İlham Rəhimov: “Qazaxıstanda aparılan islahatların mərkəzi insandır”

İlham Rəhimov: “Qazaxıstanda aparılan islahatların mərkəzi insandır”
18:34 04-12-2018 | icon 79

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov “Yeni Müsavat”a eksklüziv müsahibə verərək Qazaxıstan səfərindən, orada "Cinayət və cəzanın fəlsəfəsi" kitabının təqdimatından, Qazaxıstanın hüquq sisteminin özəlliklərindən danışıb. Müsahibəni təqdim edirik:

- Professor, bir neçə gün öncə Astanada sizin “Cinayət və cəzanın fəlsəfəsi” əsərinizin qazaxca versiyasının təqdimatı keçirilib. Bu ideya necə yarandı?

- Bu əsər bir neçə dilə tərcümə edilib, bir neçə ölkədə təqdimatı keçirilib. İtaliyada, İsraildə, Çində təqdimatlara hazırlıq gedir. Qazaxların təklifi, açığı, mənim üçün gözlənilməz oldu. Ölkənin tanınmış cinayət hüququ professorlarından Esbergen Alauxanov bizim oktyabrda Bakıda keçirdiyimiz “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” adlı beynəlxalq konfransa qatılmışdı. Orada bildirdi ki, əsər çap ediləndən onun qazaxcaya tərcüməsi ilə məşğuldur və yaxınlarda kitab Astanada çap ediləcək. Noyabrda əsərin çap edildiyi, Qazaxıstanın hüquq ictimaiyyətinin ciddi marağına səbəb olduğu xəbərini aldım. Təqdimat keçirmək təşəbbüsünü də Qazaxıstan tərəf irəli sürdü. Noyabrın 30-da Astanada yüksək səviyyədə təşkil olunan təqdimatda məni ən çox sevindirən mərasimin çox faydalı elmi müzakirəyə çevrilməsi oldu. Öncə təqdimatın Astana Milli Kitab Mərkəzində keçirilməsi planlaşdırılmışdı. Bu möhtəşəm mərkəz həm zəngin kitabxana, həm də kitab təqdimatları, ədəbi, elmi müzakirələr üçün ölkənin ən prestijli məkanıdır. Sonradan Alauxanov Senat sədrinin bizi təqdimat üçün parlament binasına dəvət etdiyini dedi və mərasim orada baş tutdu. Onu da deyim ki, “Cinayət və cəzanın fəlsəfəsi” Qazaxıstan Senatı yaranandan təqdimatı orada keçirilən ilk kitabdır. Senatın sədrinin, senatorların, ölkənin hüquq ictimaiyyətinin çox maraqlı çıxışları oldu. İkinci təqdimat isə Qazaxıstan Ali Məhkəməsində keçirildi. Nəzəriyyə ilə bərabər praktik fəaliyyətlə məşğul olan hüquqşünasların çıxışları, müzakirələr çox faydalı idi. Ali Məhkəmədə bizim heyət üçün Qazaxıstan məhkəmə-hüquq sistemi haqqında geniş prezentasiya da təşkil olunmuşdu.

- Bu islahatların əsasında nə dayanır?

- İnsan faktoru. Ümumiyyətlə, bu gün Qazaxıstanda aparılan islahatların mərkəzi insandır. Qazaxlar məhkəmə-hüquq islahatlarını şərti olaraq “ədalət mühakiməsinin 7 daşı” adlandırırlar. 7 daş 7 prinsip deməkdir. Onların fikrincə, həmin 7 prinsip mühakimənin ədalətli olmasının qarantıdır.

- Maraqlıdır, niyə prinsip yox, daş?

- Bu sualı mən də onlara verdim. Dedilər ki, əski türklər qərar vermə anına “bütün daşları toplamaq zamanıdır” deyirmişlər. Yəni bütün səbəbləri incələyərək nəticə çıxarmaq məqamı. Bu örf-adət türk törəsinə bağlı Qazaxıstan cəmiyyətinin məhkəmə hüquq islahatlarında da yer alıb.

- 7 prinsip necə müəyyən olunub?

- Beynəlxalq hüquq sisteminin hərtərəfli, dərin araşdırması nəticəsində. Ali Məhkəmənin sədri bildirdi ki, prezident Nursultan Nazarbayev ondan məhkəmələrdən prezidentə, digər rəhbər işçilərə şikayət yazılması praktikasına son qoyulması üçün tədbirlər görməsini istəyib. Aydındır ki, ədalətli mühakimə olmadıqda vətəndaş dövlət və hökumət rəhbərlərindən yardım istəyir. Nazarbayevin tapşırığı üzrə bir neçə ölkənin hüquq sistemi öyrənilib. Qazax kadrlar bəlli bir müddət müxtəlif ölkələrə ezam edilib, orada köklü araşdırmalar aparılıb, daha sonra hüquq sistemi rəhbərliyinin həmin heyətin iştirakı ilə keçirdiyi geniş müzakirələrdə ölkə üçün ən uyğun yollar seçilib. Gördüyüm qədəriylə Qazaxıstan bu sahədə çox irəlidədir. Mənə bildirdilər ki, islahatlara qədər vətəndaşın 10 gününü alan müraciət mərhələsi 10 dəqiqəyə endirilib. Bütün sistem vətəndaşın problemini çözmək üçün səfərbər olunub. Protokol yazılması ənənəsindən imtina edilib, bütün məhkəmə prosesləri lentə alınır. Bu apelyasiya mərhələsində saxtalaşdırmaların qarşısını ciddi şəkildə alır. Məhkəmə qərarlarının icrası mexanizmi də yetərincə sürətlidir. Ən bəyəndiyim məqamlardan biri də ağsaqqal institutunun alt məhkəmə strukturu kimi yaradılması və məişət problemləri, xırda cinayətlərlə bağlı geniş tətbiq edilməsidir. Barış Məhkəməsi adı verilən bu struktur həm problemlərin qarşılıqlı anlaşma şəraitində çözülməsinə imkan yaradır, həm də insanların cəza alma faizini azaldır. Bu islahatlar ona gətirib çıxarıb ki, 20 il öncə azadlıqdan məhrumetmə cəsazı 50-55 faizdən 25-28 faizə enib. Önəmli olan odur ki, cəmiyyət hökumətin bu addımlarına adekvat reaksiya verir. Çünki hər kəs islahatların vətəndaşın xeyrinə olduğunu öz həyatında hiss edir.

- Qazaxıstan kadr hazırlığı məsələsinə də ciddi diqqət ayırır. Bu sistemlə tanışlıq imkanınız oldumu?

- Bu dövlətin prioritetlərindəndir. Bu gün çox sayda qazax gənci dövlət hesabına dünyanın ən prestijli universitetlərində təhsil alır. Onların hamısının ölkəyə qayıdıb layiq olduqları işlə təmin olunması üçün dövlət hər imkanı yaradıb. Nəticədə Qazaxıstanda çox savadlı gənc kadrlar ordusu var. Bu gənclik gerçəkdən də Qazaxıstanın milli sərvəti və gələcəyə qoyulan ciddi yatırımdır. Gender məsələsinə də xüsusi diqqət ayrılır. Bu məsələ dövlət başçısının xüsusi nəzarətinədir. Ali Məhkəmədə ədalət mühakiməsinin 7 daşı fəlsəfəsini bizə anladan gənc qızın savadına, təqdimat bacarığına bütün heyət heyran qaldı. Bir neçə ölkənin hüquq sistemi professionallarının, eyni zamanda öz ölkəsinin hüquq sistemi rəhbərlərinin qarşısındakı rahat, sərbəst, ən əsası, dolğun çıxışı ilə hər kəsin alqışını qazandı. Diqqətimi çəkən bir məqamda Qazaxıstanda rəhbər-işçi münasibətlərinin çox yüksək səviyyədə qurulması oldu. Hər kəs elminə, savadına görə qiymətləndirilir, bəzən diskomfort həddinə qədər yüksələn rəhbər eqosu, basqısı qətiyyən hiss edilmir. Demokratik ortam var, insanlar fikirlərini sərbəst ifadə edirlər, müzakirələrdən çəkinmirlər və bütün bu faktorlar Qazaxıstanda sağlam bir mühit yaradıb. Biz yalnız məhkəmə-hüquq sistemi ilə təmaslar qurduq, ancaq ölkənin digər sahələr üzrə inkişaf dinamikasına baxdıqda da aydın görünür ki, Qazaxıstan Respublikası güclü, sağlam təməllər üzərində inkişaf edir. Milli düşüncə çox inkişaf edib. Türk birliyinin yaradılması yönündə çox ciddi addımlar atılıb və atılmaqdadır. Latın qrafikasına keçib bu yöndə ciddi irəliləyiş sayılır. Baza təhsil anadillidir. Nazarbayev çıxışlarında açıq deyir ki, Qazaxıstanda yaşayan hər kəs milliyətindən asılı olmayaraq bu dövlətin dilini bilməlidir. Bütünlükdə bu ölkənin təcrübəsindən yararlanacağımız çox məqamlar var.

- Siz eyni zamanda iş adamısız. Rusiyadakı iqtisadi durum stabilləşməyə doğru gedirmi?

- Dünya iqtisadi böhranı bir çox ölkələrə təsir etdi. Ancaq milli valyutası ucuzlaşan təkcə Rusiya deyildi. Bir sıra ölkələr, o sıradan Azərbaycan da bundan keçdi. Bir məsələni unutmayaq ki, Rusiya nəhəng ölkədir. Təkcə silah satışının dövriyyəsi 50 milyard dollardır. Rusiya neft ixracına görə dünyada 2-ci, qaz ixracına görə 1-ci yerdədir. 2 şimal axını, Türkiyə üzərindən daha 2 axın dünyanın az qala 1/3-ini qazla təmin edir. İndi də Çinə qaz xətti çəkilir. Bunlar nəhəng gəlirlər deməkdir. Avropa Rusiyaya texnoloji satmır. Olsun... Enerji məsələsində Avropa da birmənalı Rusiyadan asılıdır. Bu iki faktor olmasa, Qərb Rusiyanı çoxdan parçalamışdı. Ancaq iqtisadiyyatlar bir-birinə o qədər bağlıdır ki, münasibətləri tamamilə qırmaq heç kimə faydalı deyil. Rusiyanın belə zəngin sərvətləri varkən onu çökdürmək mümkün deyil. Rus xalqının mental düşüncəsinin də bu məsələdə rolu böyükdür. Məhrumiyyətlərə məharətlə dözürlər, aza qane olurlar. Onlar üçün millət, dövlət təəssübkeşliyi o qədər güclüdür ki, heç kim öz şəxsi mənfəətini bu məsələdən önə çıxarmır. Rus xalqı Putinə dayaqdır.

Çünki ölkənin ərazilərini genişləndirib, dövlətin qüdrətini artırıb. Bu yalnız Rusiyada belə deyil. Tarixə damğanı hər zaman ölkələrin ərazilərini genişləndirən hakimlər vurur. Digərlərinin sadəcə adı xatırlanır. Putin də Krıma görə ruslar üçün bu mərtəbədədir. Hakimiyyət vətəndaş birliyi olduğu zaman isə dövlətin siyasəti də, iqtisadiyyatı da güclü olur.