Zahid Oruc: Paşinyan müharibəni təşviq etdikcə, “sarkisyanlaşacaq”

Zahid Oruc: Paşinyan müharibəni təşviq etdikcə, “sarkisyanlaşacaq”
13:21 09-10-2018 | icon 84

 

ATƏT-in Minsk qrupu formatında danışıqlar prosesi, əslində, Serj Sarkisyan hakimiyyətdə olarkən iflasa uğramışdı. Bu pauza hələ də davam edir və mənafelərimiz baxımından təhlükəli deyil.

Əgər Ermənistan Minsk qrupu həmsədrləri arasındakı ziddiyyətlərdən faydalanmaq imkanını itirirsə və məsələ yalnız silahlı qüvvələrin üzərinə keçirsə, o müstəvidə də ordumuzun imkanları qat-qat böyükdür. 

Bunu milletinsesi.info-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

O qeyd edib ki, son aylar proses Azərbaycanın dominantlığı şəraitində keçir, yəni, Nikol Paşinyan onu hesablaya bilir ki, erməni anasının, atasının evinə Qarabağdan cəsəd gəlirsə, bu, Azərbaycana psixoloji üstünlük qazandırır. 

“O zaman bütün insanlar köhnə iqtidarın üzərinə yeriyirdi. Axı, indi özlərinin nəzərində demokratik, birbaşa xalqa bağlı qüvvə bu itkiləri necə cavablandıracaq? Bu səbəbdən, Ermənistanın hazırkı durumunda vəziyyətin bir qədər də dramatikləşməsi yalnız Düşənbə danışıqları ilə deyil, ümumilikdə Azərbaycanın mövqeyi ilə xeyli dərəcədə əlaqədardır.

Bu, ondan ibarətdir ki, Azərbaycan Ermənistanın siyasi meydanını, manevr müstəvisini daraldır. Məsələnin ən önəmli tərəfi isə ondan ibarətdir ki, bu gün hər kəs Cənubi Qafqazda siyasi tonu, əsas ahəngdarlığı, şərtləri məhz Azərbaycanın müəyyənləşdirdiyini dərk edir.

Geosiyasət, iqtisadiyyat və bölgənin təhlükəsizliyi məsələsində də bu belədir. Tarix boyunca bir dövlət kimi bölgədə Azərbaycanın rolu nə vaxt aşağı salınıbsa, onda bu məkanda sabitliyi təmin etmək mümkün olmayıb. Azərbaycanın imkanlarının irəlidə olması hamının mənafeyinə xidmət edir”. 

Z.Oruc hesab edir ki, hazırda Ermənistandakı siyasi gərginliyin ötürülməsi üçün yalnız Qarabağ məsələsində konstruktiv mövqe tutmaqla iş bitməyəcək.

“O cümlədən erməni xalqı, bəlkə də, bu seçimdə bütövlükdə Azərbaycan, türk dünyası və bölgə dövlətləri ilə münasibətləri gündəmə gətirməlidir. Seçkilər üçün hansı platforma cazibəli olacaq? 1990-cı ildən bu yana onlar bizimlə düşmənçiliyi siyasi xal qazancına çeviriblər. İndi nəyin üzərində qərar tutacaqlar? Bütün bu məsələləri yaxın zamanlarda görəcəyik.

Hər halda Levon Ter-Petrosyanın siyasi tələbəsi və onun yanında yer alan şəxs olaraq Paşinyan dərk etməlidir ki, o, müharibəni təşviq etdikcə, “sarkisyanlaşacaq” və ölkəsi üçün heç bir demokratik rifah vəd edən addımları reallığa çevrilməyəcək”, - deyə deputat əlavə edib.