Gədəbəydə Şahbaz Bayramov və Zülfüqar İsgəndərov sahibkarı hansı oyuna salıblar?

Gədəbəydə Şahbaz Bayramov və Zülfüqar İsgəndərov sahibkarı hansı oyuna salıblar?
18:25 06-12-2018 | icon 225

Oqtay Qaraoğlu: “Belə bir fürsətdən yararlanan “şəhər meri”, sabiq icra başçısının vermiş olduğu şifahi tapşırığı əsas tutur və şəxsi mülkiyyətimdə olan obyektimə qarşı, sanki bənzərsiz formada “vandalizm”lik edir”

Artıq üç il doqquz aydır ki, əslən Gədəbəy rayonundan olan və ötən illər ərzində çoxsaylı problemlərlə üz-üzə qalan Əliyev Oqtay Qara oğlunun üz-üzə qaldığı olmazın olaylar, bəlkə də dövlət qurumlarında yüksək çinli vəzifə sahibi olan bir çox şəxslərin, daha çox məlumatlı olduqları məsələlərdəndir.

Çünki, adı çəkilən şəxsin rayonun M.Quliyev küçəsində 0.006 ha torpaq sahəsi üstündə yerləşən 2 nömrəli 1 girişli, ümumi sahəsi 38,5 kvm olan obyekti (mağazası), 12 fevral 2015-ci il tarixdə Gədəbəy rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Yediyarovun vermiş olduğu şifahi tapşırıqlar əsasında, heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, hətta bir kimsə bu yöndə məlumatlandırılmadan darmadağın olunur.

Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, Oqtay Əliyev 08 iyul 2008-ci il tarixdə şəxsi mülkiyyətində olan obyektinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Şəmkir rayon Ərazi İdarəsindən qeydiyyat nömrəsi 3108001461, reyestr nömrəsi isə 505013000395-06301 olan 0001695 saylı çıxarış alsa da, qarşı tərəf belə bir sənədlərin varlığına əhəmiyyət vermədən bildikləri addımlarını atırlar.

Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndində isə qeyd olunub ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən də müdafiə olunur.

Bütün bunlar açıq-aşkar şəkildə Konstitusiyada qeyd olunsa da, o halda sual oluna bilər ki, bəs Əliyev Oqtay Qara oğlunun konstitusion hüquqları niyə qorunmur?

Daha acınacaqlı hal o olur ki, rayon rəhbərliyi belə bir addımını atdıqdan sonra, zərərçəkən şəxsə bir qəpik olsun belə kompensasiya ödəmir və ödəməkdən də imtina edir. Vurulmuş ziyana görə kompensasiya əldə etmək, həm onun haqqı, həm də hüququ olsa da, Gədəbəy rayon rəhbərliyi onu heç bir halda dinləmir. Belə bir addımların atılması da, Oqtay Əliyevin Konstitusiya ilə qorunan hüquqlarının tapdaqlar altına atılması demək olur.


Bu günlərdə redaksiyaya üz tutan və üç il doqquz ay ərzində olmazın problemləri yaşayan Oqtay Əliyev bizimlə söhbətində bildirdi ki, “Şəxsi mülkiyyətimdə olan obyektimin dağıdılması yöndə sabiq icra başçısının vermiş olduğu şifahi tapşırığı canbaşla yerinə yetirən vəzifə sahiblərindən biri də, Şahbaz Bayramov olur. Bu şəxs Ramiz Yediyarovun vaxtında Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini daşıyırdı və bu gün də həmin vəzifəni daşımaqdadır. Yəni, onu bildirmək istəyirəm ki, obyektimin darmadağın edilməsi, məhz bu şəxsin rəhbərliyi altında həyata keçirilir.

Onu da qeyd edim ki, həmin günlərdə səhhətimdə ciddi problemlərim əmələ gəlmişdi, ona görə də Bakı şəhərində müalicədə idim. Belə bir fürsətdən yararlanan Şahbaz Bayramov, sabiq icra başçısının vermiş olduğu şifahi tapşırığı əsas tutur və şəxsi mülkiyyətimdə olan obyektimə qarşı, sanki bənzərsiz formada “vandalizm”lik edir.

Belə ki, o, mağazamın içərisində olan avadanlıqları, ayrı-ayrı firmalardan nisyə götürdüyüm ərzaq məhsullarını, dağıntı-söküntü işləri həyata keçirilərkən əldə olunan materialları yararsız hala salmaqla, bir növ “məkrli plan”larını həyata keçirir. Əldə etdiyim müəyyən məlumatlara görə isə, dağıntı-söküntü işlərinə başlamazdan öncə o, mağazamın içərisində olan ərzaq məhsullarının çoxunu ələ keçirir və obyektimdən sökdürdüyü materialları və avadanlıqlardan bəzilərini rayonun köhnə “Avtobaza”sına yığdırır. Az sonra onların da “altından girib üstündən çıxır”.


Belə bir oyuna düçar olduqdan sonra, maddi vəziyyətim daha da ağırlaşdı. Çünki, mağazamı işlədən zaman firmalardan nisyə mallar götürüdüm və satışını həyata keçirdikdən sonra ödənişlər edirdim. Elə ki, obyektim altüst olundu, dərhal firmalar nisyə götürdüyüm ərzaq mallarının pullarını tələb etməyə başladılar.

O halda məcbur olub yaşadığımız evi girovluğa qoydum və rayonun Söyüdlü kənd sakinindən borca pul götürməklə nisyələri ödədim. Bu gün də maddi vəziyyətimin ağırlığı, məhz mənzilimi girovluqdan çıxartmağa heç cür imkan vermir. Ötən illər ərzində Şahbaz Bayramovun yaratmış olduğu problemlə də bağlı, bir çox dövlət qurumlarına rəsmi qaydada müraciətlər etsəm də, hələ ki, məqsədimə nail ola bilməmişəm.

Mən şəhər icra nümayəndəsi vəzifəsini daşıyan Şahbaz Bayramovdan obyektimin söküntüsü zamanı ələ keçirmiş olduğu ərzaq mallarımı, “itbata saldığı” materiallarımı, bir çox avadanlıqlarımı geri qaytarmasını tələb etmişəm. Təəssüf ki, belə bir məqsədimə nail ola bilməsəm də, əldə etdiyim məlumatlara görə artıq Şahbaz Bayramov öz məqsədinə nail ola bilib. Belə ki, o, mağazamın yerləşdiyi yerdə inşa etdirdikləri künbəzşəkilli obyektin tikintisi zamanı, obyektimdən ələ keçirmiş olduğu materiallardan istifadə etdirib.

Belə bir yolla da, guya ki, həmin materiallar təzə alınıb adı altında rəsmləşdirilir və sabiq icra başçısı ilə əlbir olaraq, büdcədən xeyli məbləğdə pulu birlikdə mənimsəyirlər. Ötən illər ərzində Şahbaz Bayramovdan ərzaq mallarımı, “itbata saldığı” materiallarımı, bir çox avadanlıqlarımı ona görə geri ala bilmədim ki, bu şəxsin “arxa-dayağı” Ramiz Yediyarov idi. Artıq sabiq icra başçısı meydanda olmadığından, bəzi şəxslərin orda-burda danışdıqlarına görə o, daşıdığı vəzifəsindən uzaqlaşdırılacağına saylı günlər qaldığını bildirir. Yəqin ki, o halda Şahbaz Bayramovu “məhşər ayağı”na çəkmək mümkün olacaq.


Məsələnin düşündürücü tərəfi odur ki, adı çəkilən bu şəxs sabiq icra başçısı Ramiz Yediyarov komandasının fəal üzvlərindən biri olmuş və zaman-zaman rayon üçün ciddi problemlər yaratsa da, bu gün də vəzifə başında saxlanılır. Belə bir halın varlığı tək məni deyil, hal-hazırda tam əksəriyyəti düşündürən məsələdir.

Amma nəinki mən, hətta Şahbaz Bayramov zülmündən “zinhara gələn” hər kəs heç də ümidimizi itirməmişik. Çünki, o halın da varlığına inanırıq ki, bir müddət bundan öncə Gədəbəy RİH-nə başçı təyin olunan və rayonu yeni düşüncə, yeni yanaşma tərzi ilə idarəedəcəyinə qərar verən cənab İbrahim Mustafayev, belə bir halların varlığına xüsusi diqqət ayıracaq və çox yaxın vaxtlarda Şahbaz Bayramovla bağlı “yek qərar”ını da elan edəcək”.

Əliyev Oqtay Qara oğlu bizimlə söhbətində onu da qeyd etdi ki, “Üz-üzə qaldığım problemlərin baiskarı olan vəzifə sahiblərindən biri də, Gədəbəy RİH Aparatinda hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərov olub. Fikir verin ki, adı çəkilən bu şəxs Prezident Administrasiyasına, “Rabitə Bank”a, DİN-nə, Baş Prokuroluğa və digər qurumlara yalan məlumatlar çatdırıb ki, guya Gədəbəy RİH Aparatı tərəfindən mənə rayonun Heydər Əliyev prospektində yerləşən ticarət mərkəzindən 56 kvm mağaza verilib.

Bu yöndə informasiya dövriyyəyə buraxılan zaman, qeyd olunan ticarət mərkəzinin yerləşdiyi əraziyə mülkiyyət hüququ olan Səfərov Vaqif Qara oğlu mənimlə görüşdü. Ümumi söhbət əsnasında o, həmin əraziyə dair 04 dekabr 2010-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Şəmkir 11 saylı ərazi idarəsindən aldığı 505013001070 reyestr nömrəli Çıxarışı mənə göstərdi. O halda bəlli oldu ki, Zülfüqar İsgəndərovun təqdim etdiyi sənədlərin hər biri saxtadır.


Bundan əlavə, adı çəkilən bu şəxs bir müddət bundan öncə Gəncə İnzibati-İqtisad Məhkəməsinə saxta sənədlərə gəlmişdi. Aparılan araşdırmalar zamanı, onun təqdim etdiyi sənədlərin saxta olması faktı bir daha aşkara çıxarıldı. Üz-üzə qaldığım problemlərlə bağlı 29 noyabr 2018-ci il tarixdə Gəncə Apelliyasiya Məhkəməsində keçirilən proses zamanı Zülfüqar İsgəndərovun özü də iştirak etsə, o, bu dəfə yalan danışmağa “risk etmədi”.

Elə ki, Bakı şəhərinə qayıtdım, o halda bir daha PA-na getməyə qərar verdim. 3 dekabr 2018-ci il tarixdə isə mən və Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarovun qurduğu “oyunların qurbanı olan” rayon sakini Səfərov Vaqif Qara oğlu PA-nın qəbul şöbəsində olduq. Qəbul şöbəsində təqdim etdiyimiz sənədlərə baxış keçirildi və 10 dekabr 2018-ci il tarixə Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri cənab Zeynal Nağdəliyevin qəbuluna yazıldıq.


Onu da bildirim ki, 4 dekabr günü səhər saatlarında Gədəbəy RİH-də vəzifə sahibi olan şəxslərdən biri mənə zəng edib bildirdi ki, “Tez rayona gəlin, sizi RİH-də qəbul edəcəklər. Bizi ötən illər ərzində RİH-də hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərov və digər vəzifə sahibləri o qədər aldadıblar, boş-boş vədlər veriblər, bir çox qurumlara saxta sənədlər təqdim ediblər ki, artıq bizim onlara inamımız qalmayıb.

Ona görə də, hər ikimiz vəzifə sahiblərinin belə bir əməllərini əsas tutaraq rayona getməkdən imtina etdik. Atılan belə bir addımlardan əlavə, indiyə kimi üz-üzə qaldığımız problemlərin həlli ilə bağlı PA-na və digər dövlət qurumlarına saysız-hesabsız rəsmi məktublar ünvanlamışıq, teleqramlar vurmuşuq.

Düzdür, bunların qarşılığına göndərdiyimiz məktubların ünvan üzrə çatması və tədbir görülməsi üçün Gədəbəy RİH-nə göndərilməsi haqda bildirişlər də almışıq. Bütün bunlara baxmayaraq, Gədəbəy RİH-dən heç bir cavab əldə edə bilməmişik. Bizə çatdırılan bəzi məlumatlara görə, həmin məktublar Zülfüqar İsgəndərov tərəfindən ya “itbata salınıb”, ya da ki, adı çəkilən şəxs(lər) cavab verməyi özlərinə rəva görməyiblər.

Yəni, reallıq belə olub. Biz belə bir getgəllərdən, boş-boş vədlərdən cana doymuşuq. Ona görə də şəxsən bizim ailə üzvləri və ikinci girovluğa qoyduğumuz mənzilin sahibləri (həyat yoldaşımın bacısıgilin ailə üzvləri) 10 dekabr 2018-ci il tarixdə cənab Zeynal Nağdəliyevin qəbulunda hansı nəticənin əldə olunacağını gözləyirik. Həmin gün heç bir nəticə olmazsa, o halda yəqin ki, haqq səsimizi hər yana yaymaq üçün, yeni addımlarımızı atmaq yöndə qərar verəcəyik”.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir.

Mənbə GundemXeber.Az