Deputat Hüseynbala Mirələmov : "Yaşlı ədəbi nəsil getsə, nə dəyişəcək?"

Deputat Hüseynbala Mirələmov : "Yaşlı ədəbi nəsil getsə, nə dəyişəcək?"
11:17 25-06-2018 | icon 362

 

milletinsesi.info-ın müxbirinin suallarını millət vəkili, yazıçı Hüseynbala Mirələmov cavablandırır:

- Siz siyasətçi, millət vəkili olmaqla yanaşı, həm də ədəbiyyat-söz adamısınız. Sizə də yaxşı məlumdur ki, tarixən ədəbiyyatda nəsillər arasında “atalar və oğullar” mübarizəsi gedib və bu gün də var. XX əsrin sonları XXI əsrin əvvəllərindən isə həyatımıza daxil olan informasiya-kommunikasiya sistemləri, yeni texnologiyalar bu mübarizəni daha da alovlandırıb.

Demək olar ki, hər gün saytlarda, portallarda, digər sosial şəbəkələrdə bu mübarizə elementlərinə, qarşılıqlı ittihamlara rast gəlinməkdədir. Bu baxımdan necə hesab edirsiniz, bu mübarizənin ədəbiyyata, ədəbi proseslərə bir xeyri varmı, yoxsa?

 - Vallah, mən əslində bunu mübarizə adlandırmazdım. Mən bunu xırda-xuruş çayxana intriqası adlandırardım. Bəziləri çayxanada çay içə-içə oturub qeybət aparırlar.

Düzdür, onların arasında istedadlı uşaqlar - istedadlı şairlər, publisistlər də var, mən də onları oxuyuram, izləyirəm, ancaq elə-belə boş-boş yazan, bir cümləsi belə oxunmayanlar da var.

Ona görə mən bunu ədəbiyyat, nəsillər - “atalar-oğullar” mübarizəsi adlandırmazdım.

Mən mübarizəni onda görürəm ki, məsələn, bu gün bir roman yazmışam - qoymuşam ortaya, insanların-cəmiyyətin mühakiməsinə vermişəm. Mənimlə mübarizə aparmaq üçün sən daha yaxşı roman yazmalısan, onu ortaya qoymalısan və deməlisən, əzizim, sənin yazdığın bunun yanında heç nədir.

Yəni, qoy cəmiyyət oxusun - özü qiymət versin. Sözün həqiqi mənasında əgər oxucular doğrudan da desə ki, məsələn, bunun yazdığı roman onun yazdığı romandan, o hekayə bu hekayədən yaxşıdır, bu, əsl mübarizə sayıla bilər. Klassik ədəbiyyatdan nümunə gətirmək istəyirəm.

Görün, dahi Tolstoy Çexov haqqında nə deyir: “Əgər rus ədəbiyyatının bütün yazıları, bütün romanları, bütün əsərləri, ümumiyyətlə, rus ədəbiyyatı yansaydı, bircə Çexovun hekayələri qalsaydı, bu, bəs edərdi”.

Mən əsl mübarizə buna deyirəm. Sən otur Anarı, Elçini, İsmayıl Şıxlını, Səməd Vurğunu, Məmməd Arazı, digər görkəmli ədiblərimizi çayxanada “təhlil” elə, bu, mübarizə deyil, axı!

- Yaşlı nəslin nümayəndələrini ittiham edənlər, daha doğrusu, onları inkar edənlər özlərini postmodernist, avanqardist və sair adlandırırlar...

 - Bilirsiniz, iki dəfə iki dörd edir. Riyaziyyatda qeyri-adi, qeyri-real yolla bəzən ikini ikiyə vurub 5 alırlar. Elə mən özüm də orta məktəbdə oxuyanda iki vur ikini beş edirdim.

Amma həmin özlərini postmodernist, avanqardist, nə bilim nə adlandıranlar onlar boş şeylərdir.

Bizim gənclik illərimizdə abstrakt rəssamlıq, abstrakt rəssamlar vardı - onlar əllərini müxtəlif rənglərə basıb sonra da onu vururdular divara, deyirdilər ki, bu, böyük əsərdir.

Əslində isə o, heç nə idi. İndi bu postmodernistləri də, avanqardistləri də həmin abstrakt rəssamlara bənzədirəm, onlar boş-boş işlərlə məşğul olurlar.

Ədəbiyyatı oxuyandan sonra ruhun dincəlməlidir, ədəbiyyatı oxuyandan sonra gözlərin yaşarmalıdır və yaxud sevinməlisən, bir müddət onun təsiri altında yaşamalısan.

- Onlar bildirirlər ki, yaşlı nəsil ədəbiyyatdan getməyincə Azərbaycan ədəbiyyatı inkişaf etməyəcək...

- Sizə qurban olum, lap tutaq ki, yaşlı ədəbi nəsil getdi, nə dəyişəcək?

Bizim getməyimizlə, yaşlı nəslin sıradan çıxmasıyla - mən özümü böyük mənada yazıçı saymıram, söhbət ümumən yaşlı nəsildən gedir - kiməsə əlavə istedad veriləcək, vəhy gələcək ki, gözəl əsər yaz?!

Qardaş, qurban olum, yaz da, saytlar, jurnallar, qəzetlər var, çap elətdir, qoy bəşəriyyət - bütün insanlıq ayağa qalxsın, sənin kitablarını çıraqla axtarsın.

Yaşlı nəslin olub-olmamasının sənin istedadına nə dəxli var?!

Belə boş-boş danışmaqla, populizmlə ədəbiyyat yaratmaq olmaz. Bizim istedadlı gənclərimiz bir şeyi başa düşməlidir ki, onlar oturub yazmalıdırlar, yaratmalıdırlar.

Yaşlı nəsillə mübarizə aparırsansa, gözəl əsərlər yaz, qoy ortaya.

Həmin gənclərə məsləhət görürəm ki, əsl ədəbiyyat görmək istəyirlərsə, Anarın “Gözmuncuğu” povestini oxusunlar.

Onu oxusunlar və əgər mübarizədən danışırlarsa, çalışıb ondan gözəl əsər yaratsınlar, sonra meydana çıxsınlar.

- Bu da faktdır ki, Sovetlər dövründə - qapalı mühitdə böyük əsərlər yazılırdı, yaranırdı nəinki indiki - azadlıq, müstəqillik dövründə.

- Bu məsələdə haqlı məqamlar var. Götürək Çingiz Aytmatovu.

Sovetlər dövründə  “Ana tarla”,  “İlk müəllim” və sair povestlərinə görə Lenin mükafatı aldı. İnanın ki, bu əsərlər minillər bundan sonra da yaşayacaq.

İndi barmağını qatla ki, son zamanlar MDB məkanında Çingiz Aytmatova bərabər bir yazıçı yetişib, mən saydığım əsərlərə bərabər səviyyəli əsərlər yazılıb.

Yetişməyib, yazılmayıb, yoxdur...

Mən bir məsələni də demək istəyirəm və xahiş edirəm bunu oxuculara da çatdırın: istedadın qabağını ictimai quruluş kəsə bilməz.

Əgər mənim istedadım varsa - istər Kommunist Partiyası olsun, istər başqası, ya da heç bir partiya olmasın - heç nə onun qarşısını ala bilməz. Təki mənim istedadım olsun. Təki mənim duyan qəlbim olsun. Təki Allah-Təala mənə yazıçılıq istedadı vermiş olsun.

Rəssamlıqda da belədir, bəstəkarlıqda da - istedadın varsa, bunun ictimai quruluşla heç bir əlaqəsi yoxdur.

Demək istəyirəm ki, istedadı olan yazır və yazacaq.

- Fəxri adlar barədə fikriniz maraqlı olardı. Necə düşünürsünüz, fəxri adlar qalmalıdırmı?

- Hesab edirəm ki, bu adların qalması lazımdır. Çünki, bu, stimuldur. Bu, elə bir işıqdır ki, sonradan gələn nəsil də ona baxıb həvəslənsin. Özü də bu fəxri adları hər adama vermirlər ki. Bunu böyük sənət xadimlərinə, ədəbiyyat adamlarına verirlər.

Ona görə yeni nəslin nümayəndələri də çalışıb o işığa doğru getsinlər, o zirvəni fəth etsinlər və gələcəkdə fəxri adlar qazansınlar.