Bir aya 20 manat xərc: Azərbaycanlılar niyə elektromobilə keçmirlər?

Bir aya 20 manat xərc: Azərbaycanlılar niyə elektromobilə keçmirlər?
11:35 11-01-2019 | icon 124

2018-ci ildə dünya elektromobil bazarında sıçrayışlı artım qeydə alınıb və 1.9 mln. ədədə yaxın elektromobil satılıb.

milletinsesi.info xəbər verir ki, artıq 2019-cu ildən Azərbaycana elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib.

Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində rüsum ödəmək lazım olacaq.

Elektromobillərə maraq azdır

Qeyd edək ki, son illər bütün dünya ekologiyaya maksimum az zərər verməklə yaşamağa çalışır. Bu yolda atılan addımlardan biri də benzinlə işləyən avtomobillərin əvəzinə elektromobillərdən istifadənin genişləndirilməsidir.

Ətraf mühitə zərər vermədən işləyən bu avtomobillər artıq bir çox ölkələrdə geniş populyarlıq qazansa da, hələ ki, Bakı küçələrində gözə dəymir. Halbuki ən bahalı avtomobilləri istehsal olunandan bir müddət sonra dərhal şəhərimizdə görmək mümkündür. Artıq bir çox ölkələr avtomobil parkını elektromobillərlə yeniləməyi qarşısına məqsəd qoyub. 

Azərbaycana gəlincə, bu avtomobillərin sayının 100-ə çatdığı qeyd edilir və səbəb olaraq, elektromobillərin inkişafı üçün müvafiq strukturun, enerjidoldurma stansiyalarının sayının azlığı, eləcə də, qiymətlərinin baha olması göstərilir.

Klassik avtomobil bazarının böyüməsi dayandı

İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, 2018-ci ildə 2017-ci illə müqayisədə, təxminən 70%-lik artım qeydə alınıb və ümumi satışın həcmi 1.9 mln. ədədə yaxın olub. 2017-ci ildə isə elektromobil satışının həcmi 1.2 mln. ədəd olmuşdu. Elektromobil inqilabı artıq sərhədlərimizə də çatıb, belə ki, Rusiyada 2018-ci ildə elektromobil satışı 72% artıb.

Ən son məlumata görə, hazırda ABŞ və Kanadada istifadəyə verilmiş bir elektrik stansiyasına orta hesabla 30 elektromobil düşür, Rusiyada isə bu göstərici altı ədəddir.

Başqa maraqlı məlumat odur ki, daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb, halbuki 1-2 il əvvələ qədər bu prosesin 2022-ci ildə baş verəcəyi proqnozlaşdırılırdı.

“Bu, o deməkdir ki, bundan sonra dünyada avtomobil bazarının böyüməsi yalnız elektromobillər hesabına baş verəcək və nəticədə, yaxın 10 ildə dünya üzrə avtomobil parkında elektromobillərin payının hazırkı 3%-dən ən azı 15-20%-ə çatması mümkün olacaq.

Daha bir ümidverici proqnoz odur ki, artıq 2025-ci ildə elektromobillərin qiyməti ənənəvi avtomobillərdən ucuz olacaq. Nəzərə alsaq ki, neft istehlakının az qala yarısı avtomobil sənayesi ilə bağlıdır, neftə qlobal tələbatı da bu bazarda baş verənlər əhəmiyyətli dərəcədə həll edəcək”.

Aylıq xərc 15-20 manat

Ekspertlərin fikrincə, elektromobillərin Azərbaycana gətirilməsi üçün böyük bir infrastruktur qurulmalıdır ki, bu da böyük vəsait tələb edir.

Avropada bu bir tələbdir və xidmət, eləcə də, ticarət mərkəzləri 30 avtomobil üçün enerjidoldurma stansiyası qurmağı öz üzərinə götürür. Üstəlik, elektromobillərin qiyməti neft məhsulları ilə işləyən avtomobillərdən təxminən iki dəfə bahadır, ona görə də bu avtomibillərin alıcısı da müəyyən kateqoriyadır. 

Buna baxmayaraq, artıq bəzi tanınmış markaların Bakı nümayəndəlikləri elektromobil satışı ilə bağlı fəaliyyətlərini aktivləşdiriblər. Məsələn, Bakıda 165 km/saat sürətə malik “İONİQ Electric” markalı avtomobil satılır, qiyməti isə 64 min 600 manatdır. Deyilənə görə, avtomobilin idarə edilməsi üçün enerji üzrə aylıq xərc 15-20 manatdan yüksək deyil.

“Yol xəritəsi”nə salınıb

Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün infrastruktur yaradılması nəzərdə tutulub. Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə bildirilir. 

Sənəddə qeyd olunub ki, elektrik enerjisi sektorunun pərakəndə satış komponenti ilə bağlı iki mühüm məqsəd prioritetləşdiriləcək:

“Birincisi, sənaye və kommersiya sahəsində Avropanın enerji səmərəliliyi səviyyələrinə çatmaqdır. Hər iki sahədə dövlət müxtəlif enerji səmərəlilik metodologiyalarını stimullaşdıracaq. Məsələn, enerjidən səmərəli istifadə edən binaların və məhsulların təbliği həyata keçiriləcək.

İkincisi, elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün tələb olunan infrastrukturu qurmaqdır. 2020-ci ildən etibarən respublikada elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir.

Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir”.

İlhamə Abdullayeva 

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar