Azərbaycanlıları da qarət edən GTA bandasına hökm oxundu

Azərbaycanlıları da qarət edən GTA bandasına hökm oxundu
16:40 09-08-2018 | icon 46

Uzun müddətdir Rusiya yollarında kabusa çevrilən GTA qruplaşması ilə bağlı məsələyə nöqtə qoyulub. 

milletinsesi.info Lenta.ru-ya istinadla xəbər verir ki, Moskva məhkəməsi XXI əsrin ən tanınmış quldurlarından ibarət dəstə ilə bağlı hökmünü səsləndirib.

Qruplaşmanın dörd üzvü ömürlük, bir üzvü isə 20 il müddətinə azadlıqdan məhrum olunub.  

Qruplaşmanın tarixi öz sadəliyi ilə heyrətləndirir: cəmi bir nəfər qazanc naminə güclü gizli təşkilat yarada bilib və bu təşkilat bir neçə il hüquq-mühafizə orqanlarının nəzərindən yayınıb. 

Qruplaşma üzvləri sadə qastarbayterlər kimi özləri silah hazırlayıb, təlim keçib və yollara məkrli yol tikanları salıblar. Hətta saxlanılan zaman onlar atışmadan belə çəkinməyiblər. 

Dəstə üzvləri dəhşətli cinayət hadisələri törədiblər. Zərərçəkənlər arasında azərbaycanlılar da var. Belə ki, GTA üzvləri azərbaycanlı iş adamına qarşı soyğunçuluq ediblər. 

İstintaq materialına görə, hadisə Kaluj vilayətində baş verib. Basqınçılar beş nəfər - Timur, dəstə rəhbəri Rüstəm və GTA-nın hələlik naməlum olan üç üzvü olublar.

Zərərçəkmiş Qalib Güləliyevin ifadəsindən:

“Mən Bryan vilayətinin Komariçi qəsəbəsində mal-qara saxlayıram və onları Moskva bazarlarında satıram. 2013-cü il avqustun 3-də “Ford Transit” avtomobilində paytaxta təzə ət aparırdıq. Sükan arxasında dostum Sergey Majayev olub, digər dostum Ziyafət Məmmədov da bizimlə birlikdə idi. 

Moskvaya səhər 05:00 radələrində çatdıq, avtomobili boşaltdıq, əti satdıq, ondan 257 400 rubl gəlir əldə etdik və 12:30-da evə yolda düşdük. Saat 15:00-da “Ukrayna” magistralının 153-cü kilometrində Kaluj vilayətinin Maloyaroslav rayonunda yemək və avtomobilə yanacaq vurmaq üçün dayandıq.

40 dəqiqə kafedə olduq, sonra siqaret çəkmək üçün küçəyə çıxdım, dostlarım isə dondurma sifariş etdilər. Bayıra çıxanda qapının ağzında dayanan və milliyyətcə özbək olan iki nəfəri gördüm. 

Siqaret çəkib qurtardıqdan sonra Məmmədov və Majayev mənim yadımdan keçərək, maşına doğru getdilər. Bu zaman həmin şəxslər arxadan onlara yaxınlaşaraq, dəyənəklə vurmağa başladılar. Avtomobilimizə doğru isə iki, ya üç nəfər qaçdı və pulları oradan götürərək, gizləndilər. Bu vaxt dostlarıma hücum edənlər də qaçıb aradan çıxdılar”. 

2015-ci ildə GTA dəstəsinin yaxalanmasından sonra məlum olub ki, quldurlar Məmmədovun pencəyini götürərək, aradan çıxıblar. Bu zaman pencəyin cibində bazarda satdığı malın pulları olub. 

Pullardan başqa, zərərkəçmişin pasportu da oğurlanıb. Məhz bu sənəd istintaqa hadisənin təfərrüatını öyrənməyə imkan verib.

Ə.Ş.