Vüsal Hüseynov: Ölkədə qaçqın statusu əsasında yaşayanlar 16 faiz artıb

Vüsal Hüseynov: Ölkədə qaçqın statusu əsasında yaşayanlar 16 faiz artıb
12:20 11-01-2019 | icon 177

Prezident İlham Əliyevin 14 iyulda imzaladığı sərəncamla miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə minib. Bu, çox əhəmiyyətli dəyişiklik idi.

milletinsesi.info-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı xidmətin rəisi Vüsal Hüseynov bildirib. 

Onun sözlərinə görə, bu dəyişikliklər bir çox istiqamətdə öz təsirini göstərib:

“Birinci olduğu yerdə qeydiyyatla bağlı dəyişiklik idi ki, bizim əvvəlki qanunvericilikdə əcnəbilər 10 gün ölkə ərazisində olduqdan sonra qeydiyyata düşməli idilər.

Yeni qanunvericiliyə əsasən, bu müddət 15 günə qədər artırılıb. İkinci vacib məqam isə əvvəlki qanunvericilikdə olan müddəa həm turizmin təşviqi baxımından sərt bir müddəa idi ki, əcnəbi vətəndaş üç il ərzində iki dəfə miqrasiya ilə bağlı qanunvericiliyin tələblərini pozardısa, onun ölkəyə girişinə məhdudiyyət tətbiq edilirdi. Yeni qanunvericiliyə əsasən, bu müddəaya dəyişiklik edilib”.

Vüsal Hüseynov qeyd edib ki, yeni dəyişiklikdə əcnəbilərin hər hansı bir cərimələri və məsuliyyəti olduqda onlara seçim imkanı verilir:

“Onların bu cərimələri ölkəni tərk etdikdən sonra da ödəmək imkanları olur. Bu tədbirlərin nəticəsidir ki, inzibati qaydada kənara çıxarılan, girişi məhdudlaşdırılan şəxslər və ya deportasiya dediyimiz halların sayında kəskin azalma müşahidə olunub”.

Vüsal Hüseynov bildirib ki, 2018-ci ildə 85 nəfər Azərbaycan vətəndaşlığını itirib. Xidmət rəisi qeyd edib ki, vətəndaşlığın itirilməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilib.

Xidmətin rəisi Vüsal Hüseynov bildirib ki, 2018-ci il ərzində 2 milyon 845 min 697 əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olub.

Onun sözlərinə görə, bu, ölkəyə gələn əcnəbilərin sayında altı faiz artım olduğunu göstərir: “2017-ci ildə 2 milyon 692 min 219 əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olub. Ötən il isə 740 min 841 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb”.

Xidmət rəisi qeyd edib ki, il ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 min 953 müraciət daxil olub. 

Vüsal Hüseynov bildirib ki, hesabat dövründə 41 min 30 nəfərə müvəqqəti, 3 min 220 nəfərə daimi yaşama, 6 min 162 nəfərə iş icazəsi verilib: “Əsas fəaliyyət istiqamətlərindən biri də qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləridir. Hesabat dövründə Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozulması ilə bağlı 19 min 210 qərar qəbul edilib. Bu da ötən dövrlə müqayisədə miqrasiya qanunvericiliyinin tələbələrini pozmuş şəxslərin sayında 11 faiz azalma deməkdir. Xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib”.

V.Hüseynov əlavə edib ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub: “Hazırda bu şəxslərin sayı 78 nəfərdir - 47 nəfər ərizəçi 31 nəfər ailə üzvü ilə birlikdə yaşayır”.