Ramal Bağırov: Restoranlara xəbərdarlıq məktubları göndərilib

Ramal Bağırov: Restoranlara xəbərdarlıq məktubları göndərilib
16:07 11-10-2018 | icon 226

İctimai iaşə obyektlərindən 217-nin ətraf ərazilərində monitorinq və araşdırma aparılıb.

milletinsesi.info-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

Onun sözlərinə görə, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır:

“Bu da havanın çirklənməsinə, ətrafda yaşayan sakinlərin sağlamlığına zərər vurur, insanlarda diskomfort yaradır və əhalinin haqlı narazılığına səbəb olur. Əhali tərəfindən ETSN-yə daxil olan çoxsaylı şikayətlər əsasında bu ilin may ayından bugünədək Bakı şəhərinin inzibati rayonları və Abşeron rayonu ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərindən 217-nin  ətraf ərazilərində monitorinq və araşdırma aparılıb”.

Ramal Bağırov bildirib ki, may ayında aparılan araşdırmalar zamanı məlum olub ki, şəhərin mərkəzində fəaliyyət göstərən dünya markalı iaşə müəssisələrindən başqa, yalnız bir şadlıq sarayında belə qurğunun olduğu müəyyən edilib: 

“Tərəfimizdən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan ictimai iaşə obyektləri və şadlıq evlərinə xəbərdarlıq məktubları göndərilib, onlarla görüşlər keçirilib və qurğuların quraşdırılması məqsədilə vaxt verilib.

Həmin müddətdə 217 iaşə obyektindən yalnız 25-də qurğu quraşdırılıb, digər 129 obyekt isə qurğu quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb, hazırda quraşdırma işləri davam etdirilir. Tövsiyə və göstərişlərə əməl etməyən 63 obyekt barəsində sənədləşmə işləri aparılıb, bundan yeddi obyekt sahibi vəzifəli şəxs qismində 23 min manat məbləğində cərimə olunub, 11 obyektin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər məhkəməyə göndərilib, digər iaşə müəssisələri barəsində isə sənədləşmə işləri aparılır.

Eyni zamanda, son xəbərdarlıqlara əməl etməyən obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı nazirlik tərəfindən müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, Binəqədi, Nərimanov və Səbail rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində qurğuların quraşdırılması istiqamətində görülən işlər daha intensiv aparılsa da, Suraxanı, Xəzər və Xətai rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, demək olar ki, heç bir iş görülməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib ki, Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir.

Onun sözlərinə görə, atmosfer havasını çirkləndirən, havanı bürüyən toz-dumanın digər bir mənbəyi də şərqdən və qərbdən Bakını əhatə edən daş karxanalarıdır ki, bununla bağlı nazirliyə çoxlu sayda şikayət və müraciətlər daxil olur:

“Apardığımız monitorinq və araşdırmalar zamanı əksər daş karxanalarının fəaliyyətində pozuntular aşkar edilib. Bir çox daş karxanalarının istismarçıları müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir, təbiətə, ətraf ərazilərdə yaşayan sakinlərə böyük ziyan vururlar. Buna görə karxana sahiblərinə və istismarçılara qarşı cərimələr tətbiq olunub. Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir”.

Ramal Bağırov qeyd edib ki, daş karxanalarında hələ də ötən əsrin 70-ci illərindən qalmış avadanlıq və texnologiyadan istifadə olunur: “Bu, olduqca acınacaqlı və narahatedicidir. Çalışırıq ki, onları yeni və müasir tələblərə cavab verən texnologiyalarla tanış edək ki, əhalini narahat edən bu ekoloji problemlər aradan qaldırılsın. Yeni texnologiyaların quraşdırılması üçün onlara vaxt verilib”.