Cəhənnəmin odlu guşəsi, özü də Bakının ortasında...

Cəhənnəmin odlu guşəsi, özü də Bakının ortasında...
19:47 28-11-2018 | icon 99

...İçəridə zülmətdir, əridilən qara metalın tüstüsü heç bir işıqlandırmanın mövcud olmadığı nəhəng tikilidə hökm sürən qaranlıqla qarışaraq əsl cəhənnəm mənzərəsi yaradıb. Bu zülmət qaranlığından arabir üz-gözü hisə boyanmış, mazutdan rəngi seçilməyən fəhlə geyimlərində kimsə çıxır.

Uzaqdan gözə arabir yüksələn alov dilimləri də dəyir ki, bunu da cəhənnəm mənzərəsinin ayrılmaz elementi saymaq olar. Əsatirlərdən məlum olduğu kimi cəhənnəm deyəndə ağla ilk növbədə zülmət qaranlığı və bu qaranlığın ortasında qoyulmuş qır qazanı, həmin qazandan yüksələn alovlar gəlir. İndiki halda fərq ancaq ondadır ki, qır qazanını qara metal tullantılarının əridildiyi kustar soba əvəzləyir.

Oxucular yəqin söhbətin nədən getdiyini başa düşdülər. Və yanılmadılar. Bu cəhənnəm mənzərəsi Bakının ortasında, Binəqədi rayonu ərazisində yerləşən kustar metaləritmə sexlərində hökm sürür. Hansı ki, illərdir bu problem haqda yazırıq.


Fəhlələrin heç bir təhlükəsizlik normalarına əməl edilməyən, nəfəs almağın belə çətin olduğu yarıuçuq məkanlarda-sovet sənaye müəssisələrinin xarabalıqlarında işlədiyi, heç bir standartlara cavab verməyən tikinti materiallarının (armaturlar və s.) istehsal olunduğu, üstəlik hər gün havaya ağır metal tullantılarından ibarət zəhər buraxan kustar sexlər isə öz işindədir. Belə görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin öz səlahiyyətlərinin imkan verdiyi maksimum imkanlar çərçivəsində belə sexləri cəzalandırmasının da ciddi təsirləri yoxdur.

Bu kustar metaləritmə “zavodu” “Amor” şadlıq sarayı ilə üzbəüz, Süleyman Sani Axundovun adını daşıyan küçədə yerləşir. İşçilərini isə görkəmli yazıçının məşhur “Qorxulu nağıllar”ının personajlarına da bənzətmək olar. Axı belə şəraitdə işləyib qəpik-quruş maaş almaq doğrudan da qoxuncdur, təhlükəlidir və hər gün zəhər udan bu işçilərin gələcək aqibətlərinin necə olacağı məlumdur.

“Zavodun” ərazisində reportyorları özlərini təqdim etmək istəməyən şəxslər qarşılayır, daha doğrusu qarşımızı kəsir. Müəssisənin sahibini soruşuruq, “yoxdur, uzaqdadır” deyirlər. Biri özünü “sahibkarın köməkçisi” kimi təqdim edir, amma adını demir. Bəs sahibkar kimdir? Bu müəssisə nə istehsal edir, nə qədər işçisi var, təmizləyici qurğusu mövcuddurmu?



Bu kimi suallara cavab verən yoxdur, ancaq “sahibkar özü cavab verə bilər” deyirlər. Sexə daxil olmağa və foto-video çəkməyə icazədən isə söhbət gedə bilməz. “İcazə yoxdur” deyə hər tərəfdən üstümüzə gəlirlər. Əlbətdə, bu cür ekstremal vəziyyətlərdə işləmək təcrübəsi olan əməkdaşlarımızdan biri telefonunu hər halda sexin içərisinə tuşlaya bilir. Amma nə fayda. İçəridə zülmət qaranlığıdır və çəkilən kadrlarda ancaq qaranlıq, bir də alov seçmək olur...

Buna baxmayaraq içəridə qızğın iş gedir-qəliblərdən təzə çıxmış pəstahlar üst-üstə qalanıb. İşçilər metal tullantılarını doğrayıb əritmə prosesinə hazırlayırlar, sexin dərinliklərində isə ətrafa zəif alov və tüstü saçan hansısa soba işləyir.

Reportyor qrupumuzu sexin bir neçə balaca otaqdan ibarət tikilidə yerləşən “ofisinə” dəvət edirlər, “məsələni aydınlaşdırmaq üçün”. Əvvəlcə deyirlər ki, metal sexinin sahibi İsa müəllimdir. Qısa araşdırmadan sonra məlum olur ki, söhbət əvvəllər Nəsimi rayon vergi idarəsinə rəhbərlik etmiş və sahibkarlara qan uddurması ilə ad çıxarmış İsa Vəkilovdan gedir. Oğlu Müşfiq Vəkilov isə “Kredo Bank”ın Müşahidə Şurasının rəhbəri olub. Mətbuatda adı milyonlarla manatlıq bank maxinasiyalarına görə hallanır.



Məlum olur ki, bu sexin bir küncündə kustar boya sexi də fəaliyyət göstərir. İşçilər görünür izi azdırmaq üçün bu dəfə İsa müəllimin təkcə boya sexinin sahibi olduğunu deyirlər. “Metal sexi onun deyil, bilmirik kimindir”-ofisdə belə deyirlər. Və hər ehtimala qarşı əməkdaşımızın telefon nömrəsini qeyd edirlər ki, sahibkar lazım olsa özü zəng vursun.

İşçilərdən heç bir tutarlı informasiya əldə etməyin mümkün olmadığını görüb müəssisəni tərk edirik. Yaxınlıqdakı kafenin işçisinə üz tuturuq. “Bəli, bu sex İsa müəllimindir, boya sexi də onundur, metal sexi də...”-işçi əminliklə deyir.

Doğrudur, sexin tüstü bacalarından ətrafa qara tüstünün yayıldığı müşahidə edilmir. Amma son vaxtlar ölkə başçısı səviyyəsində şəhərin havasını, ekologiyasını korlayan müəssisələr, obyektlər barədə məsələnin gündəmə gətirilməsi, müvafiq dövlət strukturlarının nəhayət hərəkətə keçib belə obyektlərə qarşı hansısa tədbirlər görməyə başlaması nəticəsində bu cür kustar sexlər metaləritmə sobalarını tam gücü ilə gecə saatlarında işə salmaq taktikasına əl atıblar. Gündüzlər isə əsasən tullantıları doğrayıb əridilməyə hazır hala gətirməklə məşğul olurlar.