Firdovsi Əliyev: Ağac kəsiminə görə 72 min manat cərimə tətbiq olunub

Firdovsi Əliyev: Ağac kəsiminə görə 72 min manat cərimə tətbiq olunub
17:35 11-10-2018 | icon 30

Son üç ay ərzində ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb.

milletinsesi.info-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, bu ilin son altı ayı ərzində Bakı şəhəri ərazisində 61 ağacın icazəsiz kəsildiyi, 98 ağacın isə zədələndiyi aşkar edilib:

“Bununla bağlı 59 təqsirkar şəxsə 71800 manat məbləğində cərimə, 23745 manat məbləğində ziyan tətbiq olunub. 40 fakt üzrə təqsirkarların tapılması və qanunamüvafiq tədbir görülməsi üçün polis orqanlarına müraciət edilib. Müqayisə üçün bildirək ki, son üç ay ərzində isə 12 ağacın kəsildiyi, 14 ağacın zədələndiyi müəyyən edilib. Rəqəmlər də bunu deməyə əsas verir ki, son üç ayda ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb.

Aparılan təhlillər göstərir ki, Nazirliyin “qaynar xətt”inə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayətlərin sayında əhəmiyyətli dərəcədə azalma var. May ayında ağac kəsintisi üzrə 30 şikayət daxil olduğu halda, sentyabr ayında bu rəqəm azalaraq 15 olub”.

Nazir müavini qeyd edib ki, ölkə başçısının Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, ağacların kəsilməsi halları xeyli azalıb, amma tam aradan qaldırılmayıb:

“Nazirlik tərəfindən bundan sonra da ağac kəsənlərə qarşı sərt tədbirlər görüləcək, ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq ağac kəsintisi hallarının tam aradan qaldırılması üçün qəti addımlar atılacaq”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib ki, yaşıllıqların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə müraciət edilib.

Onun sözlərinə görə, müraciətin səbəbi yaşıllıqların məhv edilməsi ilə bağlı cərimələrin beş dəfə artırılmasıdır: “Yaxın vaxtlarda qərar barədə mediada məlumat olacaq”.

F.Əliyev bildirib ki, yaxın günlərdə meşələrin giriş-çıxışlarına kameralar quraşdırılacaq. Nazir müavini qeyd edib ki, son on ildə “Azərlandşaft” ASC tərəfindən Abşeron yarımadası və magistral yolların kənarında 5.4 milyon ağac əkilib:

“Bu proses davam edəcək. Bakı-Qazax, Ələt-Astara, Bakı-Qusar istiqamətində işlər həyata keçiriləcək”.