Lapşinin dostu onun işini davam etdirir: Ermənistanın “007”-si Azərbaycanda - VİDEO

Lapşinin dostu onun işini davam etdirir: Ermənistanın “007”-si Azərbaycanda - VİDEO
23:35 10-07-2018 | icon 71

Vlad Maqa artıq təngə gətirən ideya ilə – pulsuz avtostopla səyahət edərək baş verənləri videoya çəkməklə populyarlaşan bloggerdi.  

Bəlkə də, özünü “007 xəfiyyəsi” hiss edən gənc lazım olmayan yerə burnunu soxmasaydı, hər şey yaxşı olardı. 

Belə ki, Belarus pasportundan istifadə edən bu erməni övladı Azərbaycana səfər etmək qərarına gəlir. Videoda o özü erməni əsilli olduğunu etiraf edir. 

Azərbaycanın dövlət sərhəddindən başlayaraq Vlad məqsədyönlü şəkildə rus dilini bilməyən vətəndaşlarımıza dolaşıq suallar verir. Azərbaycan dilini bilənlər başa düşürlər ki, videodakı insanlar ona yardım etməyə çalışırlar, yemək və içmək təklif edirlər, istədiyi yerə pulsuz aparırlar. O isə insanlara istehza edir, irqçi ifadələrə yol verir, guya Azərbaycan tolerant ölkə deyil, burada ruslara və rus dilinə nifrət edirlər.

Bundan sonra blogger Bakının “kontrastını” nümayiş etdirir. Şəhərin ucqar guşələrinə nəzər salmağa nə qədər çalışsa da, hər yerdə kadra Azərbaycan paytaxtının gözəlliyi və təmizliyi düşür. Blogger bunu kontrast adlandırır. O, qonaqpərvər bakılıların evlərinə daxil olur və casus kimi hər şeyi gizli kameraya çəkir.

Öyrədilmiş erməni “casusu” bacarıqla etibar qazanır və sadə insanlardan məlumat toplayır.

Daha sonra nədənsə Azərbaycanın Lerik rayonunda yerləşən ucqar Coni kəndinə baş çəkmək qərarına gəlir. “Əsas məqsədim Coni kəndinə yetişməkdir. Nə olursa olsun, bunu edəcəm”, - “Youtube”un “qəhrəmanı” deyir.

Plana uyğun olaraq yalnız rus dilini bilməyən, yardım göstərməkdən imtina edən və ölkədəki siyasətdən narazı qalan insanları göstərmək lazım idi.

Təbii ki, Azərbaycanın dağ kəndlərini dolaşan “turist” sayıq sakinlərdə şübhə oyatmağa başlayıb. Qeyd edək ki, videonu seyr edərkən bloggerə şəhərdə nə dərəcədə sakit yanaşdıqlarını və kənd sakinlərinin onunla necə ehtiyatla söhbət etdiklərini görmək olar.

Çoxları hətta onun erməni əsilli olmasından şübhələndilər: “O ermənidir, suallarına cavab verməyin”. 

Lerikdən sonra isə o, ölkənin ikinci şəhəri – Gəncəni seçir. Videonun müəllifi bu seçimini həmin şəhərdə nə zamansa erməni əcdadlarının yaşaması ilə əsaslandırır. 

Sonda isə növbəti proqramın anonsunu görürük. O, ermənilərin işğal etdiyi Dağlıq Qarabağa yollanır... Artıq sözlərə ehtiyac yoxdur – pula satılmış erməni təhrikçi.

Bu barədə turizm sahəsinin eksperti Azər Allahverənov Oxu-Az-a fikirlərini bildirib:

“Bakı dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfər etmək yolverilməzdir.

Azərbaycan XİN mütəmadi olaraq bütün xarici vətəndaşları işğal olunmuş ərazilərə səfərlərdən çəkinməyə çağırır. Təbii ki, XİN-in qüvvədə olan “qara siyahısına” rəğmən işğal olunmuş torpaqlara gedənlər tam başqa məqsədlər güdürlər.

Guya turist kimi Azərbaycanı gəzmək istəyən sözügedən erməni blogger heç də turist deyil. Onun çəkdiyi video əsasən Rusiya cəmiyyətində anti-Azərbaycan fikirlərinin yaranmasına xidmət edir.

Heç kimə sirr deyil ki, bu gün Rusiyada ermənilərin vəziyyəti əvvəlki kimi deyil. Həmçinin Azərbaycanda turizm durmadan inkişaf edir. Dünyanın müxtəkif guşələrindən olan insanlar istirahət üçün məhz Azərbaycanı seçirlər. Bloggerin məqsədi isə Rusiyaya və rus dilinə əslində olmayan ədavəti göstərmək, həmçinin qiymətlərin “baha” olmasına, guya azərbaycanlıların qonaqpərvər olmamalarına və s. diqqətçəkmək idi”.

Ekspertin sözlərinə görə, əlbəttə ki, məlumatsız tamaşaçı bu erməninin sözlərinə inanacaq, amma heç olmasa bir dəfə ölkəmizdə olanlar yaxşı anlayır ki, bu, erməni təxribatıdır.

Həmçinin Vlad Maqanın ermənilərə rəğbət bəsləyən digər blogger – Aleksandr Lapşinlə dost olması barədə məlumatlar mövcuddur.

Lapşin öz “Facebook” səhifəsində belə bir status paylaşıb: “O, Azərbaycna gələrək valideynlərinin evinə gedib çıxa bilib. Onun qısa filmi sadə azərbaycanlıların yoxsulluğunu və qəzəbini, hər yerdə hökm sürən erməni və casus xofunu əks etdirir. Azərbaycandan sonra o, Ermənistana, ordan da Qarabağa yollanıb.”

Xatırladaq ki, beynəlxalq sorğuya cavab olaraq Belarusun Lapşini təhvil verməsindən sonra o, bir neçə ay Azərbaycanda həbsdə keçirib. Blogger Azərbaycanın işğal olunmuş ərazisinə qeyri-qanuni səfər etmişdi.

ABŞ-a səfəri zamanı Aleksandr Lapşin Ermənistan prezidenti Armen Sarkisyanla görüşüb və bu barədə “Facebook” səhifəsində yazıb.

Səfərdən öncə isə uzun müddət ABŞ-ın və digər ölkələrin erməni diasporu ilə əlaqə yaratmağa çalışıb.

“Yeni Lapşinin” sərgüzəştlərinin nə ilə nəticələnəcəyini gözləyək...

A.Ş.