Şahdağ Milli Parkı vəhşicəsinə məhv edilir - VIDEO

Şahdağ Milli Parkı vəhşicəsinə məhv edilir - VIDEO
14:24 10-08-2018 | icon 468

Yaşılıqların və meşə zolaqlarının ölkə boyunca talan edilməsi prosesi davam edir. Prezident seçkilərindən sonra Ekologiya va Təbii Sərvətlər Naziri postunda dəyişiklik edilərək bu kürsüyə Muxtar Babayevin təyin olunması da heç nəyi dəyişməyib. Əksinə meşələrin qırılması əvvəl gizli şəkildə həyata keçirilirdisə indi proses aşkar şəraitdə həyata keçirilir.

AzToday.az xəbər verir ki, Muxtar Babayevin bu posta təyinatı ictimaiyyətdə müəyyən ümidlər yaratsa da lakin aradan keçən çox qısa zaman kəsiyində bu ümidlərin heç bir əsasa söykənmədiyi təsdiqlənməkdədir. Bunu dövri mətbuatda dərc olunan yaşıllıqların məhv edilməsi ilə xəbərlər sübut edir.

Artıq vəziyyət o həddə qədər inkişaf edib ki, xüsusi mühafizə olunan qoruq və milli parkların ərazilərindəki yaşıllıqlar məhv edilir.

AzToday.az saytına daxil olan videogörüntülərdən məlum olur ki, Şahdağ Milli Parkının Qəbələ rayonu hissəsində ağaclar kütləvi şəkildə məhv edilir. Videolarda Şahdağ Milli Parkının səlahiyyətli şəxslərinin merkantil maraqlarının heç bir sərhəd tanımadığı görünür. Belə ki, qırılan meşə ərazisi bir müddət sonra səhralığa çevrilə bilər…

Qeyd edək ki, Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli, 1814 saylı sərəncamı ilə yaradılan Şahdağ Milli Parkının ilkin olaraq ərazisi 115,895 hektar təşkil etsə də, Nazirlər Kabinetinin 8 iyul 2010-cu il tarixli, 193/S nömrəli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14,613.1 hektar genişləndirilərək 130,508.1 hektara çatdırılmışdır. Şahdağ Milli Parkına İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21,014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81,797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar daxildir.

Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir.Bu vəzifənin icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoyulub.

Qəbələ rayon sakinin Şahdağ Milli Parkında çəkdiyi görüntüləri təqdim edirik: