Ölkədə propan qaz satılmır: balon partlayışı yoxsa bahalaşma?

Ölkədə propan qaz satılmır: balon partlayışı yoxsa bahalaşma?
21:19 18-07-2018 | icon 826

Bakıda və əyalətlərdə propan qaz satışı dayanıb. Bir həftədir ki, yanacaqdoldurma məntəqələrində balon qaz istəyənlər əliboş qayıdırlar. AzEuroNews.com YDM-lərdən öyrənib ki, propan qazının satışındakı dayanma qiymət artımına hazırlıqla əlaqələndirilir.

► Litri 40 qəpik

Hazırda litri 40 qəpiyə satılan bu qaza getdikcə tələbat da azalmaqdadır. Çünki  metan qazının kubu 35 qəpiyədir və sürücülər son vaxtlar buna üstünlük verir. Məsələn, 5 manat metan qaz vurmaqla təxminən 180-190 kilometr məsafə qət etmək olur. Amma propan qazla 140-150 kilometrdən çox getməzsən. Bununla belə, propan qaz əsasən evlərində maye qaz gəlməyənlərə lazımdır. Bakının bir çox yeni tikilmiş binalarında, ətraf ərazilərdə qazla təmin olunmayan yaşayış massivləri, mənzillər var. Onlar evlərdə yemək bişirməyə, çay qızdırmağa balon qazlardan istifadə edirlər. Di gəl ki, bir həftədir propan qaz qəhətə çıxıb.

► Mənzillər, yataqxanalar, dağ kəndləri…

Bu qıtlığın bahalaşma olacağı ilə əlaqələndirsələr də, bəzi YDM-lərdən öyrəndik ki, birdəfəlik satışının ləğvi də istisna edilmir.

 Səbəb isə qaz balonlarından olan partlayışlardır. Son vaxtlar kafelərdə, müxtəlif məntəqə və obyektlərdə, mənzillərdə qaz balonlarından partlayışlar artıb.

Bu yaxınlarda Dərnəgül bazarı yaxınlığındakı kafedə iki nəfərin ölümü ilə nəticələnən partlayışın səbəbi də qaz balonu idi.

Hazırda yeni tikilmiş və istismara qəbul olunmadan istifadə edilən bəzi çoxmərtəbəli binalar, həmçinin yataqxanalar və dağ kəndlərinin əhalisi gündəlik yanacağa olan tələbatlarını ödəmək məqsədilə maye qaz balonlarından istifadə edir.

Lakin əhalinin çox hissəsi qaz balonlarının quraşdırılması və təhlükəsiz istifadə qaydalarına əməl etmirlər, bu da qaz sızmasına, bəzi hallarda isə partlayış və yanğına səbəb olur.

► SOS: partlama həddi 2,5 faizdir

Əvvəllər bu balonların istifadəsinin yararlılığı ilə xüsusi idarə məşğul olurdu. Hazırda isə belə balonlar nəzarət edilmədən satılır.

Propan yanan zaman tam yanma prosesi getmir, qazın tərkibində olan bəzi maddələr dəm qazı formasında ətin üzərinə hopur ki, bu da kütləvi zəhərlənmələrə səbəb olur.

Metan qazının istilik yaratma qabiliyyəti 8500 kilo kaloridirsə, bu qazlarda 324 min kilo kaloridir. Metan qazının aşağı partlama həddi 4,5 faizdirsə, bu qazların partlama həddi 2,5 faizdir.

Yəni bu qazlar bir yerə 2,5 faiz yığılarsa, partlama baş verə bilər. Bu zaman partlayışın zərbə qüvvəsi 1 kvadratda 100 tona bərabərdir.

► FHN: İki mərtəbədən yuxarıda olmaz!

 Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin elektron saytında Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin qaz balonları ilə davranış qaydaları öz əksini tapıb.

Əhali bilməlidir ki, hündürlüyü iki mərtəbədən yuxarı olan yaşayış binalarında maye qaz balonlarının yerləşdirilməsi qəti qadağandır.

İki mərtəbəli yaşayış binalarında qazlaşdırma işləri aparıldıqda otaqların sayına, binanın müvafiq plan quruluşuna və tikinti normalarına əsaslanmaq lazımdır.

Qaz balonlarını istirahət otaqlarında, zirzəmilərdə və obyekt kimi istifadə olunan yarımzirzəmilərdə quraşdırmaq olmaz.

Qaz balonlarının quraşdırılması bu sahənin mütəxəssislərinə həvalə edilməli, istifadəçi isə texniki təhlükəsizlik və istifadə qaydalarına əməl olunması barədə məlumatlandırılmalıdır.

Yemək hazırlayarkən qaz sızmasının baş verməməsi üçün qaynadılan məhlulun alova düşməsinə yol verməməli və işin sonunda balonun kranı bağlanmalıdır.

İstifadə olunmayan, doldurulmayan, eləcə də boş balonlar mənzildən kənarda saxlanılmalıdır.

Balonları düzgün qaydada yaxşı ventilyasiya olunan zonada, istilik mənbəyindən kənarda, birbaşa günəş şüalarından uzaqda saxlamaq məsləhətdir.

Oksidləşdirici qazları tez alışan qazlardan, dolu balonları isə boş balonlardan ayrı saxlamalı, balondan diyircək, dayaq və s. kimi istifadə edilməməlidir.

Alov vasitəsilə balonun qaz buraxmasını yoxlamaq olmaz, bunun üçün sabunlu sudan istifadə edilməlidir.