Sahib İbrahimovun məhkəməsində zərərçəkmiş danışdı: “Bir mənzil 3 nəfərə satılıb”

Sahib İbrahimovun məhkəməsində zərərçəkmiş danışdı: “Bir mənzil 3 nəfərə satılıb”
12:35 09-01-2019 | icon 169

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

milletinsesi.info-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Səmayə Babayeva ifadə verib. 

O, S.İbrahimovu tanımadığını, 2013-cü ildə mənzili Eldəniz Cəfərovdan 141 min manata aldığını söyləyib:

“Bizi istintaqa çağıranda bildik ki, mənzili başqa şəxslərə də satıblar”.

Daha sonra digər zərərçəkmiş Gülbacı Hüseynova dindirilib. O deyib ki, həyət evlərini S.İbrahimova verib, əvəzində ona səkkiz mənzil vəd edilib:

“Bu barədə Sahib müəllimlə danışdıq, mənzilləri isə bizə Məzahir Cəfərov göstərdi. Sonra problem yarandı, biz şikayətçi olduq. Bundan sonra zərərimiz ödənildi və şikayətim yoxdur”.

Zərərçəkmiş Mədinə Bağırova isə ifadəsində söyləyib ki, 2015-ci ildə Xətai rayonunda Məzahir Cəfərovdan 74 min manata ev alıblar. İstintaq dövründə evlərinin başqa şəxslərə satıldığını öyrənən zərərçəkmiş bildirib ki, hazırda həmin mənzildə yaşayırlar. 

Məhkəmə prosesi yanvarın 16-da davam etdiriləcək. 

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara iki milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qismini ödəyib.