Səfər Mehdiyev: "Gələn ilin proqnoz tapşırığının yerinə yetirilməsi üçün bütün resurslar tam səfərbər olunub"

Səfər Mehdiyev: "Gələn ilin proqnoz tapşırığının yerinə yetirilməsi üçün bütün resurslar tam səfərbər olunub"
17:42 06-12-2018 | icon 58

Səfər Mehdiyev: “Yaxın günlərdə ixracla bağlı tamamilə elektronlaşdırılmış idarəetmə sisteminə keçiləcək”

"Caspian European Club" Dövlət Gömrük Komitəsi ilə birgə biznes-forum keçirib

Bu gün "Caspian European Club" Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin iştirakı ilə biznes-forum keçirib. 

"Millətinsəsi.info" xəbər verir ki, tədbirdə Azərbaycandа gömrük qurumları ilə biznes arasında dialoqun genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Səfər Mehdiyev biznes-forum iştirakçılarını maraqlandıran bütün suallara cavab verib, DGK-nin fəaliyyəti və yeni planlar üzərində xüsusilə dayanıb.

DGK rəhbəri qeyd edib ki, son illər ölkədə qeyri-neft sektorunun inkişafı, ixrac və tranzit potensialının artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar gömrük orqanlarının fəaliyyətində əsaslı dönüş yaradıb.

Gömrük sistemində aparılan struktur islahatları, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, infrastrukturun yenidən qurulması və kadrların potensialının gücləndirilməsi istiqamətində görülən işlərə toxunan Komitə sədri artıq gömrük orqanlarının daha çevik və dinamik bir quruma çevrildiyini bildirilib.

O həmçinin deyib ki, həyata keçirilən islahatların nəticəsi olaraq fiskal sahədə, qaçaqmalçılıq hallarının qarşısının alınması, gömrük nəzarətinin səmərəli təşkili, şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

DGK sədri Səfər Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsinin  hesablamalarına görə, dekabr ayının proqnozunun icrasından sonra ilin əvvəlindəki proqnozla, yəni dövlət büdcəsinin dürüstləşməsindən oncə gözlənilən rəqəmlə müqayisədə büdcə öhdəliyinin 1mlrd. manatdan artıq vəsaitlə yerinə yetirilməsi mümkün olacaq.

Onun sözlərinə görə, bu ilin ortasında Dövlət Gömrük Komitəsinin plan proqnozu əlavə 760 mln. manat artırılıb: “Bugünkü gün üçün, demək olar ki, Dövlət Gömrük Komitəsi illik plan proqnozunu artıqlaması ilə yerinə yetirib. Artıq bugünkü tarixə 3mlrd. 380 mln. manat dövlət büdcəsinə köçürülməsi təmin olunub”.

S.Mehdiyev bildirib ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq və nəzərdə tutulan plan proqnoz artıqlaması ilə yerinə yetiriləcək: "Dövlət Gömrük Komitəsinin qarşısında gələn il üçün proqnoz tapşırıqları qoyularkən həm nəqliyyat vasitələrində, həm də bəzi mallara müəyyən aksiz dərəcələrində dəyişiklik nəzərə alınıb. Azərbaycan Prezidenti İlham Əliyev gömrük orqanları və xüsusilə də fiskal sahədə fəaliyyət göstərən digər dövlət qurumları qarşısında qəti tapşırıq verərək bu sahədə islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi və xüsusilə sahibkarlara münbit şəraitin yaradılması, “kölgə iqtisadiyyatı” ilə bağlı bütün qurumların əlbir olub bu sahədə funksiyalarımızı eyni istiqamətə yönəltməyi tapşırıb."

Onun sözlərinə görə, verilən tapşırıqlara uyğun olaraq, şəffaflığın təmin edilməsi üçün islahatların aparılması qaçılmazdır: “Bizim də gələcək fəaliyyətimizdə “Yaşıl dəhliz” sistemlərinin genişləndirilməsi və bu sistemin ofisdən gömrük komitəsinin müvafiq qurumlarına gömrük bəyannaməsinin təqdim olunması, həm də gömrük-vergi rüsumlarının ödənilməsi ilə bağlı məmur- vətəndaş təmasını minimuma endirmək əsas məqsədimizdir. Xüsusilə də ixrac malları ilə bağlı sahibkarlarla tərəfdaş olacağıq və biz onlara xüsusi kanallar, dəhlizlər verəcəyik. Hesab edirik ki, yaxın günlərdə ixracın tamamilə elektronlaşdırılmış idarəetmə sisteminə keçəcəyik”.

S.Mehdiyev deyib ki, gömrük məmurunu görmədən sahibkarlar mallarını bəyan edəcək. Onun sözlərinə görə, iş adamlarına ilin bütün gün və saatlarında mallarını elektron qaydada bəyan edərək ixrac etmək imkanı yaradılacaq: “Bununla bağlı bizim IT mütəxəssislərinin ilkin pilot layihəsi tamamlanıb, bu ilin sonuna qədər pilot versiyada sahibkarlara təqdim edəcəyik. Növbəti ildə digər idxalatçılar da bura cəlb ediləcək, onlar avtomatlaşdırılmış sistemlə öz mallarını elektron bəyan edərək mallarını rəsmiləşdirə, rüsumlarını ödəyə biləcək”.

Onun sözlərinə görə, xüsusilə energetik içkilərə aksiz vergisinin tətbiqinə görə xüsusi hesablama aparılıb: “Biz də bilirik ki, gələn il üçün Dövlət Gömrük Komitəsi nəzərdə tutulan 3 mlrd. 702 mln. manat proqnozu yerinə yetirəcək. Artıq bu ildən bu proqnozun icrası ilə bağlı bütün resurslar və bütün texniki imkanlar nəzərə alınıb, tam səfərbər olunub. Bununla bağlı hesablamalar aparılıb və hökumətin büdcə sistemi haqqında qanununa uyğun olaraq büdcə layihəsi işlənərkən də DGK-nın ekspertləri, xüsusilə də Baş İdarə rəisləri orada təmsil olunublar. Bütün layihələrin işlənməsində də bizim komitənin əməkdaşları iştirak ediblər. Burada qeyri-obyektiv rəqəm görmürük”.

S.Mehdiyev bildirib ki, ölkəmizdə baş verən iqtisadi inkişaf gələn il də komtənin qarşısına qoyulan proqnozun yerinə yetirilməsi üçün əsas verir: “Ticarət həcmi bu həcmdə qalarsa və bu şəkildə gedərsə, xarici ticarət fəaliyyəti iştirakçılarının hər hansı riskləri ortaya çıxmazsa, bu proqnoz önümüzdəki ildə də yerinə yetiriləcək”.

 

Biznes-forumda çıxış edən "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə göstərilən diqqətə görə S.Mehdiyevə minnətdarlığını bildirib.

Biznes-forumda S.Mehdiyevə "Caspian European Club"un fəxri üzvlük sertifikatı təqdim olunub. "Caspian European Club"un yeni və fəaliyyətdə olan üzv şirkətlərinə də sertifikatlar verilib.

Tədbirdə "Alliance Assist" şirkətinim direktoru Bəxtiyar Yaraliyev və "Zaman Broker" şirkətinin direktoru Xəyal Məmmədxanlı təqdimatla çıxış edib.

Biznes-forumda dövlət və özəl şirkət rəhbərləri, bir sıra diplomatik qurumların, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyun ayında Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy International Media Group"un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də "Caspian American Club", 2018-ci il yanvarın 26-da "Caspian Asian Club" təsis olunub. Hər iki təşkilatı 2 il ərzində "Caspian European Club"un İdarə Heyətinin üzvləri idarə edəcək. "Caspian European Club"a daxil olan bütün şirkətlər avtomatik qaydada "Caspian American Club" və "Caspian Asian Club"un, "Caspian American Club" və "Caspian Asian Club"a daxil olanlar isə "Caspian European Club"un üzvü hesab olunurlar.

"Caspian European Club"un əsasını Prezident İlham Əliyev qoyub.