Deputat Sona Əliyeva: Eqoistliyimiz uşaqlarla dost olmağa imkan vermir

Deputat Sona Əliyeva: Eqoistliyimiz uşaqlarla dost olmağa imkan vermir
20:41 03-08-2018 | icon 386

 

Son zamanlar az qala hər gün bir intihar hadisəsi haqqında xəbər oxuyuram və təəssüf ki, intihar edənlərin əksəriyyəti gənclərdir. Xüsusilə, gənclərin hər kiçik məğlubiyyətdən sarsılıb həyatla vidlaşmaq istəməsi məni çox qorxudur.

Əslində, məğlubiyyət də deməyək, məqsədlərinə çatmayanda, hər şey arzuladıqları kimi olmayanda və eqoizmləri xarakterlərinə güc gələndə...

milletinsesi.info xəbər verir ki, bunu millət vəkili Sona Əliyeva-Süleymanova deyib.

“Bəs harada səhv etdik, harada yanıldıq və gəncliyimizi belə zəif yetişdirdik”, - deyən millət vəkilinin sözlərinə görə, məğlubiyyətlərimizin qələbələrimizdən çox olduğu həyatımızda övladlarımıza hər istədiyini verdik, xəyallarını doğrultduq, eqoizmlərini bəslədik, inciməyə ağrımağa qoymadıq, zəhmətə alışdırmadıq.

“Bəlkə, daha çox təyziq göstərdik, daha yaxşı nəticələr istədik, olmazların mümkünlüyünü tələb etdik və bütün bunların içərisində onları dinləməyi unutduq, onların istədiklərinin yox, öz arzularımızın reallaşmasını arzuladıq, dost, bacı, qardaş olmağı unutduq, başqa qapılarda başqa çarələr axtarmasına nail olduq.

Eqoistliyimiz imkan vermədi. Çünki  bizim yalançı zəfərlərimizin verdiyi eyforiyada övladlarımızı necə itirdiyimizi, bizdən uzaqlaşdığını hiss etmədik.

İndiki zamanda yaşantıların dünyasında yaşamağa, arzuların qanadında xəyalları fəth etməyə dəyməzmi? İnsan olaraq sevdiyimiz işlərlə məşğul olmağa və bundan aldığımız gücdən ruhlanaraq dünyaya mərhəmət və sevgi bəxş etməyə gəlmədikmi?

Təssüf ki, onsuz da gərgin olan həyatımızı daha da gərginləşdirməkdə, düşünmədən, hiss etmədən yaşamaqda davam edirik və belə yaşadıqca bütün dəyərləri və dəyərliləri itirməyə addım addım yaxınlaşırıq.

Gəlin, gənclərimizin səsini duyaq, arzularını bilək, xəyallarına ortaq olaq və övladlarımızla dostlaşaq, qoy onlar ölümün əlindən deyil, bizim qolumuzdan tutsunlar, bizə sığınsınlar, bizdən güc alsınlar.

Bunun düsturu çox sadədir”, - deyə S. Əliyeva-Süleymanova qeyd edib.