Hadi Rəcəbli: Əlilliyin qeydə alınması ilə bağlı paradoks yaranıb

Hadi Rəcəbli: Əlilliyin qeydə alınması ilə bağlı paradoks yaranıb
12:50 09-01-2019 | icon 107

Pensiyaçıların tərkibi ilə bağlı ödəmələrdə olan bəzi qeyri-səmərəli göstəricilər bizi daim düşündürür. Belə ki, əvvəllər vaxtaşırı tənqid etdiyimiz pensiyaçıların tərkibində əlillərin faizinin çox olması pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına beş faizdən çox azalıb. Bunlara baxmayaraq, bu ilin büdcəsində pensiyaçıların 30 faizə qədərinin əlilliyə görə həmin ödəmələrə malik olacağı gözlənilir. 

milletinsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri onu da vurğulayıb ki, bu yöndəki mövcud qanundakı yeni dəyişikliklərə görə II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olurlar. 

“Bunu bir müddət öncə demişdim, bu gün də təəssüflə qeyd etmək istərdim ki, əlilliyin qeydə alınması ilə bağlı başqa bir paradoks özünü göstərməyə başlayıb. Bu da son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərin sayının xeyli çoxalmasına gətirib çıxarıb.

Bununla belə, məndə olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirlikləri bu sahədə olan nöqsanları aradan qaldırmaq üçün əsaslı tədbirlər hazırlayırlar.

Sevindirici hal ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan islahatlar nəticəsində müsbət dəyişikliklər baş verməklə yanaşı, burada innovativ və elektron hökumət elementlərinə daha çox diqqət yetirilir ki, bu da hər cür neqativ halların kökünün kəsilməsinə xidmət edir”, - deyə o əlavə edib.