Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı - FOTO

Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı - FOTO
23:15 07-08-2018 | icon 120

Bu gün X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib.

milletinsesi.info xəbər verir ki, Heydər Əliyev Fondu və “Gilan Holding” tərəfindən təşkil edilən festivalın son günündə məşhur “Viva Opera” Yerusəlim Simfonik Orkestrinin müşayiəti ilə klassik əsərlər səsləndirilib.

Tədbirdə İsrailin Azərbaycandakı səfiri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edib. 

Solistlər xalq artisti Samir Cəfərov, vokal ifaçıları Adil Axundov, Elnarə Məmmədova və digərləri olub.

Xalq artisti Fərhad Bədəlbəyli festivalla bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb:

“Bütün jurnalistlərə festivalla bağlı yaxşı PR təşkil etdikləri üçün təşəkkür edirəm. Qeyd edim ki, festivalın proqramı çox maraqlı idi. Burada həm muğam, həm caz, həm də simfonik musiqi səsləndi. Bu gün bağlanış mərasimində isə ən gözəl əsərlər səslənib.

Yerli icra başçısından, tamaşaçılardan razıyam. Kim istəyirdi gəlib, konsertləri izləyirdi. Bəziləri isə bəyənməyib gedirdi. 

Təbii ki, məcburiyyət yox idi, istəyənlər sonadək dinləyirdi. Burada əsas məsələ iki amildir – maarifçilik və kommersiyadan kənar festival keçirmək. Bildiyiniz kimi, bu festivala bilet satılmır. Festival çərçivəsində bəstəkarlar haqqında da məlumatlar verilib. İnşallah ki, gələn il yenə bu cür festival təşkil edəcəyik”.

Qeyd edək ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalı bu il 30 iyul - 7 avqust tarixlərində keçirilib.

Festivalda Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya, Türkiyədən dünya şöhrətli dirijorlar və musiqiçilər – Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Annel Qreqori, Olqa Yermakova, Eduard Vulfson, Nora Romanov-Şvartsberq, Tomer Lev, Mine Kurtoğlu, Mixail Xoxlov, Salvador Brotons və başqaları iştirak edib.

Festival çərçivəsində keçirilən konsertlərdə dünyanın müxtəlif ölkələrindən istedadlı musiqiçilər konsert proqramı ilə çıxış edib.

Pərviz Hüseyn