Hadi Rəcəbli: Valideynlər uşaqlarını bölgələrimizə yox, Bodruma aparır

Hadi Rəcəbli: Valideynlər uşaqlarını bölgələrimizə yox, Bodruma aparır
16:05 02-07-2018 | icon 180

 

milletinsesi.info-ın suallarını siyasət elmləri doktoru, professor, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli cavablandırır:

 Hadi müəllim, artıq Milli Məclis (MM) növbəti yaz və növbədənkənar sessiyalarını baş vurdu, millət vəkilləri rəsmən yay tətilinə yollandırılar. Bu baxımdan, son sessiyalar komitənizin qanunvericilik fəaliyyəti ilə bağlı nələrlə yadda qaldı? Komitənin son sessiyalardakı fəaliyyətini tam qaənaətbəxş hesab etmək olarmı? 

– Parlamentin ən çox üz tutulan və ən işlək komitələrindən biri Əmək və sosial siyasət komitəsidir. Milli Məclisə daxil olan ərizə, şikayət və müraciətlərin böyük hissəsi bizim komitənin payına düşür. Ən çox qəbul keçirilən komitə də bizimkidir. Odur ki, komitə daim fəaliyyətdədir.

Hər sessiyada bizim komitənin ya özünün hazırladığı, ya da bizim komitəyə daxil olan qanun layihələrinin bir neçəsinin istər komitə səviyyəsində, istərsə plenar iclaslarda müzakirələri keçirilir və sonda onların qəbuluna nail olunur.

Məsələn, yaz sessiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə hazırlanan çox mühüm qanun layihəsi - “Əlilliyi olan şəxslərin hüquqları haqqında” sənəd müzakirələrə çıxarıldı və gərgin fikir mübadilələrindən sonra onun qəbulu mümkün oldu. 

 Bu yöndə yeni qanunun qəbuluna haradan zərurət yaranmışdı?

– Bilirsiniz, həmin qanun layihəsinin müzakirəsinə qədər qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanun 25 il bundan öncə qəbul olunmuşdu.

2008-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasına və bu sənədin Fakültativ protokoluna müvafiq bəyanatla qoşulmaqla orada təsbit olunmuş prinsiplərə sədaqətli olduğunu nümayiş etdirmişdi.

Yəni, həmin qanunun qəbul olunduğu dövrdən uzun müddət keçməsi ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqları sahəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yaranmışdı.

Zaman və mövcud reallıqlar yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu göstərdi və bunun üçün “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi BMT-nin, Avropa beynəlxalq təşkilatlarının, əlaqədar icra strukturlarının geniş əməkdaşlığı nəticəsində son dörd il ərzində hazırlandı...

 Yeri gəlmişkən, müzakirələr zamanı “ağlabatan” sözünə münasibət birmənalı olmadı, komitənizin əksər üzvləri qanunda belə bir sözün yazılmasının heç cür anlaşılan olmadığını dilə gətirdilər...

– Mən millət vəkillərini, komitəmizin üzvlərini anlayıram, fikirlərinə, iradlarına hörmətlə yanaşıram. Amma bəzən elə sözlər, terminlər, anlayışlar olur ki, onların başqa qarşılığı, dəqiq tərcüməsi olmur.

Odur ki, bəzən müzakirələrə və narazılıqlara məruz qalan sözlərdən, terminlərdən istifadə etmək məcburiyyətində qalırıq ki, “ağlabatan” da məhz onlardan biridir. “Ağlabatan”ı dəyişdirə, yenisi ilə əvəzləyə bilmədik, çünki məqbuldur, daha “ağlabatan”dır (gülür).

Qanunla bağlı fikirlərimi davam etdirərək bildirmək istəyirəm ki, məsələn, II fəsil Əlilliyi olan şəxslərin reabilitasiyası, abilitasiyası və inkişafı adlanır ki, bu fəsildə də uşaqlar arasında sağlamlıq üzrə profilaktik tədbirlər, həmçinin əlilliyi olan şəxslərin reabilitasiyası, abilitasiyası, tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı məqsədilə tərtib olunan Fərdi Reabilitasiya Proqramı təsbit edilib.

Bu fəsildə dövlət fiziki qüsuruna görə hər hansı ayrıseçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər  şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyi doğuran risklərin aradan qaldırılmasına və ya azaldılmasına, bu qrup insanların reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir.

Bu baxımdan, sənədə hər bir əlilliyi olan şəxsə münasibətdə Fərdi Reabilitasiya Proqramının tərtib olunması və icrası ilə bağlı normalar daxil edilib. Eyni zamanda, əlilliyi olan şəxslərə maksimum müstəqilliyə, fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub-saxlamaq imkanı vermək məqsədilə onların abilitasiyasının həyata keçirilməsi nəzərdə tutulub.

Çox mühüm məqamlardan biri kimi, qanunda sağlamlıq imkanları məhdud uşaqların həm məktəbəqədər və məktəbdənkənar (maddə 18), həm də stasionar müəssisələrdə olduqları dövrdə təlim və tərbiyəsi (maddə 19) maddələri bu xidmətin (fəaliyyətin) həyata keçirilməsi zamanı baş verə biləcək neqativ halların qarşısının alınmasına xidmət edir.

Bir sözlə, hesab edirəm ki, bu sənəd istər əlilliyi olan şəxslərin hüquqlarını, istərsə də müvafiq icra hakimiyyəti orqanlarının vəzifələrini müəyyən etməklə yanaşı, onların qarşılıqlı münasibətlərini tənzimləyəcək və bu gün üçün mövcud olan boşluqları dolduracaq.

 Əlillərlə bağlı kvotaların ayrılması məsələsi də çox ciddi müzakirə mövzularından oldu və hələ də bu yöndə müzakirələr bitməyib. Gələcəkdə, təkmilləşdirmələr prosesində bu məqam nəzərə alına bilərmi?

– Alına bilər, niyə alınmasın ki?! Bu, istisna deyil. Amma hər bir məsələnin öz məqamı və zamanı var. Azərbaycanda əlillərin işlə təmin olunması istiqamətində görülən işləri, atılan addımları görməmək düzgün olmazdı.

 Yeri gəlmişkən, Azərbaycanda əlillərin sayı ilə bağlı mübahisələr səngimək bilmir. Xüsusilə əlilliyin müəyyənləşdirilməsi məsələsində ciddi problemlərin olduğu daim gündəmə gətirilir. Hətta parlamentdə belə bir təklif də səsləndi ki, bu məsələ “ASAN Xidmət”ə həvalə olunsun...

– Əvvəla, bir daha qeyd edim ki, Azərbaycanda fiziki qüsurlu insanların sayı, bugünkü hesablamalara görə, təxminən 620 min nəfər təşkil edir.

Bu da ölkə əhalisinin altı faizi qədərdir. Nəzərə alsaq ki, bu faiz dünyada 10-12 civarında hesablanır və bizdə ölkə əhalisinin sayı son illər bir milyon yarıma qədər artıb, bu qrup insanların sayı, demək olar ki, dəyişməyib. Buradan belə bir məntiq ortaya çıxır ki, bizdə əlilliyin reabilitasiyası və qarşısının alınması istiqamətində daha ardıcıl və sistemli iş aparılır.

Bununla belə, bu məsələdə, yəni əlilliyin müəyyənləşdirilməsi istiqamətində problemlər var. Yəni, səslənən iradlarda həqiqət payı az deyil. Elə bir istiqamət seçilməli, elə bir mexanizm tapılmalıdır ki, bu məsələdə problemlər olmasın, xoşagəlməz söz-söhbətlər birdəfəlik yığışdırılsın.

Onu da qeyd edim ki, bizim komitə hər zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə  qarşılıqlı fəaliyyətdə olub. Nazirliyə yeni rəhbərlik gəlib. Odur ki, bir sıra məsələlərin qarşılıqlı şəkildə müzakirə edilməsi və çözülməsi məqsədilə adıçəkilən nazirliklə ictimai dinləmələrin keçirilməsini istəyirik.

Bununla bağlı komitəmizin adından sözügedən nazirliyə məktubla müraciət etmişik və bildirmişik ki, qarşıdan gələn payız sessiyası çərçivəsində bu yöndə ictimai dinləmə keçirilsin. Çox güman ki, xahişimiz nəzərə alınacaq və belə bir ictimai dinləmə baş tutacaq.

 Növbədənkənar sessiyanın sonunda uzun-uzadı müzakirələrə səbəb olmuş daha bir qanun layihəsi qəbul olundu,  yəni, “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşdan keçdi, yaxın zamanlarda ölkə prezidenti tərəfindən təsdiqlənərək, hüquqi qüvvəyə minəcək. Belə bir sənədə ehtiyac haradan yarandı?

– Bu yöndə qüvvədə olan qanunun qəbulundan xeyli müddət ötür və mövcud reallıqlar, dəyişikliklər, ölkəmizdə yaşanan sürətli inkişaf prosesi onun dəyişdirilməsini, tam yenilənməsini tələb edirdi.

Odur ki, biz qanuna dəyişikliklər edilməsi yolunu deyil, onun tam yenilənməsi, yeni sənədin hazırlanması və qəbul edilməsi variantını məqbul hesab etdik.

Düşünürəm ki, yeni qanunun hazırlanması və qəbulu daha effektli, daha səmərəli oldu və gələcək müddətdə özünün müsbət töhfəsini vermiş olacaq.

 Adıçəkilən sənəddən söz düşmüşkən, ona “qeyri-formal məşğulluq”la bağlı 3 maddədən ibarət ayrıca bir fəslin daxil edilməsi də asan qəbul olunmadı, onun ətrafında ciddi və kəskin müzakirələr getdi.

– Bu, belə də olmalı idi, burada qeyri-adi heç nə axtarmaq lazım deyil. Hər bir yenilik asan qarşılanmır və qəbul olunmur, onun üçün bəzən illər lazım olur. Sonda onun vacibliyi, əhəmiyyəti hər kəs tərəfindən qəbul və etiraf edilir.

Bu yerdə qeyd edim ki, adıçəkilən məsələ ilə bağlı zaman-zaman fikirlər komitə iclaslarında və plenar iclaslarda millət vəkilləri tərəfindən və cəmiyyətdə ayrı-ayrı qruplar tərəfindən dəfələrlə səsləndirilib.

Dünyanın hər yerində olduğu kimi, qeyri-formal məşğulluq bizdə də mövcuddur. Nəticədə, qeyri-formal məşğulluq çoxsaylı əmək mübahisələri ilə müşayiət olunur, ölkə iqtisadiyyatına və əhalinin sosial rifah halına mənfi təsir göstərir, ona sarsıdıcı zərbə vurur.

Ən əsası isə, qeyri-formal məşğulluq dövlətçiliyin təməl prinsiplərinə, xüsusən də qanunvericilik qarşısında hər kəsin bərabər məsuliyyət daşıması prinsipinə ziddir.

 Azərbaycanda qeydiyyatsız işləyənlərin sayı bəllidirmi?

– Son statistik göstəricilərə görə, Azərbaycanda qeydiyyatsız işləyənlərin ümumi sayı təxminən 1 milyon 200 min nəfər təşkil edir. Odur ki, bu tipli məşğulluq vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməməsinə səbəb olmaqla, nəticədə dövlət büdcəsində böyük itkilər yaradır, işçiləri cari və gələcək sosial təminat hüquqlarından məhrum edir.

Bu sektorda işçilər təhlükəli iş yerlərində və normalaşdırılmamış iş rejimində çalışır, əməyin mühafizəsi qaydalarından kənarda qalır, minimum əməkhaqqı məbləğindən də aşağı ödəniş alır, məzuniyyət və müavinət hüquqlarından məhrum olurlar.

Xüsusən qeyri-formal məşğulluq daha çox qadınlara, aztəminatlı ailələrə, gənclərə və miqrantlara mənfi təsir göstərir. Bu ciddi problemlə bağlı möhtərəm prezidentimiz İlham Əliyev cənablarının iki mühüm sərəncamını diqqətinizə çatdırmaq istərdim:

“Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçımızın 2017-ci il 17 mart tarixli sərəncamının tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən - işçi münasibətlərinin rəsmiləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb.

Bu istiqamətdə fəaliyyətin davamı kimi ölkə prezidentinin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə “Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib, həmin Tədbirlər Planının 1.1-ci bəndində “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə “Məşğulluq haqqında” qanunda və digər normativ hüquqi aktlarda dəyişikliklər barədə layihələr hazırlanması” ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub.

Təqdirəlayiq haldır ki, artıq bu hüquqi normaları qanunvericiliyimizdə təsbit edirik. Yəni, adıçəkilən sənəddəki yeni, 5-ci fəslin 30-cu maddəsi  qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi prosedurunu, 31-ci maddəsi “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının yaradılması mexanizmini, 32-ci maddə isə qeyri-formal məşğulluq sahəsində maarifləndirmə tədbirlərini nəzərdə tutur.

 Hadi müəllim, artıq istirahət mövsümüdür. Xüsusilə uşaqların, orta məktəb şagirdlərinin təhsildənkənar asudə vaxtlarının səmərəli təşkil edilməsi məsələsi gündəmin əsas məsələlərindəndir. Bu məsələ neçə illərdir müzakirə mövzusudur, hətta zaman-zaman bununla bağlı ayrıca qanun layihəsinin qəbul edilməsi təklifləri eşidilməkdədir.

– Bəli, biz də komitə olaraq, hesab edirik ki, uşaqların, orta məktəb şagirdlərinin təhsildənkənar, o cümlədən, asudə vaxtlarının və istirahətlərinin daha səmərəli təşkil olunması üçün bu məsələni tənzimləyəcək ayrıca qanunvericilik aktının hazırlanması və qəbuluna ehtiyac var.

Hətta bu məsələ ilə bağlı müvafiq qanun layihəsinin ilkin variantı hazırlanıb, rəhbərlik etdiyim komitə çərçivəsində müzakirələr aparılıb və müzakirələrdə bir daha belə sənədin olmasının vacibliyi vurğulanıb.

Sadəcə, qanun layihəsi maliyyə tutumlu olduğu üçün onunla bağlı dəqiqləşdirmələrin aparılması zərurəti ortadadır və çox güman ki, aidiyyəti qurumların, xüsusən də Maliyyə Nazirliyinin xeyir-duasından sonra bu məsələ, nəhayət, öz müsbət həllini tapa bilər.

Bu məsələdə önəmli məqamlardan biri də yetişməkdə olan nəslin dünyagörüşü, onların ölkənin bölgələri, yerli adət-ənənələri, xüsusiyyətləri ilə tanışlığı, onları mənimsəyərək, əxz edərək yayması, o cümlədən, onlarda turizm təfəkkürünün formalaşdırılması məsələsidir.

Təsadüfi deyil ki, son illər Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirilməsi, ölkəyə turistlərin cəlb olunması istiqmətində ciddi işlər görülür. Bildiyiniz kimi, uzun və gərgin müzakirələrdən sonra  bu yöndə çox önəmli Turizm Məcəlləsi də, turizmlə bağlı yeni qəbul olunub.

Heç şübhəsiz, turizmin inkişafına töhfə olacaq məqamlardan biri də yeni nəsildə turizm təfəkkürünün, turizm mədəniyyətinin formalaşdırılmasıdır. Eyni zamanda, 30 ili tamam olacaq  Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin, reallıqlarının dünyaya olduğu kimi yayılması çox önəmli məqamlardandır.

Bəzən, təəssüflər olsun ki, nəinki ölkəmizin hüdudlarından kənarda olanlar, heç ölkədə yaşayanlar, xüsusilə 90-cı illərdən bu yana dünyaya gələnlər də Azərbaycan həqiqətləri, reallıqları, tariximiz, milli adət-ənənələrimizlə bağlı bir çox məsələləri bilmirlər.

Yumşaq şəkildə desək, düzgün anlayışları, təsəvvürləri yoxdur və ya çox bəsit şəkildə fikirlərini izah edirlər ki, bu da yolverilməz, qəbuledilməzdir.

Orta məktəb yaşlı yeniyetmələrimizin, gələcəyimiz adlandırdığımız gənc nəslin daha hazırlıqlı, daha dünyagörüşlü vətəndaşlar kimi yetişdirilməsi üçün onların dərsdənkənar, asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili, bölgələrə tanışlıq səfərlərinin təmini üçün ciddi addımlar atılmasına zəruri ehtiyac var.

Təbii ki, bu məsələdə işin əsas ağırlığı Təhsil Nazirliyinin üzərinə düşür. Qurumdan bildirilib ki, məktəblilərin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə nazirlik tərəfindən respublika üzrə bütün təhsil müəssisələrini əhatə edən yaradıcılıq istiqamətli müsabiqələr, sərgilər, konsert və festivallar, müxtəlif səviyyəli idman yarışları, turnirlər, çempionatlar, ekoloji biliklərin artırılması və sağlam həyat tərzinin geniş təbliği, ölkəmizin milli-mədəni dəyərləri ilə tanışlıq, ümumi dünyagörüşü və intellektual səviyyənin artırılması üçün bir sıra işlər görülür.

Artıq bir neçə ildir mayın 18-i “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən “Məktəblilərin muzeylər həftəsi” təşkil edilir.

Daha bir kütləvi proqram “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramıdır ki, bu proqram məktəblilərin ekoloji biliklərinin genişləndirilməsi, onların əraf mühitin mühafizəsi məsələlərinə aktiv cəlb olunması, ekoloji təmiz məhsulun alınması və aqrobiomüxtəliflik sahəsinə respublika üzrə məktəblilərin cəlb olunması, paytaxt və regionalarda təhsil müəssisələrinin həyətlərində yaşıllaşdırma və abadlaşdırma işlərinin təşkili, seminar, forum və konfranslar, ekoerudit və digər müsabiqələr şəklində gerçəkləşdirilir.

Təhsil ekspertləri hesab edirlər ki, toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə hansısa müvəffəqiyyətlər əldə etmək olar. Ancaq şagirdin fiziki-əqli inkişafı onun yalnız dərs oxumasından asılı deyil.

 Hazırda ən böyük problemlərdən biri şagirdlərin asudə vaxtının təşkili məsələsidir, yəni, keyfiyyətli təhsil üçün öncə şagirdin səmərəli istirahətini təşkil etmək lazımdır...

– Razıyam. Yay tətili zamanı uşaqlar və gənclər bir qədər dincələrək yeni dərs ili üçün enerji toplayırlar. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda təşkil edilən yay məktəblərinin qiyməti kifayət qədər baha olduğundan əksər uşaqlar bundan yararlanmaq imkanından məhrumdurlar.

Psixoloqlar isə hesab edirlər ki, yay tətili günlərini səmərəli və maraqlı keçirmək məktəblilər üçün çox əhəmiyyətlidir. İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi-nəzərindən böyük məna kəsb edir.

Hər bir ailə uşaqların istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var.

Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval-ruhiyyə yaradır. Uşaqlar bir-biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər.

Təəssüf ki, ailələr uşaqların istirahət və asudə vaxtlarının təşkil olunmasına bir o qədər də əhəmiyyət vermirlər. Hətta elə ailələr də var ki, övladını istirahət üçün maraqlı yerlərə, müxtəlif ölkələrə aparsa da, uşaq daxilən bundan zövq almır. Səyahətlər onu sevindirmir.

Məsələn, valideynlər öz övladlarını Bodruma aparırlar, amma Azərbaycanın ondan geri qalmayan gözəl istirahət bölgələrinə- Qusara, Qubaya, Qəbləyə, elə Cənub bölgəsinə və sair yerlərə aparmırlar.

Bu, elə bilirəm ki, düzgün deyil. Valideynlər bu məqama ciddi diqqət yetirməlidirlər. Bu yerdə qeyd edim ki, artıq Cənub bölgəsinə, Astara istiqamətinə çəkilən yolun açılışı da yubadılır.

Yol işçilərimizə zəhmətlərinə görə minnətdarlığımızı bildiririk, amma hesab edirik ki, bu yolın açılışı tezləşdirilməlidir. Çünki mövcud yolun keyfiyyətsizliyinə görə Cənub zonasına istirahətə gedənlər az olur, yəni, insanlar bu bölgəyə maraq göstərmirlər.

Odur ki, bir daha çağırış edirik ki, bu yolun açılışını tezləşdirsinlər.