Prezident Qarabağla bağlı mövqeyinə görə Tacikistana təşəkkür etdi

Prezident Qarabağla bağlı mövqeyinə görə Tacikistana təşəkkür etdi
15:10 10-08-2018 | icon 26

Bu gün biz həm üzbəüz söhbət zamanı, həmçinin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin mühüm məsələlərini, regional problematika məsələlərini müzakirə etdik. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Bu nəticələr ölkələrimiz arasında qarşılıqlı sosial-iqtisadi fəaliyyətdə mütləq özünü göstərəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq.

milletinsesi.info-ın xəbərinə görə, bunu avqustun 10-da Tacikistanla sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatında səsləndirib.

O deyib ki, bu gün bir çox mühüm sənədlər imzalanıb, həmin sənədlər bizim münasibətlərimiz üçün mühüm hüquqi baza yaradıb və bu sənədlər nəticəyə hədəflənib:

“Düşünürəm ki, əldə etdiyimiz razılaşmaların uğurlu icrası əmtəə dövriyyəsinin xeyli artmasına və bir çox istiqamətlər üzrə işimizin fəallaşmasına gətirib çıxaracaq. Əlbəttə ki, indicə imzalanan sənədlər arasında Tacikistan və Azərbaycan prezidentlərinin Birgə Bəyanatını xüsusi qeyd etmək istərdim.

Bu, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən olduqca fundamental vacib siyasi sənəddir. Bu sənəd ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəsini qeyd edir.

Bu sənəddə iqtisadi əməkdaşlıq, nəqliyyat, humanitar əməkdaşlıq, təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində mühüm məsələlərin əsas prioritetləri əksini tapıb. Sənəddə ölkələrimizi narahat edən vacib məsələlər də əks olunub.

Azərbaycan Tacikistanın BMT-də irəli sürdüyü və gələcək onilliyin - 2018-2028-ci illərin “Su - dayanıqlı inkişaf üçün” tezisi ilə bağlı onilliyin olmasına dair təşəbbüsünü fəal dəstəkləyir. Bu, çox mühüm təşəbbüsdür. Qeyd etdiyim kimi, biz onu dəstəkləyirik. Bu, indicə imzalanan Birgə Bəyanatda əksini tapıb”. 

Sonra dövlət başçısı Tacikistana Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyinə görə minnətdarlını bildirib:

“Bəyanatın mətnində yazılıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in qərarlarına uyğun şəkildə həll olunmalıdır.

Bütün Azərbaycan xalqı adından belə ədalətli mövqeyə görə minnətdarlıq bildirmək istərdim. Bu, həm dost mövqeyidir, həm də ədalətli mövqedir.

Çünki uzun illərdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır və Ermənistan BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər bu kimi aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmir.

Vaxtilə onların hamısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul ediblər və bu zaman belə bir nöqteyi-nəzərdən çıxış ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.