Deputat Sahibə Qafarova: Münaqişənin həlli üçün tərəflərdən birinin iradəsi yetərli deyil

Deputat Sahibə Qafarova: Münaqişənin həlli üçün tərəflərdən birinin iradəsi yetərli deyil
17:27 04-07-2018 | icon 57

 

Ermənistan-Azərbaycan münaqişəsinin həllini tapması üçün tərəflərdən yalnız birinin iradə nümayiş etdirməsi yetərli deyil. Bunun üçün qarşı tərəf və münaqişənin nizamlanmasında müəyyən funksiyaları üzərinə götürən vasitəçi tərəflər də səmimiyyət ortaya qoymalıdırlar, əks təqdirdə, problemin ədalətli həlli üçün imkanlar xeyli məhdud olur.

Bunu milletinsesi.info-a açıqlamasında Azərbaycanın “Avronest” Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova deyib.

O qeyd edib ki, status-kvonu formalaşdıran səbəblərə nəzər saldıqda, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və yeddi ətraf rayondan qoşunlarını çıxarmaq istəməməsi, hər vəchlə danışıqlar prosesini pozmağa çalışması, eyni zamanda, beynəlxalq ictimaiyyətin yetərli qətiyyəti ortaya qoymaması və işğalçı dövlətin özünü cəzasızlıq mühitində hiss etməsi kimi amillər özünü qabarıq göstərir. 

“Lakin təbiidir ki, status-kvo əbədi ola bilməz və münaqişə mütləq şəkildə ədalətli həllini tapmalıdır. Azərbaycan sülh danışıqlarına sadiqliyini nümayiş etdirsə də, yekunda bu danışıqlar bir nəticə verməsə, Azərbaycan özünün beynəlxalq sənədlərlə təsdiq olunmuş hüquqlarından istifadə edərək, öz ərazi bütövlüyünü həll etmək üçün digər yollara da müraciət edəcək.

Bu zaman hərbi paradda bir daha öz təsdiqini tapan Azərbaycan Ordusunun gücü öz sözünü deyəcək. Azərbaycan xalqı ordumuzun istənilən vəzifəni icra eməyə hazır və qadir olduğuna əmindir.

Bu isə o deməkdir ki, Azərbaycan dövləti və xalqımız heç vaxt işğalla barışmayacaq  və öz ərazi bütövlüyünü mütləq bərpa edəcək”, - deyə S. Qafarova əlavə edib.