 

- Bizim ailədə, ailə mühitində çox böyük mehribanlıq var, böyük-kiçik yeri bilənik və təbii ki, müəyyən məsləhətləşmələrdən sonra bu məsələyə öz razılığımı verdim. Belə deyək, əgər bu sahədə özümü görürdümsə və özümün potensialımdan istifadə edərək, dövlət quruculuğuna, müstəqil Azərbaycanın inkişafına öz töhfəmi verə bilərdimsə, mütləq mənada ona yetməli idim və belə də oldu.

Üç çağırış Milli Məclisin üzvü seçildim. 2000-2005-ci ildə 89 saylı Ucar Seçki Dairəsindən seçicilərimin səsini qazanaraq Milli Məclisə göndərildim. Növbəti illərdə artıq məntəqələrin sayı artdığına görə 91 saylı Ucar Seçki Dairəsindən yenə iki çağırış, yəni 2005-2010, 2010-2015-ci illərdə seçilərək Azərbaycan Respublikasının Milli Məclisində deputat kimi fəaliyyət göstərdim.

Deputatlıq fəaliyyətim dövründə isə həm ölkə qanunvericiliyinin formalaşdırılmasında, həm ölkə rəhbərinin apardığı uğurlu siyasətin həyata keçirilməsində, həmçinin, müasirləşən, gözəlləşən Azərbaycanın bütün bölgələri kimi, Ucar rayonunun da inkişafında yaxından iştirak etdim, əlimdən gələni etməyə çalışdım.

- 15 il az müddət deyil və siz daim aktivliyinizlə, fəallığınızla seçilən millət vəkillərindən olmusunuz. İndi ötən dörd il ərzində, yəni deputat olmadığınız dövrdə o aktivliyiniz, o fəallığınız üçün qəribsəməmisiniz ki?

- Bilirsiniz, hökm deyil ki, daim deputat olasan. Eyni zamanda, şəxsən mən dövlətimi, dövlət rəhbərini sevdiyim üçün harada desələr, orada olacam. Bir var arzu, bir var potensial.

Mən də çalışmışam ki, potensialım mənə imkan verən qədər arzu edim. Çünki arzu etsəm də, əgər potensialım ona yol verməyəcəksə, heç bir vaxt o yolda hansısa bir vakansiyanı tutmamışam və özümü orada görməmişəmsə, özümü ona vadar edən insan deyiləm, xoşlamıram belə şeyləri.

15 illik deputatlıq fəaliyyətim dövründə kifayət qədər beynəlxalq təşkilatlara rəhbərlik etmişəm. Onlardan ən böyüyü hələ 2002-ci ildə təsis edilən GUAM Parlament Assambleyası idi ki, Azərbaycan tərəfindən deputatlıq fəaliyyətimin sonuna, 2015-ci ilin sonlarına qədər onun rəhbəri olmuşam. 

Bununla yanaşı, “Benilüks” ittifaqının, Baltik Assambleyasının, Şimal Alyansının, TÜRK PA-nın fəaliyyətində yaxından iştirak etmişəm.

Həqiqətdə də digər dövlətlərin sədrliyi dövründə hansısa işlər görə bilmirdisə, effektli nəticələr olmurdusa, amma Azərbaycanın bu qurumlara sədrliyi dövründə Parlament Assambleyasının işinin aktivləşməsində Azərbaycan dövlətinin, Azərbaycan tərəfinin xüsusi çəkisi görünürdü.

Ona görə ilk dəfə “Benilüks” ittifaqının prezidentinin, Şimal Alyansının rəhbərliyinin Azərbaycana gətirilməsi məhz mənim sədrliyim dövründə baş verdi. Allah onu mənə qismət etdi ki, parlament sədrinin dəstəyi ilə bu məsələlər alındı və Azərbaycanda keçirilən beynəlxalq konfranslar kifayət qədər öz töhfəsini verdi.

Məhz bu əməkdaşlıqlara görə Baltik Assambleyasının Əməkdaşlıq ordeni ilə təltif olunmuşam. Həmçinin, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasında (MDB PA) 14 il komitə sədrinin müavini olmuşam və 2003-cü ildə həmin Assambleyanın Əməkdaşlıq ordeni ilə təltif olunmuşam.

- Deputat olduğunuz, həmçinin, qardaşınız nazir olan vaxtlarda sizinlə yaxınlıq, dostluq edənlər çox idi, o cümlədən, həmkarlarınız arasında. Deputatlıqdan, qardaşınız nazir vəzifəsindən gedən sonra həmin insanlar sizin ətrafınızda, yaxınınızdadır, yoxsa?

- Bilirsiniz, əsas odur ki, bizim - mənim də, qardaşımın da, hörmətli Ziya müəllimin də dövlətə və dövlətçiliyə, ölkə rəhbərinə münasibəti dəyişməyib. Ətrafda olan insanlar isə, belə deyək ki, öz düşüncələri tərzində o münasibətləri dəyişirlərsə, ona çox təəssüf edirəm. Əsas odur ki, bizim tərəfdən bu dəyişiklik yoxdur və ümumiyyətlə, vəzifəsindən asılı olmayaraq, dövlət quruculuğunda iştirak edən bütün insanlar heç vaxt unudulmamalıdır.

Çünki bunlar hamısı müasir Azərbaycanın tarixidir. Ulu öndərimizin dediyi sözü xatırlatmaq istəyirəm ki, müasir Azərbaycanın tarixini bizlər yazırıq. Bizlər deyəndə, ümumi, cəm halında o dövlət komandasının tərkibində olan insanlar müasir Azərbaycanın tarixini yazır. Ona görə hesab edirəm ki, ölkə rəhbəri kimlərə etimad göstəribsə, o insanlar nüfuzludursa, öz hörmətlərini qoruyub-saxlayıblarsa, onlara hörmətlə yanaşmaq lazımdır.

Fikir verin, Türkiyədə sayın millət vəkili deyəndə ömür boyu onun diplomatik pasportu həmin şəxsin özündə qalır, ailəsinin də tərkibində əgər kimdəsə diplomatik pasport varsa, onlara da dəymirlər. Çünki onlar dövlətin ümumi xidmətində sınanmış və o sınaqdan alnıaçıq çıxmış insanlardır.

Heç bir şey unudulmur. Çünki tarix var. Tarix də elə bir elmdir ki, hər dəfə bir fakt araşdırmasına böyük ehtiyac var. Buna görə tarix olanı, elm mümkün olanı, fəlsəfə isə olmalı olanı araşdırmalıdır. Bax, biz indi dediyiniz o münasibətdə, yanaşmada baxmalıyıq ki, bu insanlar niyə belə hərəkət edirlər. Bu, ictimaiyyəti düşündürməlidir.

Hər bir insanın təyinatı zamanı gördüyü işlər ümumi komandanın gördüyü işlərdir, həmin komanda isə ölkə başçısının rəhbərliyi ətrafında sıx birləşən vahid komandadır, iqtidar-xalq vəhdətdir. Bu, o, demək deyil ki, iqtidarda olan bir insan ya seçimli bir orqanda, ya təyinatlı bir vəzifədə işləyən zaman iqtidardır, qurtarandan sonra isə müxalifətdir. Xeyr, biz o insanlardan deyilik. 

- Bu gün dövlətə, iqtidara qarşı münasibətinizdə bir inciklik, bir dəyişiklik varmı, nədənsə narazısınızmı?

- Heç zaman. Nə dövlətə, nə iqtidara, nə də cənab prezidentə qarşı münasibətimiz dəyişib, dəyişə də bilməz.

Mövqe o insanı dəyişə bilər ki, yaşadığı dövlət üçün gördüyü işlərə heyifsilənə. Biz bu gün iftixar hissi duyaraq, danışırıq. Deməli, mənim həyatım əbəs keçməyib. Odur ki, münasibətimiz, mövqeyimiz dəyişsə, birincisi, dövlətimiz bunu bağışlamaz. İkinci, öz vicdanımız, sonra isə böyütdüyümüz övladlar və nəvələrimiz.

Ona görə şəxsən mən həyatımı boş yerə yaşamamışam. Bu gün Allah qarşısında gördüyüm işlər Allah rizasınadır. Ölkə rəhbəri qarşısında gördüyüm işlər yenə Allah rizasına və ölkə rəhbərinə sədaqətimdəndir. Mən həyatı boyu rəhbərimə, Konstitusiyanın 4-cü maddəsi ilə xalqı təmsil etmək hüququ verilən ölkə rəhbərinə minnətdaram, borcluyam. 

Bu gün Azərbaycana verilən qiymət vəzifəsindən asılı olmayaraq, düşünən, beyni, zəkası olan hər bir azərbaycanlını və Azərbaycanda yaşayan digər millətləri sevindirməlidir. Tolerantlıq, multikulturallıq, siyasi plüralizm - bunlar hamısı ölkə rəhbərinin siyasətinin tərkib hissəsidir və o tərkibdə yoğrulan bütün siyasət Azərbaycan insanına xidmət edir. 

Bəli, hər bir insan nəsə istəyir, arzu edir. Eləsi var ki, çox şey arzu edir, amma bunu reallaşdıracaq potensialı yoxdur. Bir şeyi arzu edəndə və o potensialınla üst-üstə düşməyəndə, insanın özü əziyyət çəkir. Amma ikisindən biri çatışmayanda cəmiyyət əziyyət çəkir.

Mən də arzu edirəm ki, vəzifədə olan insanların arzusu ilə potensialı həmişə üst-üstə düşsün. O zaman Azərbaycan insanı, cəmiyyətimizin üzvləri əziyyət çəkməz.

- Səhv etmiriksə, iki oğlunuz var. Hazırda onlar haradadır, nə işlə məşğuldurlar?

 - Bəli. İki oğlum var, üç nəvəm var. Övladlarım hər ikisi yüksək, nüfuzlu universitetlərdə təhsil alıblar. Hər ikisi mükəmməl şəkildə iki-üç xarici dil bilirlər. Kiçik oğlum Aynar Məmmədov artıq səkkiz ildir ki, Milli Məclisdə, beynəlxalq şöbədə, protokol şöbəsində işləyir. Böyük oğlum iş adamıdır, biznes sahəsində işləyir, həm də idmançıdır, ictimai təşkilat rəhbəridir, 2010-cu ilin Avropa çempionudur. Övladlarımdan, onların tərbiyəsindən çox razıyam.

Təbii ki, hər valideyn övladları üçün çox şey arzu edir. Amma mən həmişə özümə də onu demişəm, tələbələrimə də onu deyirəm ki, birdən-birə həyatda nəyəsə tələsməyin. Birincisi, qeyd etdiyim kimi, arzu ola bilər, amma potensialı, ola bilsin ki, ona imkan vermir. Potensial əldə etmək üçün insan öz üzərində işləməlidir, savadını artırmalıdır.

O, potensialın əsas hissəsidir. Təbii ki, onun nizam-intizamı, vətənə sevgisi yerində olmalıdır. Bu komponentlər uzlaşmalıdır, vəhdət təşkil etməlidir. Onlar hamısı bir yerdə olanda o, kadr kimi həm formalaşacaq, həm irəliləyəcək, həm xalqına xidmət edəcək.  

Engels deyir ki, ailə dövlətin tərkib hissəsidir. Odur ki, biz bu gün ailəni necə formalaşdırırıqsa, dövləti də elə formalaşdırırıq. Çünki dövlət o ailələrdən ibarətdir. Ona görə yaxşı ailələrin sayı çox olmalıdır, həmin ailələrdə tərbiyə, dəyərlər yerində olmalıdır. Bilirsiniz, hər bir insanın, hər bir valideynin istəyidir ki, övladı vəzifəyə gəlsin.

Bəli, bu, bizim hər birimizin arzumuzdur. Amma o arzu üçün hər bir valideyn o qeyd etdiyim komponentləri övladında formalaşdıra bilirmi? Təəssüflər ki, heç də hamıda formalaşmır, amma arzu edir. Mən də arzu edirəm ki, hər bir ailədə sağlam fikirli gənclərin, sağlam valideynlərin sayı çox olsun.

Onların əqidəsi möhkəm olsun, dövlətə istəyi, məhəbbəti çox olsun. Məhz o zaman formalaşa-formalaşa, qurula-qurula qüdrətli dövlətə çevriləcəyik. Dövlət quruculuğu bir günlə, on illə, iyirmi illə qurtarmır.

Yüz illər boyu dövlət quruculuğu yolunda irəliləyən dövlətlər var. Hər bir insanın, hər bir cəmiyyətin, dövlətin əsas idarəetmə sütunu olan sahələrin, sahə qanunlarının təkmilləşməsinə ehtiyac olur.

Özünüz də parlament müxbiri kimi yaxşı bilirsiniz ki, məsələn, bir neçə ay bundan qabaq qəbul olunmuş bir sahə qanununa beş aydan, üç aydan sonra əlavə və dəyişikliklər edilir. Çünki o sahənin təkmilləşməsinə, o sahənin ölkə rəhbərinin siyasətinə uyğun aparılmasına, vahid idarəetmə sisteminin təkmilləşməsinə böyük ehtiyaclar yaranır. Ehtiyac duyulan zaman isə o sahə qanunları əlavə və dəyişikliklərə məruz qalmalıdır.

Ondan sonra həmin qanunların, qanunvericilik aktlarının işləməsi, onların icra mexanizminin təmin olunması tələb olunur ki, müvafiq icra hakimiyyətinin rəhbəri də ona istinadən onu idarə edə bilsin. Yəni dövlət quruculuğu heç vaxt bitmir, dayanmır...

Azərbaycanda aparılan siyasət, onun tövsiyələri, tapşırıqları əsasında görülən işlər, iqtisadi artımlar, demokratik dəyərlər - bunlar hamısı ölkə rəhbərinin siyasətinin vəhdətini təşkil edir. Ən əsası isə iqtidar-xalq vəhdətidir. Bax, bu vəhdət əsas komponentdir.

Kamil HƏMZƏOĞLU
FOTO: Ramil ZEYNALOV