“Bakı Sığorta” şirkətindən vətəndaşa haqsızlıq

“Bakı Sığorta” şirkətindən vətəndaşa haqsızlıq
13:53 08-01-2019 | icon 79

Ötən il noyabrın 11-də Bakıda Çingiz Qədirova məxsus avtomobil vurulub. Anaxeber.info-nun verdiyi məlumata görə, Ç.Qədirovun maşınına dəyən ziyan “My auto” servis tərəfindən hesablanıb.
Məlum olub ki, avtomobilə 13 580 manat ziyan dəyib. Bu barədə həm Dövlət Yol Polisinə, həm avtomobilin sığortalandığı “Bakı Sığorta” ASC şirkətinə məlumat verilib.
Lakin “Bakı Sığorta” ASC maşının sahibinə cəmi 1150 manat kompensasiya verib. Halbuki, qanuna görə sığorta şirkəti zərərin maksimum 5000 manatını ödəyə bilər.
“Bakı Sığorta” ASC isə 13 580 manat ziyan dəyən avtomobil üçün qəpik-quruş ayırıb. Şirkət edilən şikayətləri vecinə almır.
Ç.Qədirov hər il sığorta şirkətinə ödəniş etdiyini bildirir. Amma əvəzində “Bakı Sığorta” ASC dəymiş ziyanın heç 30 faizini belə ödəməyib. Bu qanunsuzluğa son qoyulması üçün zərər çəkmiş sığorta şirkətini məhkəməyə verməyə hazırlaşır.
Şirkətin bu özbaşınalığı və saymazlığı ilə bağlı ölkə rəhbərliyindən, Daxili İşlər Nazirliyindən məsələyə diqqət göstərilməsi xahiş olunub. Amma Ç.Qədirov ilk qurban deyil.
Daha əvvəl isə “Bakı sığorta“ ASC Bakının Nardaran qəsəbəsinin sakini Adəm Muxtarova qarşı haqsızlıq edib. Ç.Qədirov şirkətin bu haqsızlığı qarşısında çıxılmaz vəziyyətlə üzləşib. Çünki sığorta firması zərəri 5000 manat ödəməliydi.
Bu faktın özü həm “Bakı sığorta“ ASC-yə, həm digər sığorta şirkətlərinə olan inamı sarsıdır. Belə haqsızlıqla üzləşdikdən sonra heç bir sürücü avtomobilini sığorta etdirmək üçün bu şirkətə üstünlük verməz.
Odur ki, ASC-nin İdarə Heyəti sədri Ramin Məmmədov şirkətin nüfuzuna xələl gəlməməsi, mediada adının neqativ hallanmaması üçün bu problemi aradan qaldırmalı, vətəndaşın yuxarı instansiyalara, eləcə də hüquqi müstəvidə haqqını tələb etmək üçün məhkəmələrə üz tutmasına şərait yaratmamalıdır.
Bununla həm də dolayısı ilə şirkəti reklam eləmiş olar, müştərilərin inamını bərpa edər, ədalətli addımı ilə nümunə olar. Hər halda nəzərlər Ramin Məmmədova dikilib. 13 580 manat ziyan dəymiş maşına cəmi 1200 manat zərər ödəmək absurddur.
Onu da deyək ki, bəzi məlumatlarda adı çəkilən sığorta şirkətinin Mərkəzi Bank sədri Elman Rüstəmovun biznes imperiyasına daxil olduğu yazılıb.


Mənbə AnaXeber.info