Millət vəkili: Orada savadsızlar, kütbeyinlər oturub

Millət vəkili: Orada savadsızlar, kütbeyinlər oturub
17:45 06-12-2018 | icon 35

Milli Olimpiya Komitəsinin baş katibi, Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev boksun Olimpiya Oyunlarından kənar qalma məsələsinə münasibət bildirib.

O, milletinsesi.info-a verdiyi müsahibəsində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyini bu qərarına görə sərt şəkildə tənqid edib:

“Boksun Olimpiya Oyunlarından kənarlaşdırılması bugünkü Beynəlxalq Olimpiya Hərəkatındakı rəhbərliyin səviyyəsizliyindən xəbər verir. Çünki onlar bilməlidir ki, Olimpiya tarixində boks atletika və güləşlə birgə ilk idman növləri olub. Yeni seçilmiş AIBA prezidenti onların xoşuna gəlmirsə, boks burada neyləsin? Boksla nə işiniz var? Belə şey olar? Mən bunu bütün dünyaya yayacağam.

Yazacağam ki, boks, güləş və atletika olmasaydı, Olimpiya Oyunları olmazdı. Köklü Olimpiya idman növünü Olimpiadadan çıxarmaq nə dərəcədə düzgündür? Kimdənsə xoşunuz gəlmirsə, burada idman növü neyləsin? Bu idmanla Yer kürəsində minlərlə insan məşğul olur”.

AIBA-nın özbək prezidenti Qafur Rəhimov ABŞ Maliyyə Departamenti tərəfindən kriminal qruplaşmada iştirakına görə sanksiyaya məruz qalıb. Məhz buna görə onun prezident seçilməsi BOK-un narazılığına səbəb olub. Lakin millət vəkili bir şəxsə görə boks barədə belə qərarın verilməsinin yanlış qərar olduğunu bildirib: 

“Deyək ki, o, kriminal qruplaşmanın üzvüdür. Beynəlxalq Olimpiya Komitəsi təsdiqləməsin onu. Desinlər ki, yenidən iclas keçirib başqa adamı seçin. Ona görə boksun nə günahı var? İkincisi, boksda çəki dərəcələrində azaldıb səkkiz ediblər. Bunlar başa düşmür ki, optimal çəkilərin sayı on olmalıdır.

Xüsusən aşağı çəkilərdə fərq üç kiloqramdan çox olmamalıdır. Fərq 4-5 kq olanda rəqiblər bir-birinə daha ağır zərbə vururlar. Belə olanda zərbələrin təsiri birdən on faizə artır. Başa vurulan zərbələrin isə beyinə təsiri var. Tibbi cəhətdən düzgün deyil. 49, 52, 56, 60, 64, 69, 75, 81, 91 və +91 kq çəki dərəcələri olmalıdır. Bunu da Beynəlxalq Olimpiya Komitəsi belə edib ki, medalların sayını azaltsınlar. Amma bilmirlər ki, çəkiləri azaltmaqla boksçuların sağlamlığına təsir edirlər?”

Ağacan Abiyev BOK-un Tibbi Komissiyasını da savadsızlıqda günahlandırıb:

“Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcəyəm. Yazacağam ki, sizin Tibbi Komissiya yatır. Bu çəkiləri azaldanda nəzərə alınmışdı ki, zərbələrin beyinə təsiri 5-10 faizdən çox olmamalıdır. Amma indi otuz faiz olacaq. Biz deyirik ki, xarici ölkələr belədir, elədir. Elə xarici ölkələrdir də, başımıza bu oyunları açırlar. Orda savadsızlar, kütbeyinlər oturub.

Onların heç tibdən xəbəri yoxdur. Medal dediyin nədir ki? Dəmirdir də. Olimpiada qızıl medal gümüşdəndir, sadəcə, qızıl suyuna çəkilib. Yalnız gümüş və bürünc medallar həqiqidir. SSRİ vaxtı deyirdilər ki, bu qədər qızıl medallar hardandır?! Elə o vaxtdan qızıl medallar gümüşdən hazırlanır.

Bəlkə də, Olimpiadanın ilk illərində idmançılara həqiqi medallar verilib. Yoxsa indi Olimpiadanın ən çox qızıl medal qazanan idmançısı, amerikalı üzgüçü Maykl Felps bütün medallarını satsaydı, dünyanın ən varlı atleti olardı”.

Səbuhi MUSAYEV

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar