Müşfiq Ələsgərli: “2018-də peşəkar jurnalistlər nazirliklərə təyinat alıblar” 

Müşfiq Ələsgərli: “2018-də peşəkar jurnalistlər nazirliklərə təyinat alıblar” 
15:59 08-01-2019 | icon 211

Təşkilatın keçirdiyi sorğuda ümumilikdə 54 redaksiya əhatə olunub.
 
Millətinsəsi.info xəbər verir ki, Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2018-ci il üzrə sosial durumuna və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb.
 
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2018-ci ildə sosial durumunun və media ilə bağlı baş vermiş hadisələrin öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən ümumrespublika yayımlı 12 qəzet və 5 televiziya redaksiysının, 4 informasiya agentliyinin, 22 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 8 regional qəzet və TV-lərin əməkdaşları cəlb ediliblər (ümumilikdə 54 redaksiya əhatə olunub).
 
Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2018-ci ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:
 
Əmək müqavilələri, işsizlikdən sığorta
 
Azərbaycanda inzibati, maliyyə, iqtisadi və sosial sahələrdə aparılan islahatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də təsir edib, tendensiya media müstəvisində də özünü göstərib. Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında işçilərlə fərdi əmək müqavilələrinin bağlanılması məsələsində dinamika müşahidə edilib. Sorğuya cəlb edilənlərin 95 faizi (2017-ci ildə 93%, 2016-ci ildə 92 faiz olub) çalışdıqları redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər. Amma 2018-ci ildə bu istiqamət üzrə irəliləyişlərlə yanaşı, narahatlıq doğuran məqamlar da ortaya çıxıb:
 
- Əvvəlki illərdə bu sahədə əsas problem fərdi əmək müqavilələrinin müddətli bağlanılması idi. Azərbaycan Əmək Məcəlləsinin 45-47 maddələri daimi fəaliyyət göstərən iş yerlərində əmək müqaviləsinin müddətli bağlanmasını istisna etsə də, KİV redaksiyalarında jurnalistlərlə əmək müqavilələrini müddətli bağlamağa üstünlük verilirdi ki, bu da işəgötürənin xeyrinə olaraq, həmin müqaviləyə istənilən vaxt xitam vermək üçün şərait yaradırdı. 2018-ci ildə ortaya çıxan məqam budur ki, işçilərin bir qisminə müddətli və müddətsiz fərdi əmək müqaviləsi, digər qisminə isə "xidmət müqaviləsi” tətbiq edilir. Jurnalistlərə "Xidmət müqaviləsi”nin tətbiq edilməsi jurnalistlərin böyük bir qisminin əmək hüquqlarını məhdudlaşdırır, ixtisarlar, əmək münasibətlərinə xitam verilmə hallarında jurnalistləri çıxılmaz duruma salır, işsizlikdən sığorta haqqı alınmasını imkansız edir. 2018-ci ildə bəzi redaksiyalarda, xüsusən televiziya şirkətlərində aparılan ixtisarlar zamanı bu məqam özünü qabarıq şəkildə biruzə vermişdir.
 
- Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi də aktual olaraq qalır. Bu isə qanun pozuntusu olmaqla yanaşı, KİV işçilərinin pensiya təminatına, həmçinin, əmək münasibətlərinə xitam verilmə hallarında işsizlikdən sığorta haqqı alınmasına neqativ təsir göstərəcək amillərdən biridir.
 
Əmək haqqının infilyasiyaya uyğunlaşdırılması yönündə addımlar atılıb
 
Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri redaksiyaların durumuna və jurnalistlərin aktivliyinə görə dəyişir. Bu baxımdan redaksiyalarda orta əmək haqqı ilə yanaşı, KİV-lərdə əmək haqqının minimal və maksimal məbləğlərinin müəyyənləşdirilməsinə cəhd edilib. Bu kateqoriya üzrə rəyi soruşulanların bir qismi 350-500 manat (sorğu iştirakçılarının 4 faizi. 2017-ci ildə 6 faiz olub), 500-700 manat (sorğu iştirakçılarının 61 faizi. 2017-ci ildə 56 faiz olub), 700-900 manat (sorğu iştirakçılarının 31 faizi. 2017-ci ildə 30 faiz olub), 900-1200 manat (sorğu iştirakçılarının 4 faizi. 2017-ci ildə 8 faiz olub) civarında aylıq gəlir əldə etdiklərini bildiriblər. Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin aylıq gəlirləri 250-400 manat aralığında dəyişir.
 
Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 160-400 manat aralığında dəyişir. Rəyi soruşulanlar 160-200 manat (sorğu iştirakçılarının 41 faizi), 200-250 manat (sorğu iştirakçılarının 44 faizi), 300-400 manat (sorğu iştirakçılarının 15 faizi) civarında əmək haqqı aldıqlarını bildiriblər. Regional televiziyalarda çalışan jurnalistlərin aylıq gəlirləri 250- 400 manat aralığında dəyişir.
 
Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2018 –ci ildə əmək qabiliyyətli əhali üçün müəyyən edilmiş yaşayış minimumu 183 manat olub.
 
Sorğu iştirakçıları 2018-cı ildə jurnalistlərin durumlarına müsbət təsir edən və onları qayğılandıran problemlər barədə də fikirlərini bildiriblər:
 
Qlobal səviyyədə media müstəvisində baş verən neqativ tendensiyalara, inzibati vasitələrlə, qanunlardakı dəyişikliklərlə, bəzən təbii rəqabətliliklə peşəkar medianın imkanlarının sıxışdırılmasına rəğmən, Azərbaycanda peşəkar və müstəqil medianın imkanlarının artırılması yönündə dövlət proqramları davam etdirilib.
 
Dövlət və hökumət təmsilçiləri, xüsusi olaraq Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilən tədbirlərə, həmçinin, digər formatlı toplantılara qatılaraq, jurnalistlərlə hakimiyyət təmsilçiləri arasında canlı təmasın inkişafına şərait yaratmışdır.
 
Prosesin davamı kimi, dövlət və hökumət təmsilçilərinin sosial mediada aktivliyi önə çəkilir. 2018-ci ildə bu sahədə xüsusi aktivlik nəzərə çarpıb. Bu da dövlət və hökumət təmsilçiləri ilə interaktiv münasibət qurmaq imkanlarını artırıb.
 
2018-ci ilin əhəmiyyətli tendensiyalarından biri kimi dövlət və hökumət strukturlarının, o cümlədən, əksər özəl şirkətlərin mətbuat xidmətləri və ictimaiyyətlə əlaqələr şöbələrinin keyfiyyətcə yenilənməsi prosesi qeyd edilir. İl ərzində təqribən 28 nazirlik, idarə, müəssisə və şirkətlərdə informasiya verilməsinə məsul olan şəxslər dəyişdirilmiş, bu ştatlara yalnız peşəkar, aktiv jurnalistlər təyinat almışlar.
 
Xəbər istehsalına aiddiyyatı olan qanunlara əlavə və dəyişikliklər edilməsi prosesində media təmsilçiləinin rəy və təkliflərinin öyrənilməsi üçün intensiv addımlar atırlması yönündə Azərbaycan Mətbuat Şurasının təşəbbüsünə Milli Məclis rəhbərliyi tərəfindən dəstək verilmiş, bu yöndə əhəmiyyətli addımlar atılmışdır.
 
Onlayn medianın maddi-texniki imkanlarının artırılması, peşəkarlığın yüksəldilməsi üçün il ərzində təşəbbüslər irəli sürülmüş, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ildə bu istiqamətdə proqramlar gerçəkləşdiriləcəyini elan etmişdir.
 
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələri vasitəsilə 2018-cı ildə 420 nəfər jurnalist qalib olaraq mükafatlandırılmış, əlavə maddi gəlir əldə etmişlər.
 
Həbsə düşmələri jurnalistik fəaliyytlə bağlı olmasa da, xəbər istehsalı sahəsində fəaliyyət göstərən bir neçə şəxsin, o cümlədən, Kanal 13 İnternet Televiziyasının rəhbəri Əziz Orucovun əfv olunaraq həbsdən azad edilmələri də media ictimaiyyəti tərəfindən diqqət çəkən məqamlardan olub.
 
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun yenilənmiş versiyası 2018-ci ildə bir sıra onlayn resurslara qarşı tətbiq edilib, Onlayn informasiya resurslarının fəaliyyətinin tənzimlənməsi sahəsində yeni proses başladılmışdır.
 
Tendensiyaya çevrilməsə də, KİV redaksiyalarına və fərd olaraq jurnalistlərə qarşı hədələmə, təhdid etmə, xəsarət yetirmə hallarına təsadüf edilib.
 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun "Modern.az” əməkdaşına qarşı, cəmiyyətdə Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun "Xəzər” TV-nin əməkdaşlarına qarşı, Səhiyyə nazirliyi əməkdaşlarının "Uunikal.org”-un əməkdaşı Famil Fərhadoğluna qarşı hücumları bu qəbildəndir.
 
APA Holdinqə daxil olan informasiya resurslarının öz fəaliyyətlərini dayandırması da ilin əsas media hadisələri sırasındadır.
 
Medianın peşəkarlaşması peşəkar ekspertlərə tələbatı artırıb. Ölkədə sahələr üzrə ekspert çatışmazlığının yaşanması da sorğu iştirakçıları tərəfindən qeyd edilən məsələlər sırasındadırlar.