“Kitabxanalar - ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

“Kitabxanalar - ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
16:25 05-12-2018 | icon 74

Dekabrın 5-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxanalar - ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Elmi tədbir kitabxananın 90 illiyinə həsr olunub. Konfransı giriş sözü ilə kitabxananın direktoru Oruc Quliyev açaraq bildirib ki, bu gün ölkəmizdə 90 yaşı olan az sayda kitabxanalardan biri olan Gənclər kitabxanası Azərbaycanın mədəni-maarif sahəsinin inkişafında mühüm rol oynayır. Bu gün Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, onun milli vətənpərvərlik tərbiyəsi, yüksək təhsil tələbləri, dünyaya açılması, yeniliyə, yeni texnologiyalara yiyələnməsi, milli dəyərlərlə bəşəri dəyərləri uğurla sintez edə bilmək qabiliyyəti kitabxananın fəaliyyətinin əsas ideoloji platformasını təşkil edir.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kitabxananın əməkdaşlarını əlamətdar yubiley münasibətilə təbrik edərək, Prezident İlham Əliyevin Respublika Gənclər Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında 4 dekabr 2018-ci il tarixli sərəncamını oxuyub.

Vaqif Əliyev qeyd edib ki, 90 il qısa zaman deyil və bu müddət ərzində bir kitabxana öz oxucu kontingentini qoruyub saxlaya, fondunu bir neçə nəslin mütaliə tələbatına uyğun komplektləşdirə bilibsə, demək, onun fəaliyyətini uğurlu hesab etmək olar. Gəncləri cəmiyyətin intellektual üzvü kimi yetişdirmək və onların mədəni inkişafını təmin etmək hər bir toplum üçün ən aktual məsələlər sırasındadır.

Nazirin birinci müavini ölkəmizdə həyata keçirilən gənclər siyasəti və gənclərə göstərilən dövlət qayğısından söz açıb. Bildirib ki, Respublika Gənclər Kitabxanası gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində, onların mütaliə marağının yüksəldilməsində və asudə vaxtlarının səmərəli təşkilində fəal iştirak edir.

Müstəqillik illərində kitabxana-informasiya fəaliyyətində baş verən yeniliklər, yeni texnologiyaların tətbiqi Gənclər kitabxanasının qarşısında da yeni vəzifələr qoyub. Kitabxana gənclərlə işin yeni forma və metodlarının öyrənilməsi istiqamətində işini daha da yüksəltməlidir.

Mədəniyyət ocağı müasir dövrdə baş verən qlobal proseslərdə öz yerini tapmalı, gənclərə müasir kitabxana-informasiya xidmətinin təşkili məqsədilə milli-mədəni və elmi irsin qorunması, mühafizəsi, emalı və xidmətə verilməsi sahəsində fəaliyyətini beynəlxalq təcrübə və müasir tələblərə cavab verə biləcək səviyyədə təşkil etməlidir.

Virtual məkanda fəaliyyətini genişləndirmək, sosial şəbəkələrdə gənclərin daima yanında olmaq məqsədilə Gənclər kitabxanası müntəzəm olaraq yenilikləri öyrənməli, tətbiq etməli, treninq və təlimlər keçirməli, təcrübə mübadilələrinin nəticələrini təhlil etməli və yeni çağırışların önündə hazır olmalıdır.

Sonda Vaqif Əliyev kitabxana əməkdaşlarını bir daha təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfrans “Müasir dövrdə akademik informasiya xidmətinin xüsusiyyətləri”, “Müasir innovasiyalar və Azərbaycan kitabxanalarına tətbiqi problemi”, “Kitabxanaçılıq təhsili və müasir gənclik”, “Müasir informasiya resursları və Azərbaycan dilli kontent” və s. aktual mövzularda məruzələrin dinlənilməsi ilə davam edib. Məruzələr ətrafında maraqlı fikir mübadiləsi aparılıb.