Lujkov Heydər Əliyev haqqında: Ondan qonşu otağa keçməyini xahiş etdim - VİDEO

Lujkov Heydər Əliyev haqqında: Ondan qonşu otağa keçməyini xahiş etdim - VİDEO
18:17 06-12-2018 | icon 32

Dekabrın 12-də Heydər Əliyevin vəfatının 15 ili tamam olacaq. 

milletinsesi.info xəbər verir ki, “Moskva-Baku” portalı Azərbaycanın ümummilli lideri, dövlət xadimi Heydər Əliyevə həsr edilmiş müsahibələr silsiləsini təqdim edir.

Heydər Əliyevi tanıyan məşhur siyasətçilər, həmkarlar və insanlar onun insani və rəhbər keyfiyyətlərindən danışırlar.

Moskvanın sabiq meri Yuri Lujkovun Heydər Əliyev haqqında xatirələrini oxucuların diqqətinə çatdırırıq.

Heydər Əliyev haqqında söz

Böyük insan Heydər Əliyev haqqında təsirli xatirələrimə başlamazdan əvvəl sevimli ölkəmin – Azərbaycanın vətəndaşlarını salamlamaq istəyirəm: “Salam, əziz Azərbaycan dostlarım!”

Demək istərdim ki, Heydər Əliyev postsovet məkanında görkəmli simalardan idi. Mən uzun illər sənayedə çalışmışam, uzun illər Sovet İttifaqı hökumətinin ali dövlət orqanları ilə qarşılıqlı əlaqədə olmuşam və Heydər Əliyevi sovet dövründən tanıyıram. 

Heydər Əliyev haqqında çox şey danışmaq olar və onsuz da düşünürəm ki, bu obrazı açmaq üçün vaxt çatmaz – Heydər Əliyev çoxşaxəli insan obrazına, nadir şəxsi keyfiyyətlərə və bacarıqlara, böyük, dərin dövlətçilik təfəkkürünə malik idi. 

Bu insan yalnız ixtisası üzrə təhlükəsizlik məsələləri ilə çox məşğul olan bir şəxs kimi deyil, həm də iqtisadi menecer kimi unikal potensiala sahib idi. Bilirdim ki, Heydər Əliyev əsas təhsilini mülki sahədə alıb. Onun memarlıq və iqtisadiyyatdan yaxşı başı çıxırdı. O, həmin illərdə işlədiyi rəngsiz hökumətdə çox görkəmli bir şəxs idi.

Sovet hökumətində işlədiyi beş il müddətində Heydər Əliyevin potensialına, onun hamını heyrətləndirən yaddaşına, təfəkkürünə müraciət edilib. O, dövlətin inkişafına, ölkənin iqtisadiyyatının inkişafına kömək edirdi. 

Demək lazımdır ki, yeni zamanlar onun üçün faciəli dövr idi. 20 yanvar 1990-cı il... Bu hadisələr Heydər Əliyevi çox narahat edirdi. Onlar onun şəxsiyyətinə və baxış sisteminə, prinsip və məqsədlərinə təsir etdi, bu hadisələr onun Sovet İttifaqı rəhbərliyinə, ilk növbədə Mixail Sergeyeviç Qorbaçovun bacarıqsızlığına qarşı etirazına səbəb oldu.

Sovet rəhbərliyi, Mixail Sergeyeviç Qorbaçov bu problemi həll edə bilmədi və ya istəmədi,  çox güman ki, bu, onların dövlət vəzifələrini həll edə bilməməsindən irəli gəlirdi, bu vəziyyəti düzəldə və qan tökülməsini dayandıra bilmədilər. 

Heydər Əliyev bu hadisələrdən dərin narahatlıq keçirirdi, o, bunu dəfələrlə mənə deyib və onun narahatlıqları nəticəsində Heydər Əliyev 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Bu qərar o zamankı dövlət rəhbərliyinin apardığı siyasətə qarşı güclü etiraz idi. Daha sonra Sovet İttifaqı dağıldı və Azərbaycan müstəqil dövləti formalaşdı.

Bütün bunlar çox çətin və qarışıq siyasi və iqtisadi şəraitdə baş verirdi. Elçibəy meydana çıxdı. Onunla görüşmüşdüm və xatırlayıram ki, Elçibəyin mənimlə tərcüməçi vasitəsilə danışması məni heyrətləndirmişdi.

Mən Azərbaycana ərzaq məsələlərini həll etmək üçün gəlmişəm... Bu, Elçibəy tərəfindən lazımsız və lüzumsuz idi. Azərbaycan xalqı onu dövlət rəhbəri kimi qəbul etmədi və 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı. O, hakimiyyətə xalqın tələbi ilə qayıtdı.

Bundan sonra Heydər Əliyevin hakimiyyətə qayıtması ilə qısa zamanda ayağa qalxan Azərbaycanda mənim çoxlu görüşlərim oldu. Nəyin sayəsində? Heydər Əliyevin müdrikliyi sayəsində... O, strateq idi, düzgün başa düşürdü ki, iqtisadiyyatı inkişaf etdirmək lazımdır, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır və bunlar nəticəsində sonradan ərzaq üçün, xalqın həyatı, tikinti, sənaye üçün və hər şeyin inkişafı üçün pul qazanma imkanı yaranacaq. 

Mən Heydər Əliyevin daha bir keyfiyyətindən danışmaq istərdim. 

Heydər Əliyev xalqının insanı, millətinin lideri idi. 

Heydər Əliyev Azərbaycanın inkişafı, suverenliyinin möhkəmləndirilməsi üçün çalışırdı və eyni zamanda, Rusiya ilə, Rusiya xalqı ilə əlaqələri heç bir halda itirmək istəmirdi. Xalqlarımız uzun illər birlikdə olub. Biz faşizmə qarşı birgə savaşmışıq.

İkinci Dünya Müharibəsi illərində Bakı bütün hərbi texnikaların yanacaqla təminatı məsələlərini həll edirdi. Almanlar hədər yerə Bakıya soxulub, neft mədənlərini ələ keçirməyə can atmırdı. Və bu gün biz birgə tariximizi yadımıza salmalıyıq. Əgər biz bir-birimizə nədəsə kömək edə biləriksə, onda bunu etməliyik. 

Heydər Əliyev dəfələrlə bizim hakimiyyətimizin nümayəndələrini Bakıda keçirilən Moskva günlərinə dəvət edib. Və bu həmişə böyük qardaşlıq bayramı idi, Heydər Əliyev bu tədbirlərdə şəxsən iştirak edirdi. 

Bu gün biz sizinlə böyük dövlət xadimi haqqında danışırıq. Mən Sovet İttifaqı dağıldıqdan sonra öz ölkəsinin inkişafı üçün işləyən bir və ya iki dövlət rəhbərinin adını çəkə bilərəm. Ancaq mənim yaddaşımda Heydər Əliyev “bir nömrə” olub. 

Heydər Əliyev haqqında ölkə rəhbəri kimi danışan zaman biz onu şəxsiyyət, güclü iradəli, hər zaman irəliyə baxan insan kimi xatırlayırıq. Çünki belə də olmalıdır. Lider öz xalqını çağırdığı gələcəyi görməlidir. O, cəsarətli adam idi. Ancaq daha bir məqam olmasaydı, Heydər Əliyevin təsviri tam olmazdı. Sizə Azərbaycanda çoxlarının bilmədiyi bir hekayəni danışmaq istərdim. 

Heydər Əliyev gözəl ailə başçısı idi. Heydər Əliyev gənc yaşda həyatdan gedən həyat yoldaşını çox sevirdi. Moskvada işlədiyimiz vaxtlarda işdən bir neçə dəqiqəlik də olsa, sərbəst vaxt tapan kimi Novodeviçe qəbiristanlığına gedib, Zərifə xanımı yad edirdi.

O, prezident olanda mən görkəmli bir heykəltəraşın bu xanımın gözəlliyindən ilhamlanaraq hazırladığı büstünü tapdım. Heydər Əliyevin bundan xəbəri yox idi. Azərbaycana olan ilk səfərimdə bu büstü Bakıya apardım. Mühafizəçilərlə danışdım ki, qabaqcadan ona bu haqda heç bir məlumat verilməsin. Azərbaycan çayı içərək başladığımız müzakirəmiz sona çatanda o məni qonaq dəvət etdi.

Mənsə büstün olduğu yan otağa keçməyimizi xahiş etdim. Büstü gördükdə gözlərindən yaş axdı. O anda ağlayan şəxs təkcə bacarıqlı bir idarəçi deyil, həm də böyük ürəkli və həssas qəlbli bir insan idi. Mənim üçün bunların hamısı çox həyəcanlı idi. Və bu Heydər Əliyevdir, o, təkcə müdrikliyi, qüdrətli dövlət təfəkkürü ilə deyil, eyni zamanda, dərin hissləri – insanların taleyi üçün narahatlığı olan böyük insandır.

Onun xatirəsini təkcə onu tanıyan, onunla ünsiyyət quranlar deyil, həmçinin bizim xalqlarımız üçün əbədi olmalıdır. Belə insanlar keçmişə qərq ola bilməz, onlar tarixdə öz yerini tutmalıdır, onlar təkcə hansısa ölkənin ali rəhbərləri üçün deyil, başqaları üçün də nümunə ola bilər, onlar bütün sadə insanlar üçün nümunə olmalıdır.