Məhkəmə icraçılarından Mehriban Əliyevaya şikayət: “5 ildir, bizi süründürdürürlər”

Məhkəmə icraçılarından Mehriban Əliyevaya şikayət: “5 ildir, bizi süründürdürürlər”
16:53 31-07-2018 | icon 93
Yardımlı rayon sakini Muxtarov Qəhrəman Xanoğlan oğlu 5 ildən çoxdur ki, məhkəmə icraçıları ilə "Amal-D” adlı şirkət arasında qalıb.
 
Millətinsəsi.info BakuPost-a istinadən xəbər verir ki, buna səbəb Q. Muxtarovun adına olan "Toyota Camry” markalı maşının şirkətə məxsus marşrut avtobusu tərəfindən vurulması və dəymiş ziyanın ödənilməməsidir. Belə ki, 2013-cü ildə Cabbarov Bayram Nəbi oğlunun idarə etdiyi avtobus "Motodrom” ərazisində "Toyota Camry” markalı maşını arxa hissədən vurub.
Avtobusun sığortası olmadığından, digər avtomobilin isə sığortasının birtərəfli olmasına görə iş məhkəməyə gedib. Sumqayıt Apellyasiya Məhkəməsi 7 aprel 2014-cü il tarixdə "Toyota Camry”yə dəyən 19 min 939 manat məbləğində ziyanın cavabdehlər Cabbarov Bayram Nəbi oğlundan və "Amal-D” MMC-dən müştərək qaydada tutularaq zərərçəkənə verilməsinə dair qərar çıxarıb. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə Sumqayıt Şəhər İcra şöbəsinə göndərilib. Daha sonra işə şirkət də cəlb edilib və iş Yasamal Rayon Məhkəməsinə göndərilib. Qərar qüvvədə saxlanılıb.
 
Qarşı tərəf qərarla razı olmadığı üçün Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb. Lakin aradan 5 il müddət keçməsinə baxmayaraq qətnamə hələ də icra edilməyib.
 
Zərərçəkən saytımıza açıqlamasında deyib ki, bununla bağlı bütün aidiyyəti orqanlara müraciət edib: "Fiziki şəxs məhkəmə tərəfindən cərimə edildikdə, onun mal-mülkünü də satıb borcunu ödətdirirlər. Amma bu özəl bir şirkətdir və 10-dan çox avtobusu var. Hazırda da fəaliyyət göstərir, lakin icraçılar bizə deyir ki, şirkət mal varlığını gizlədir. Qalmışam iş icraçıları ilə şirkətin arasında”.
 
Əlacsız qalan Q. Muxtarov hadisə ilə bağlı birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, birinci xanımdan ona dəymiş ziyanın ödənilməsi üçün aidiyyəti orqanlara tapşırıq verməsini xahiş edib. "Mənim və vəkilimin uzun müddətdən bəri İcra Baş İdarəsinə, Nərimanov, Yasamal Rayon İcra İdarələrinə və Sumqayıt Regional İdarələrinə yazdığımız ərizələrin heç bir nəticəsi olmayıb. Belə ki, yalnız Sumqayıt Regional İcra İdarəsi borclunu məcburi şəkildə Sumqayıt şəhər məhkəməsinə gətirib və borclu Cabbarov Bayram Nəbi oğlu barəsində heç bir inzibati tənbeh görülməyib. Nərimanov və Yasamal Rayon İcra İdarələrinə yazdığımız şikayət məktublarına isə cavab belə verməyiblər. Nəzərinizə çatdırmaq istəyirəm ki, "Amal-D” MMC şirkəti sərnişin daşınması ilə məşğul olur və kifayət qədər əmlaka və qazanca sahibdir. Şirkətin fəaliyyət göstərdiyi Nərimanov və Yasamal Rayon İcra İdarələri sadəcə olaraq heç bir icra tədbiri görmürlər”.