21 yaşlı rəssam: “Dünyanı fasiləyə alıb rəsm çəkirəm”

21 yaşlı rəssam: “Dünyanı fasiləyə alıb rəsm çəkirəm”
11:00 06-01-2019 | icon 305

 

 

Bu gün sosial şəbəkələrdə tez-tez paylaşılan, qara qələmlə çəkilən əsərlərə yəqin ki, rast gəlmisiz. Bəlkə sizlər də o rəsmləri bəyənərək paylaşıb, əsərin müəllifinə heyran qalmısız. Bir çoxlarınız onu tanıyır, bəziləriniz isə yox. Bu günki müsahibimiz isə 21 yaşlı istedadlı rəssam çoxlarının “Maxim” adı ilə tanıdığı Məhsum Hüseynovdur:

milletinsesi.info 21 yaşlı rəssamla müsahibəni təqdim edir:

- “Maxim” bir az sizi tanıyaq.

- Məhsum Hüseynov. 21 yaşım var. Bəzən adımı tələffüz edərkən çətinlik çəkənlər olurdu deyə, ləqəb kimi özümə “Maxim” adını seçdim. Dostlarım, tanıyanlar çoxu mənə belə müraciət edir.

- Əsərlərinizi bəyənməmək olmur. Bu işin təhsilini almısız yoxsa necə?

- Əslində xeyr. Heç bir rəsm təhsilim yoxdur. Amma ailəmizdə, atam, babam vaxtilə gözəl rəsmlər çəkiblər. Peşəkarcasına deyil, amma istedadlı insanlardır. Düşünürəm bu istedadımı onlardan almışam. Ali təhsilliyəm, dünya iqtisadiyyatı fakültəsini bitirmişəm.

- Neçə yaşınızdan rəsm çəkirsiz?

- Yeddi yaşımdan rəsm çəkməyə başlamışam. Bir maraq, hobbi olaraq başlasa da son dörd il ərzində ciddi şəkildə bu işə vaxt ayırıram.

- İlk qələm təcrübənizdə nəyin və ya kimin rəsmini çəkmisiz?

- Məktəbdə oxuyan zaman hamı kimi məndə günəş, ay, alma rəsmləri çəkmişəm. Sonra “Oxu” kitabından Mirzə Ələkbər Sabirin rəsmini görüb çəkmişdim. İlk əsərim onun portreti olub. Sinif yoldaşlarım da rəsmlə maraqlandılar amma sonra davam etmədilər. Demək olar ki, elə onların hər birinin rəsmini çəkməyə başlamışdım. Belə-belə təkmilləşdirmişəm.

- Ümumiyyətlə nə vaxtsa bu işin təhsilini almağı düşünürsüzmü ?

- Hazırda buna ayıracaq vaxtım yoxdur. Hərbi xidmətdən məzuniyyətə gəlmişəm, bu gün geri qayıdacam. İnşallah xidmətimi başa vurub qayıdandan sonra gerçəkləşdirmək istədiyim planlarım çoxdur. Ola bilər bunu da düşünərəm. Təhsilini almasam da 4 ildir ki bu işə hər gün ortalama dörd-beş saat vaxt ayırmaqla öz üzərimdə çalışıram.

- Məhsum, niyə məhz ağ-qara rəsmlər?

- Əslində rəngli qələmlərdən istifadə edərək çəkdiyim rəsmlərim var. Sadəcə olaraq tərz olaraq ağ-qara rəng mənim ruhuma daha çox xitab edir. Ağ kağız, qara qələm, kömür məni rənglərdən daha çox cəlb edir.

-Bəs bir rəsm əsərinin ərsəyə gəlməsinə nə qədər vaxt sərf edirsiz?

- Baxır çəkdiyim rəsmə. Elə portretlər var ki, beş ya altı saata tamamlaya bilirəm. Elə əsərlərimdə var ki, onları 20 saata, hətta 50 saata tamamlamışam. Ümumiyyətlə əsərə nə qədər çox vaxt ayırıb, incə-incə işləsəm o qədər gözəl nəticə ortaya çıxır.

- Bu günə qədər ən az və ən çox vaxtınızı alan əsərləriniz hansılar olub?

- Maraqlı sual verdiniz. Bir az fikirləşim. 50-55 saata yaxın vaxt ayırdığım New York “Times Square” əsərimi qeyd edə bilərəm. Onu A2 formatlı kağızda çəkmişəm və bütün xırdalıqları təsvir etmək üçün çox vaxt sərf etmişdim. Ən az vaxt aparan əsərlərim isə ortalam 7-8 saata yaxın hazır olur.

- Şairləri, yazışıların özünəməxsus ilham mənbəyi var. Sizi bu əsərləri belə gözəl çəkməyə nə ilhamlandırır?

- Mən rəsmlərimi daha çox gecə çəkirəm. Xüsusilə də musiqi sədaları altında. Musiqisiz rəsm çəkdiyimi xatırlamıram. Kiçik bir otaq bəs edir, qulaqlıqrları taxıb bu dünyanı fasiləyə qoyuram. Nəticəsi isə gördüyünüz əsərlərdir.

- Əsasən xarici aktyorların portretləri çoxluq təşkil edir. Fanatik yanaşmalardır yoxsa?

- Deməzdim. Sadəcə olaraq bəlkə də filmlərin təsirindən obrazlarına görə seçmişəm. Amma əsərlərim arasında son 20 rəsmim- Nyu York, Pablo Eskobar, Emma Stone, Emilia Clarke, Leonarda Di Caprio və s. favorilərim sırasındadır.

- Rəsm dərsi verirsizmi?

- Əslində rəsm dərsi vermək üçün bu işin texnikasını bilməliyəm və izah etməliyəm. Mən bu işi təhsilsiz inkişaf etdirdiyim üçün kiməsə izah edə bilmirəm. Ona görə dərs vermirəm.

- Hərbi xidmətdən qayıtdıqdan sonra sərgi açmağı necə düşünürsüzmü?

- Bəli, istəyim 50-60 əsərimi bir araya toplayıb şəxsi sərgimi keçirməkdir. Əsərlərimə olan maraq məni sevindirir. Çalışacam emalatxana götürüm və daha rahat çalışacağım şərait qurum. 

 

Könül Cəfərli

 

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar