Razim Məmmədov təşvişdə - Qanunsuz tikililər və ağac soyqırımı onu bitirir

Razim Məmmədov təşvişdə - Qanunsuz tikililər və ağac soyqırımı onu bitirir
18:12 11-10-2018 | icon 1213

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında qaldırdığı məsələlər Bakıda bir çox icra başçısının başı üzərində qara buludların peyda olmasına səbəb olub.
 
Bakupost.az xəbər verir ki, ölkə başçısının son iclasda vurğuladığı qanunsuz tikililər, paytaxtda ağacların qeyri-qanuni şəkildə kəsilməsi və s. məsələlər illərdir, bu işlərlə məşğul olan icra başçılarının yenidən hədəfə çıxması ilə nəticələnib. 
 
Heç kimə sirr deyil ki, Bakıda illərdir, bu işlərlə, konkret olaraq qanunsuz tikililərə və ağac soyqırımına göz yuman və buna sərəncam verən icra başçılarının önündə Xətai rayon İcra Hakimiyyətinin rəhbəri Razim Məmmədov gəlir. 
 
Təsadüfi deyil ki, prezidentin çıxışından dərhal sonra qanunsuz tikilərlə bağlı ilk həbs elə Razim Məmmədovun rəhbərlik etdiyi rayonda baş verdi. Belə ki, dünən yayılan məlumatda bildirilirdi ki,  Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Xəbərdə qeyd edilirdi ki, X.Məmmədov rayonda bir sıra qanunsuz tikililərə icazə verdiyi üçün saxlanılıb.
 
Картинки по запросу xətai qanunsuz tikili
 
Bu həbs xəbərində ən diqqətçəkən detal isə başqadır. Məlum olub ki, qanunsuz tikintiyə görə həbs edilən Xaliq Məmmədov Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın qohumudur.
 
Hüç şübhəsiz, adi bir "JEK" rəisinin müavini Xətai boyda rayonda icra başçısından xəbərsiz belə bir iş görə, hansısa qanunsuz tikintiyə icazə verə bilməzdi. Aydındır ki, bu işlərdən icra başçısı Razim Məmmədovun da xəbəri olub. Adı çəkilən şəxslərin qohumluq əlaqələrinin olması da bu faktı gücləndirən detaldır. 
 
Bakupost-un əldə etdiyi başqa bir məlumatda isə deyilir ki, X.Məmmədov "JEK" rəisinin müavini olsa da, rayonda rəisdən daha güclü fiqur olub və icra başçısı ilə qohumluq əlaqələri onun tikinti obyektləri ilə bağlı qanunsuz əməllərə getməsinə rahat şərait yaradıb. 
 
Aydındır ki, istintaq zamanı bu işin bir ucu Razim Məmmədova da gedib çatacaq və X.Məmmədovun qanunsuz əməlləri kimə güvənib törədiyi məlum olacaq. 
 
Mətbuatı izləyənlərə o da məlumdur ki, Xətai rayonu ağac soyqırımı sahəsində də liderliyi əlində saxlayır. "Google” axtarış xidmətinə "Xətai, ağac" yazdıqda qarşımıza onlarla belə xəbər çıxır. Hamıya bəllidir ki, hansısa rayonda nəinki bir ağacı, hətta az qala, ağacın budağını belə kəsmək üçün icra hakimiyyətindən icazə alınmalıdır və bunun maddi qarşılığı ödənilməlidir. 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki mənbələrdən əldə etdiyimiz məlumatlarda isə bildirilir ki, nazirlikdə Xətai rayonundakı ağac soyqırımları ilə bağlı onlarla fakt yığılıb və bu faktlar ölkə rəhbərliyinə təqdim olunacaq. 
 
Bütün yuxarıdakı detalları birləşdirdikdə isə əminliklə iddia etmək olar ki, ölkə başçısının son sərt açıqlamalarından sonra Xətai rayonunun başçısı öz postunda çox qala bilməyəcək. Həm həbs edilən X.Məmmədovun qanunsuz əməlləri, həm də rayonda törədilən digər qanunsuzluqlar araşdırıldıqda bütün bu işlərin ucunun rayon rəhbərinə toxuncağı aydındır. Bu zaman isə R.Məmmədovun öz postunu qorumağı müşkülə çevriləcək. 
 
Odur ki, yaxın günlərdə Razim Məmmədovun işdən azad edildiyi ilə bağlı sərəncam veriləcəyini gözləmək əsassız olmaz. 
 
Təbii ki, 12 ildir görülən qanunsuz əməllərin içindən təkcə vəzifəsini itirməklə xilas ola bilsə...
 
Xatırladaq ki, prezident çıxışında qanunsuz tikilərlə bağlı bunları demişdi: "Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək.
 
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik”.
 
Ölkə başçısı Bakıda ağac soyqırımı barədə də sərt açıqlama verib: " Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün”.