Tanınmış azərbaycanlı Ukrayna prezidentliyinə can atır

Tanınmış azərbaycanlı Ukrayna prezidentliyinə can atır
19:58 01-08-2018 | icon 310

 

Ukraynanın Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri, əslən azərbaycanlı olan Roman Nəsirov “112 Ukrayna” telekanalında yayımlanan “Qordon” proqramına müsahibəsində Ukraynadakı vəziyyət, öz kökləri və gələcək planları ilə bağlı danışıb. 

milletinsesi.info xəbər verir ki, Roman Nəsirov qəti şəkildə korrupsiya ittihamlarını rədd edib (Bir müddət əvvəl Ukrayna səlahiyyətliləri və ictimai xadimləri Nəsirovu Ukraynanın Dövlət Fiskal Xidmətinə rəhbərlik etdiyi zaman rüşvət almaqda ittiham edirdilər – red.).

Onun sözlərinə görə, Ukraynada bütün problemlər parlamentdən başlayır:

“2014-cü ildə beynəlxalq şirkətdən parlamentə keçdim. Maaşım 4,5 min qriven (hazırkı məzənnə ilə 300 manat – red.) idi. Bax, korrupsiya elə buradan başlayır. Deputatlara, nazirlərə ödəniş etmək lazımdır”. 

Vəziyyətdən çıxış yolu kimi Nəsirov deputatların maaşının 20-30 min, nazirlərin isə 50 min qrivenə kimi qaldırılmasını göstərib:

“Digər ölkələrin təcrübəsindən istifadə etmək lazımdır”. 

Mənşəyi haqqında danışarkən R.Nəsirov deyib ki, onun atası azərbaycanlıdır: 

“Atam 17 yaşında Ukraynaya gəlib və burada qalıb. Anam isə yəhudidir”. 

Həmyerlimiz gələcək planları haqqında da danışıb və bildirib ki, Ukrayna prezidentliyinə can atır. 

“Hər gün bu haqqında daha çox düşünürəm. Hətta bununla bağlı hazırlıqlara başlamışam. Prezident olmaq üçün hər şey edəcəyəm”, - Nəsirov qeyd edib.