Milli Məclisin xərcləri 3 milyon artırılır

Milli Məclisin xərcləri 3 milyon artırılır
18:53 23-10-2018 | icon 191

Nazim Bəydəmirli: ''Vətəndaşlar deputatın maaşının qaldırılmasına qıcıqla yanaşır''

Azərbaycan Milli Məclisinin və onun Aparatının 2019-cu il üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyənləşib. Bu rəqəm 2018-ci il ilə müqayisədə 2 milyon 837 min 545 manat artırılıb. 2018-ci ilin dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanılması üçün 24 milyon 232 min 055 manat vəsait nəzərdə tutulub.

2019-cu ilin büdcə zərfində qeyd edilir ki, smetaya əsasən, əməyin ödənişi fondu 18 milyon 539 min 856 manat təşkil edir. Milli Məclis deputatlarının əmək haqqına 2 milyon 688 min 360 manat, ezamiyyə xərclərinə 1 milyon 162 min manat nəzərdə tutulub.

Digər smeta bölgüsü isə aşağıdakı kimidir:

- ekspertlərin əmək haqqı - 285 120 manat,
- Milli Məclisin aparatı üzrə əmək haqqı - 3 milyon 44 min 400 manat,
- deputat köməkçilərinin əmək haqqı - 1 milyon 500 min manat,
- Milli Məclisin İşlər İdarəsi üzrə əmək haqqı - 1 milyon 710 min 540 manat,
- dövlət qulluğu ilə əlaqədar əlavələr – 1 milyon 559 min manat,
- ştatdankənar işçilərin əmək haqqı – 22 min 200 manat,
- əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri 4 milyon 213 min 130 manat,
- əmək haqqına üstəlik – 3 milyon 517 min 106 manat, o cümlədən dövlət sosial müdafiə fonduna ayırmalar 3 milyon 305 min 5 manat,
- icbari dövlət sığortası – 161 min 737 manat,
- işçilərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transferlər - 5 min 364 manat, idarənin saxlanılması - 1 milyon 123 min manat, o cümlədən dəftərxana və təsərrüfat xərcləri 368 min manat, mətbəə xərcləri - 280 min manat,
- idarənin digər xərcləri (sair xərclər və cari təmir) - 475 min manat,
- ezamiyyə xərcləri - 1 milyon 162 min manat,
- nəqliyyat xidmətləri haqqının ödənilməsi – 875 min 422 manat, o cümlədən yanacaq və sürtkü materiallarının alınması - 585 min 422 manat,
- digər nəqliyyat xidmətləri – 290 min manat, kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi – 1 milyon 74 min 570 manat,
- istehlak mallarının və materiallarının alınması – 2 milyon 210 min manat, o cümlədən yumşaq inventar və xüsusi geyimlərin alınması - 40 min manat,
- inventarın alınması – 400 min manat, avadanlığın alınması - 470 min manat, digər alış və xidmətlər - 1 milyon 300 min manat, abadlaşdırma xidmətləri haqqının ödənilməsi - 22 min 412 manat,
- sosial təminat (fəxri adlar) – 14 min 400 manat, dovlət qulluqçularına sosial müavinətlər – 26 min 940 manat, digər təqaüdlər, müavinətlər və transferlər - 75 min manat,
- icarə və muzdlu xidmətlər 800 min manat, sair xərclər - 195 min manat,
- əsas vəsaitlərin alınması – 480 min manat, o cümlədən digər maşın və avadanlıqlar – 480 min manat,
- qeyri-istehsal aktivləri – 13 min manat.

İqtisadçı-alim, sabiq deputat Nazim Bəydəmirli Meydan TV-yə Milli Məclisin təminatının hətta postsovet ölkələrindən də aşağı səviyyədə olduğunu bildirib:

“Məsələyə sıravi deputatların durumundan yanaşaq, həm köməkçi, həm maaş, avtomobil təminatı baxımından vəziyyət ürəkaçan deyil. Gürcüstanda, Ukraynada, Rusiyada, Qazaxıstanda deputatların təminatı çox yüksək səviyyədədir. Ancaq Milli Məclis vətəndaşların ictimai həyatında, seçkili orqan kimi seçicilərin maraqları baxımından çox passiv olduğuna görə cəmiyyətdə ictimai rəydə azacıq da olsa artım qıcıq doğurur”.

 Nazim Bəydəmirli

Nazim Bəydəmirli

Bunun səbəbləri sırasında N.Bəydəmirli deputatların çoxunun biznes fəaliyyəti ilə məşğul olduğunu, paralel olaraq Konstitusiyaya zidd olaraq dövlət şirkətlərində, kommersiya qurumlarında, hətta “pedaqoji fəaliyyət” adı altında əslində elm, təhsil müəssisələrində inzibati vəzifələr daşıdıqlarını, göstərib. O qeyd edib ki, bu, deputat statusuna ziddir.

“Bir çoxları isə pensiya alırlar. Belə olanda onların təminatı orta aylıq əməkhaqqından beş dəfə çoxdur. Normal ölkələrdə bu proporsiya orta əməkhaqqının 3 misli civarındadır. Bəzi ölkələrdə 3-5 arası fərq olur. Ancaq həmin dövlətlərdə deputatların mobil telefonları, istirahət, səfər xərcləri qarşılanır. Azərbaycan deputatı isə seçiciylə görüşə gedən zaman avtomobillə təminatı, xərclərinin qarşılanması sənəddə olsa da, ayrılmır. Çünki əksəriyyətinin şəxsi maşınları olduğu üçün götürmürlər. Bu mənada sıravi deputatlar sədrdən, müavinlərindən, komitə sədrlərindən fərqli olaarq avtomobillərlə təchiz olunmur”.

Onun fikrincə, deputatlar üzərilərinə düşən ictimai yükü, hökumətə nəzarət funksiyasını həyata keçirmilər.

“Deputatlar müxtəlif jurnalist araşdırmalarının dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə reaksiya vermirlər. Bu mənada vətəndaşlar deputatın maaşının qaldırılmasına qıcıqla yanaşır, məsələ mediada, sosial şəbəkələrdə müzakirə edilir. Açıq şəkildə “onlara maaş vermək lazım deyil” bildirirlər”.