Deputat: Dövlətin pulu saxta əlillərə xərclənməsin

Deputat: Dövlətin pulu saxta əlillərə xərclənməsin
11:30 24-11-2018 | icon 112

milletinsesi.info-ın müxbirinin suallarına Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev cavab verir:

- Musa müəllim, artıq neçə illərdir ki, həm cəmiyyətin, həm medianın, həm də elə millət vəkillərinin başlıca gündəm mövzularından biri əlillər, xüsusilə, əlilliyin müəyyənləşdirilməsi məsələsidir.

Bu məsələ ilə məşğul olan, cavabdehlik daşıyan qurumda, nazirlikdə rəhbərliklər dəyişir, amma vəziyyət yenə də dəyişməz qalır, neqativlər ard-arda gəlir. Bu sahə ilə yaxından tanış olan bir mütəxəssis kimi bu məsələdən çıxış yolunu, problemin köklü həllini nədə görürsünüz, hansı təklif(lər)i çatdırmaq və onların reallaşmasını istəyirsiniz?

- Əvvəla, bu problemin köklü həllini çox geniş müzakirələrdə görürəm. 

Çox təəssüf ki, belə müzakirələr aparılmır.

Hansı nazir gəlirsə, öz komandasını yığır və dar bir çərçivədə bu məsələni müzakirə edərək qərar verir. Bu qərar da son nəticədə özünü doğrultmur. İkincisi, bəli, korrupsiya ilə mübarizə aparmaq lazımdır.

Əlilliyin verilməsində 2000-ci illərin əvvəllərindən başlayaraq çox ciddi qanun pozuntuları, rüşvət, korrupsiya halları oldu. Hətta, 2010-cu illərdən sonra bir çox Tibbi-sosial ekspert komissiyalarının sədrləri, üzvləri həbs olundu.

Amma bu o demək deyil ki, əlillik meyarını, yaxud, əlillik verilmə qaydalarını yalnız korrupsiyanın tələblərinə uyğunlaşdırasan. Dünyanın qəbul etdiyi standartlar var. Biz bunları heç vaxt özümüzdən kəşf etmirik.

Biz uzun müddət SSRİ məkanında olmuşuq və Rusiyanın modelindən də istifadə etmişik. Hansı bir ölkənin modelini seçiriksə, o ölkənin modelini dəqiq öyrənməliyik. Həmçinin, təkcə meyarları deyil, eyni zamanda, əlilliyə təsir edəcək digər faktorları da öyrənərək, tətbiq etməliyik.

İndi mənim eşitdiyimə görə, Əmək və Əhalinin Sosial Nazirliyi əlilliklə bağlı qruplardan imtina edir və faiz dərəcələrini təyin etməyə keçir.

Keçsinlər, bu da bir uğurlu yoldur.

Bir zamanlar qrupla verilmək də uğurlu yol idi, yəni, çox uzun illər SSRİ məkanında bu metod tamamilə normal işləyib…

- Dediniz ki, qruplardan imtina edilir, faiz dərəcələrinə keçilir. Bu, effekt verəcəkmi, söz-söhbətlərə, neqativlərə son qoyacaqmı? Ümumiyyətlə, faiz dərəcələri nədir?

- Yəni, faiz dərəcələrində doqquz kateqoriya var. Əmək qabiliyyətini 100 faiz itirib, 80 faiz itirib, 60 faiz itirib, 40 faiz itirib, 5 faiz itirib, 3 faiz itirib və sairə.

Və ona da uyğun şəkildə bəziləri pensiya ala biləcək, bəzilərinə müavinət veriləcək , bəzilərinə, ümumiyyətlə, heç nə verilməyəcək. Sadəcə, göstəriləcək ki, bunun bu qədər əmək qabiliyyəti var, amma heç nə verilməyəcək.

Oxu:

Əslində söhbət nədən gedir? Əlillik tibdən çox sosial meyardır, faktordur. Əlillik təyin olunarkən mütləq hər bir şəxsin individual sosial vəziyyəti araşdırılmalıdır.

Yalnız diaqnozla əlillik qoymaq qəti düzgün deyil və mən şəxsən bunun tərəfdarı deyiləm. İndi təəssüf ki, bu gün bu metodika işləyir.

Eyni diaqnozla iki şəxsə birinə 100 faiz əlillik dərəcəsi vermək olar, birinə 50 faiz, birinə 30 faiz. Birinə də heç vermək olmaz. Tutaq ki, şəxs piano ifaçısıdır və birdən bir barmağının bir falanqası kəsildi. Bu şəxs avtomatik peşəsini itirdi, doğrudurmu? 

Ən azı yeni peşə əldə edənə qədər əlillik dərəcəsi verilməlidir ki, bu şəxs dolansın. Çünki artıq peşəsini yerinə yetirə bilmir və bu səbəbdən sosial vəziyyəti də, maddi duruma da pisləşəcək. Amma elə adam da var ki, tutaq ki, yazıçıdır, institut professorudur, buna heç bir barmaq da lazım deyil.

Yaxud da, başqa bir sahədə işləyir, ona bu barmağın nəinki bir falanqası, bir əli də kəsilsə, əmək qabiliyyətinə, işinə təsir etməyəcək.

Yəni, bunlar tam fərqli-fərqli məsələlərdir, amma onlara eyni zamanda, eyni diaqnoz qoymaq olmaz. Başqa bir məsələ əlillik dərəcəsinin verilməsindən, şəxsin əlillik dərəcəsini almasından sonrakı həyatını necə qurmaq imkanın nəzərə alınması məsələsidir.

Kənd yerində yaşayanla şəhər yerində yaşayanın iş tapmaq imkanları eyni deyil. Və yaxud da, böyük şəhərdə yaşayanlarla kiçik şəhərdə yaşayanların iş imkanları eyni deyil.

Tutaq ki, ali təhsilli bir müəllimdir, dərs deyir. Müəllimin boğazında bir şiş əmələ gəldi, artıq onun nitqi pozuldu, dərs deyə bilmədi. İtirdi də peşəsini, düzdümü? Bu müəllim əlildir, yoxsa, əlil deyil? Bu müəllim artıq əlildir.

Amma eyni xəstəlik, eyni diaqnoz, tutaq ki, bir traktorçudur, yaxud, kənd təsərrüfatı sektorunda işləyən bir adamdır, mühasibdir, buna səs lazım deyil və yaxud, müğənnidir, səsini itirdisə, bu, artıq peşəni itirdi deməkdir. Düzdümü? 

Bax bu cür yanaşmalar olmalıdır.

Burda həm peşə faktoru, həm sosial faktor, həm tibbi faktor yanaşı müzakirə olunmalıdır və ondan sonra əlillik dərəcəsi verilməlidir.

- Bir qədər bəsit səslənsə də, indi necə edirlər? 

- İndi deyirlər, Səhiyyə Nazirliyi sənin diaqnozunu yazsın, kodla göndərsin, biz heç kəsi görmürük, tanımırıq və kodla da ona o əlillik dərəcəsini veririk.

Qabaqlar əlillərin reabilitasiyası ilə bağlı bir proqram var idi.

İldə bir dəfə təkrar-təkrar gələrdilər, tutaq ki, bir insan yıxılıb, hər hansı travma alıb, bud sümüyü qırılıb, yerindən tərpənə bilmir.

Bu, işləməlidir, işə gedə, yerindən qalxıb özünə qulluq edə bilmir. Buna birinci, yaxud, ikinci qrup əlillik dərəcəsi verilib. Beş aya, altı aya bu proses bitir, sağalır, işinə qayıdır.

Bir ildən sonra təzədən ekspertizaya qayıdır, həkim görür ki, bunun ayağı sağalıb, bitişib, ona yazır ki, əmək qabiliyyətlidir. Əlillikdən çıxarır, deyir ki, get işini davam elə, işlə. Amma indi nə baş verir? İndi təkrar əlillik beş ildən bir keçirilir. Təsəvvür edin, insan travma alır, həkim  gəlir buna ikinci dərəcəli əlillik verir.

Bir ildən sonra sağalır, ancaq beş il dövlətdən pensiya alır. Bu, doğrudurmu? Doğru yanaşma deyil. Ona görə də bütün məqamlar ölçülməli, biçilməlidir. Yenə deyirəm, korrupsiyanın qarşısını almaq üçün bu yaxşı mexanizmdir. Amma xəstə insanın, əlil insanın sosial müdafiəsi üçün bu çox zəif bir mexanizmdir.

Oxu:

Biz düşünək ki, dövlət büdcəsinə qənaət edək, dövlətin pulu lüzumsuz yerə ehtiyac olmadan, saxta yolla alınmış əlillərə xərclənməsin, bu, yaxşı, əladır.

Eyni zamanda, biz gərək həm də düşünək ki, bu islahat nəticəsində 10, 15, 100 adamın öz haqqını ala bilməyəcəyi çox pisdir. 

Mən bununla bağlı bir dəfə Milli Məclisdə də dedim ki, razıyam, 100 adam saxta əlillik dərəcəsi ilə saxta pensiya alsın, nəinki 10 adam haqqı ola-ola pensiyasını ala bilməsin.

Çünki 10 adam dövlətdən artıq narazıdır. Razıyam dövlət 100 adamdan narazı olsun, amma 10 adam dövlətdən narazı olmasın.

Buna görə biz birinci növbədə vətəndaşı, onun marağını düşünməliyik, nəinki büdcəni. Əlbəttə, büdcəni də qorumaq bizim borcumuzdur. Bu da vətəndaşın vergisindən yığılan bir vəsaitdir, ayrı bir şey deyil.

O halallıqla xərclənməlidir, düz xərclənməlidir.

Amma bir onkoloji xəstə, şiş xəstəsi yerdə yatırsa, dərman almağa pulu yoxdursa və onun əlillik sənədi hansı səhv üzündən avtomatik geri qayıdırsa, onda necə olacaq?

Axı, bu adam gözləyir, gözünü dikib ki, pensiya alacağam və onu kiminsə səhvi üzündən bir daha gözlətmək, təzədən ora göndərmək və sair və ilaxır, məncə, o qədər uğurlu islahat sayıla bilməz. 

Ona görə deyirəm ki, əlilliyin yeni meyarları, yeni qaydaları müəyyənləşdirilməyə başlanılıbsa, bu, çox geniş müzakirə olunmalıdır. Beş adamın, üç adamın beyni ilə bu məsələ həll olunmamalıdır.

Dünya təcrübəsi öyrənilməlidir. Amma dünya təcrübəsi öyrənilərkən də mütləq yerli xüsusiyyətlər mütləq nəzərə alınmalıdır…

- Nə baxımdan?

- O baxımdan ki, məsələn, Almaniyanın reallığı ilə Azərbaycanın reallığı bir deyil.

Burada mütləq fərqlər nəzərə alınmalıdır. Alınmasa, o zaman uğurlu, effektli nəticələr olmaya bilər. Eyni zamanda, ictimai müzakirələr olmalıdır.

Ortaya qoyulan təkliflər KİV-lərdə dərc olunmalıdır, qeyri-hökumət təşkilatları, millət vəkilləri, KİV nümayəndələri hamısı bu müzakirələrdə iştirak etməli, öz təkliflərini verməlidir və ondan sonra ümumi bir qərar qəbul olunmalıdır.

Çünki dünyada bütün əhalinin 10 faizini, 15 faizini əlillər təşkil edir. Bu, böyük bir rəqəmdir. Məsələn, Azərbaycanın əhalisi hardasa 10 milyondur, ancaq 1 milyona yaxın bizim əlil vətəndaşımız var. İndi bunu bəziləri rəsmiləşdirir, bəziləri rəsmiləşdirmir, bu, başqa mövzudur, amma aşağı-yuxarı rəqəm, faiz belədir. 

Digər bir məsələ - “bu meyarları dəyişməklə əlilliyin qarşısını alacağıq” demək tamam absurd bir şeydir.

Bu, əlilliyin qarşısını almaq deyil, bu saxta əlilliyin qarşısını almaqdır. Bizim məqsədimiz əlillik doğuran faktorları aradan qaldırmaqdır.

Bu gün əgər ildə 11 min, 12 min ilkin olaraq onkoloji xəstə ortaya çıxırsa, qeydiyyata alınırsa, elə 11 min əlil deməkdir. Beş min, altı min ruhi xəstə ilkin qeydiyyata alınırsa, bu, artıq beş min, altı min ilkin əlil deməkdir.

Avtomobil qəzalar nəticəsində ildə 1000-1500 arasında insan ağır xəsarət alırsa, yüngülləri mən hələ demirəm, bunlar avtomatik əlil deməkdir. Azərbaycanda il ərzində doğulan uşaqların beş faizə qədəri müəyyən qüsurlarla doğulur.

Doğulan uşaqların bir qismi (5 faizdən -10 faizədək) bir yaşına qədər müəyyən xəstəliklərə tutulur. İldə təxminən 130-140 min uşaq doğulur (əvvəl çox idi, indi bir az azalıb) və bu, təxminən 7-8 min xəstə, elə əlillik vəziyyətində olan uşaq deməkdir.

Bunların hamısını toplayanda gəlib 30 minə çıxır və hələ digər məqamları demirəm. Ona görə məsələlərə biz bir az kompleks şəklində yanaşmalıyıq.

Əsas gücümüzü əlilliyin profilaktikasına yönəltməliyik. Bu yaxınlarda mənə bir ərizə daxil olmuşdu. Beyləqandan bir vətəndaş mənə yazmışdı ki, iki gözü də kordur və altı aydır Bakı küçələrində qalıb, əlillik ala bilmir. Göz institutundan keçib, göndəriblər yaşadığı yerin poliklinikasına, onlar da göndəriblər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada.

Oradan da cavab gəlib ki, təkrar müalicəyə ehtiyac var. Mən həmin sənədə baxıram, görürəm, bu, müalicə olunası xəstəlik deyil. Deyirəm, bəlkə saxtadır, arayış saxtadır, şübhələri var. Göz institutunun baş həkiminə zəng vururam.

Oxu:

Deyirəm, bu adda, bu familiyada adam sizdən keçibmi? Jurnalı qaldırıb, deyir, bəli keçib. Deyirəm, hansı diaqnozla? Həmin diaqnozu oxuyur.

Bir daha dəqiqləşdirmək üçün həkimdən soruşuram: “Həkim, bunun müalicəsi üçün neynəmək lazımdır?” 

Deyir, Musa müəllim, bunun müalicəsi yoxdur. Belə olan halda bu insanı altı ay təzədən göndər ki, get sən təkrar müalicə al, sənəd gətir, bu, düzgün deyil.

Digər bir problem nədir?

Bu gün bizim Tibbi- sosial ekspert komissiyalarında işləyənlərin, demək olar ki, 90 faizi ekspertiza üzrə nə kurs keçiblər, nə də sertifikatları var…

- Bu dərəcədə yəni?...

- Bəli. Onlar kurs keçəmyiblərsə, sertifikat almayıblarsa, necə tibbi-ekspert ola bilərlər?!

Çoxları, ümumiyyətlə, öz ixtisası üzrə olan həkimlər deyillər.

Yəni, həmin ekspertlər əsasən terapevt, cərrah, nevropatoloq, ya psixiatr olmalıdır, əgər deyillərsə, burada hansı ekspertizadan söhbət gedə bilər?!

Odur ki, artıq ekspert kadrların hazırlanmasından danışmalıyıq.

Bizdə ekspertiza sahəsində, ümumiyyətlə, kurs yoxdur.

Bunları da düşünmək lazımdır, çünki mütəxəssis bu işlə məşğul olmalıdır…

Kamil HƏMZƏOĞLU