Gövhər Baxşəliyeva: "Qızların tərbiyəsi ilə atalar məşğul olmalıdır"

Gövhər Baxşəliyeva: "Qızların tərbiyəsi ilə atalar məşğul olmalıdır"
19:20 06-06-2018 | icon 138

 

milletinsesi.info-ın müxbirinin suallarını akademik, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva cavablandırır:

-Gövhər xanım,öz milli mental-əxlaqi dəyərləri ilə seçilən Azərbaycan cəmiyyətində oğlan uşaqlarının son illər bir növ incə ruhda, belə demək mümkünsə, az qala qız kimi böyüdülməsi və bundan irəli gələn bir sıra neqativ halların ortaya çıxması müşahidə edilməkdədir. Siz bu tendensiyaya necə baxırsınız?

- Bu, daha çox qloballaşma məsələləri ilə bağlıdır. Bir növ ölkələrin, virtual da olsa, sərhədsizləşməsi prosesi gedir. Yəni sərhədlər, reallıqda olmasa da, virtual aləmdə götürülür və bütün dünya vahid bir sosial-mədəni məkanda inkişaf edir. Bu zaman istər-istəməz insanlar, xüsusən uşaq və gənclər müxtəlif təsirlərə məruz qalır. Qərbdən həmin o dediyiniz təsirlər, yəni, kişi cinsi ilə qadın cinsi arasında kəskin fərqlərin bir növ aradan götürülməsi prosesi bizə təsir edir. Şərqdən gələn bəzi neqativ meyllər də öz təsirini göstərir.

Düşünürəm ki, biz bunlardan kənarda qala bilməyəcəyik. Bu proses gedir və getdikcə güclənəcək. Bu təsirləri mümkün qədər zəiflətmək üçün ənənəvi mədəniyyətimizi geniş təbliğ etməliyik. 

Bu zaman digər problem yaranır: dədə-babadan gələn adət-ənənə heç də həmişə bu günümüzlə səsləşmir, bəzən isə cəmiyyətin inkişafını ləngidir. Cəmiyyətin inkişafını ləngidən adət-ənənələrdən, köhnəlikdən əl çəkməliyik. Biz istəyirik ki, Azərbaycan hərtərəfli inkişaf etsin, müasir, mütərəqqi dövlət olsun. Odur ki, müsbət adət-ənənələri qoruyub saxlamalıyıq.

Tariximizdən, dədə-babalardan, qədim türklərdən gələn adət-ənənələri, müsbət meylləri mütləq saxlamalıyıq. Məsələn, elə qədim türklərdən götürək. Qadını ailəsinin xanımı kimi qəbul etmək, ona hörmət etmək, ona böyük ehtiramla yanaşmaq, qayğı göstərmək, onunla hesablaşmaq. Qədim türklərdə qadına belə gözəl münasibət olub. Yaxud da dinimizdən götürək, məsələn, sağlam həyat tərzi, yüksək mənəviyyat, halal-haram məsələsi.

Müasir həyatda yer alan müxtəlif neqativ hallar, narkotiklər, alkoqollu içkilər, bunlardan uzaq olmaq, halal yaşamaq, harama getməmək üçün, bax, dediklərimi qoruyub saxlamalıyıq və təbliğ etməliyik. 

Digər tərəfdən, hamımız bilirik ki, İslam dini sonuncu din və dinlərin ən gözəlidir. Bu din VII əsrdə yaranıb. Quran nazil olanda onun ehkamları o dövrün ictimai, siyasi və mədəni münasibətlərinə hesablanıb. İndi nə qədər düzgündür həmin o ehkamları əsrlər boyu saxlayıb, hətta XXI əsrdə yaşatmaq?

Bu zaman nə baş verir? Bu zaman cəmiyyətin inkişafı ləngiyir. Bax, biz buna yol verməməliyik. Bu, təkcə bizə yox, bütün müsəlman aləminə aiddir.

Müsəlman aləmi inkişaf etmək istəyirsə, Avropa ölkələri ilə ayaqlaşsın. Yəni, VII əsrdə yaranmış o dinin bugünümüzlə uzlaşan, bugünümüz üçün müsbət xarakter daşıyan, cəmiyyətin inkişafını stimullaşdıran cəhətlərini, adət-ənənəni saxlamaq lazımdır. Amma eyni zamanda, bugünümüz ilə uzlaşmayanları bir qədər kənara qoymaq lazımdır. Bunun uğrunda əsrlər boyu mütərəqqi islam ilahiyyatçıları, fikir adamları, alimləri çıxış ediblər.

-Belə hallar Avropada, Qərbdə də yaşanmayıbmı? 

- Təbii ki, yaşanıb. Avropa, xristian cəmiyyəti də çox ciddi sınaqlardan keçib. Kafirlikdə, dini doğmalara qarşı çıxmaqda ittiham edilən insanların mühakiməsi üçün kilsə tərəfindən inkvizisiya adlanan məhkəmələr qurulurdu. Məsələn, inkvizisiya hökm etdiyi vaxtlar kilsənin ehkamlarına azacıq etiraz edən minlərlə insanı diri-diri yandırdılar, zindarlarda çürütdülər. Cordano Brunonu yandırdılar, Koperniki də elə hala saldılar ki, ağlın itirdi.

Yaxud, katoliklərlə protestantların uzun müddət mübarizəsini götürək. Parisdə Varfolomey gecəsi adlanan bir gecədə katoliklər minlərlə protestant qırdı. Bütün bu sarsıntılardan sonra Avropa cəmiyyəti, xristian aləmi köklü dəyişikliklərin labüd olduğunu tam anladı. Bunun nəticəsi olaraq Reformasiya – XVI-XVII əsrin əvvəllərində Qərbi Avropada katolik  kilsənin özbaşınalıqlarına qarşı yönəlmiş dini və ictimai-siyasi hərəkat başladı. Fəlsəfi əsərlər çoxaldı, maarifləndirmə işləri geniş vüsət aldı.

Mövcud vəziyyətlə mübarizə gücləndi və bütün bu mübarizənin - mütərəqqi insanların, hətta, mütərəqqi kilsə xadimlərinin mübarizəsinin nəticəsi olaraq, bütün sahələrdə, o cümlədən,  din sahəsində, kilsə sahəsində islahatlar başlandı.

Demək istəyirəm ki, məhz bundan sonra Avropanın çox güclü inkişafı başladı. Bu baxımdan istənilən cəmiyyət oxşar prosesdən keçməlidir. Din cəmiyyətin inkişafını ləngitməməlidir. Mən çox arzu edərdim ki, müsəlman aləmində də mütərəqqi islam xadimləri, alimlər, filosoflar bu istiqamətdə iş aparsınlar və sonuncu səmavi din olan bizim gözəl İslam dinimiz cəmiyyətin inkişafını stimullaşdıran faktora çevrilsin.

Bu bütün müsəlman ölkələri üçün çox aktual məsələdir. İslam yaranandan sonra bütün müsəlman aləmi möhtəşəm intibah dövrü yaşadı, böyük islam mədəniyyəti yarandı, elmin bir çox sahəsi sürətlə inkişaf etdi, ecazkar musiqi, ədəbiyyat və poeziya ərsəyə gəldi, bir sözlə, həyatın bütün sahələri sürətlə irəlilədi. X əsr müsəlman mədəniyyətinin Qızıl dövrü adlanır. İnersiya ilə bu inkişaf XII əsrə qədər davam etdi.

-Ancaq sonra müsəlman aləmi böyük durğunluq dövrünə qədəm qoydu və məhz bu zaman bugünkü geriliyin əsası qoyuldu...

-Çox təəssüf ki, belə oldu. Müsəlman aləminin keçmişi-VII-XII əsrləri ehtiva edən dövr çox möhtəşəm olub. Amma onu da anlamalıyıq ki, müsəlman aləminin keçmişi nə qədər möhtəşəm olsa da, bu keçmişin əsirinə çevrilmək olmaz. Ona rasional yanaşaraq bu günümüzlə səsləşməyən, müsəlman aləminin inkişafını ləngidən, müasir  dünyadan geridə qoyan dini ehkamları tarixdə qoymaq lazımdır.

XXI əsrdə VII əsrdə yaranan qayda-qanunla yaşamaq nonsensdir. Dünyaya açıq gözlə baxmalıyıq. Özümüzə sual verməliyik: nədir müsəlman aləminin bugünkü çoxsaylı problemlərinin səbəbi? Nə üçün XXI əsrdə müsəlman müsəlmanı təriqət, məzhəb ayrı-seçkiliyinə görə öldürməlidir? İŞİD, Taliban, Hezbollah və onlarla digər radikal islami cərəyan və qruplaşmalarının fəaliyyəti artıq tarixin arxivində qalmalıdır.

Oğlan uşaqlarının tərbiyəsinə gəldikdə bir məqamı da vurğulamaq istərdim. Hələ qədim türklərdə bəzən oğlan uşağı dünyaya gələndə onu öz doğma anasından ayırırdılar və başqa qadına verirdilər. Hesab olunurdu ki, doğma ana uşağı əzizləyəcək və onu gələcəyin əsgəri kimi böyütməyəcək. Yəni, o vaxtdan nəzərə alınırdı ki, oğlan gərək kişi kimi böyüyə, tərbiyə ala. Bu gün də oğlanı gələcəyin kişisi kimi böyütmək vacibdir.

Qızı isə qız kimi və o ilkin tərbiyə ailələrdə aşılanmalıdır ki, sən qızsan, ev işləri ilə məşğul olmalısan, təmizliyə baxmalısan, evdə səliqə-sahman yaratmalısan, sən böyük qardaşının, atanın sözünə baxmalısan, dediklərinə riayət etməlisən və sair. Eyni zamanda, oğlan gələcəyin kişisi, ailə başçısı kimi böyüməlidir. Ancaq burada problem nədən yaranır?

Ondan yaranır ki, atalar daha çox işlə məşğul olurlar, ailəni dolandırmaq üçün çörək qazanır, maddi ehtiyaclarını təmin etmək haqqında düşünürlər. Bu zaman oğlan uşağı qalır ananın öhdəsində və qadın nə qədər istəsə belə, övladına bəlkə də o kişinin, atanın verəcəyini verə bilmir. Odur ki, nə qədər vaxtları az, nə qədər başları qarışıq olsa da, oğlanın tərbiyəsi ilə ata daha çox məşğul olmalıdır. Müəyyən səciyyəvi xüsusiyyətlər var ki, onu körpəlikdən uşağa ata aşılamalıdır. 

- Bu gün orta məktəblərdə kişi müəllimlərinə çox az rast gəlinir ki, bu da oğlan uşaqlarının tərbiyəsinə mənfi təsir göstərir. Bu baxımdan, müəllim işləyən kişilərə daha artıq məvacib verməklə müəllimlik təhsili alıb, ancaq kənar ixtisaslar üzrə peşələrdə çalışanları-oğlanlar nəzərdə tutulur - yenidən öz peşələri üzrə çalışmalarına stimullaşdırmaq olmazmı? 

- Bəzi ölkələrdə elə əvvəllərdən kişiyə məvacib  qadına nisbətən daha çox verilirdi. Amma sonradan həmin o cəmiyyətlərdə qadınlar uzun müddət mübarizə aparmalı oldular ki, kişilərlə hüquqları eyniləşsin və eyni işə görə eyni məvacib alsınlar. Bu gün qadınlarla kişilər arasında  məvacibin eyniliyi mütərəqqi addım hesab olunur və gender bərabərliyindən irəli gəlir.

Yoxsa, bu gün durub kişilərə daha çox məvacib vermək ki, sən kişisən və bu sahədə daha çox lazımsan, bu, bir növ geriyə doğru addım olacaq, qadınların hüquqlarını pozacaq. Amma istənilən halda geniş maarifləndirmə işləri aparılmalıdır ki, oğlan uşağının tərbiyəsi ilə atalar da məşğul olsun. Qız uşaqlarına da atalar vaxt ayırmalıdır.

-Hətta, belə...

 - Bəli, elə məsələlər var ki, onları övladlarına atalar daha yaxşı aşılaya bilər. Bəzən evdar qadın olan ananın cəmiyyətdəki reallıqlar haqqında tam təsəvvürü olmur. Amma ictimai həyata fəal inteqrasiya etmiş ata müasir həyatı daha yaxşı anlayır, cəmiyyətdəki münasibətləri daha yaxından görür. Bu baxımdan, hesab edirəm ki, atalar qızlarına da vaxt ayırmalı, onların tərbiyəsi ilə məşğul olmalıdırlar.

Bir neçə il öncə Bakı kəndlərinin birində yaşayan tanış ailədə qız 9-cu sinfi bitirən kimi, ata onu məktəbdən çıxardı, evdə oturtdu, nişanladı. Amma qız təhsilini davam etməyə çox həvəsli idi. Qızın anasından soruşdum ki, niyə belə etdiniz, cavab verdi ki, “Bizim kənddə qız uşaqlarının məktəbə getməsi ayıb sayılır, kənd camaatı bizi qınayar”.

Bu kənddə elə ailələr var ki, qız uşağını hətta daha erkən yaşlarından məktəbdən  çıxarırlar. Bu çox narahatedici haldır və bu kimi hallarla aidiyyatı orqanlar ciddi məşğul olmalıdır. Qızlarımız yaxşı təhsil almalıdırlar, gələcək müstəqil həyata tam hazır olmalıdırlar.

Şərq maarifçilərinin məşhur şüarları olub: “Millətin anası savadlı olmalıdır. Yalnız savadlı ana cəmiyyət üçün faydalı vətəndaş böyüdə bilər”. 

Mən istəməzdim ki, qızlarımız gələcək həyatlarını təkcə ailə, ev, uşaqla məhdudlaşdırsın. Həyatda müxtəlif situasiyalar yarana bilər və o zaman qadının köməyinə aldığı təhsil gəlir. O, layiqli işlə təmin olur, problemlərdən çıxış yolu tapa bilir. Əlbəttə, ana ilk növbədə uşaqlarını böyütməlidir, amma əgər potensialı, enerjisi varsa, niyə də işləməsin, niyə də ailə büdcəsinə gəlir gətirməsin?

Yəni, namuslu qadın istənilən zaman, istənilən yerdə işləyə və ailə büdcəsinə  köməklik edə bilər. Müasir dövr belədir ki, bəzən kişinin malik olduğu ixtisas lazım olmur, ancaq qadının ixtisası lazım olur.

- Qızların ana bətnindəykən məhv edilməsi də son illərin narahatçılıq doğuran məsələlərindəndir...

- Sizinlə tam razıyam. Mən bunu əvvəllər də demişdim, indi də təkrarlamaq istərdim. Bildiyiniz kimi, cahiliyyə dövrü adlanan islamaqədər bir dövr olub, dünyaya təzə gələn qız uşaqlarını çox hallarda diri-diri torpağa gömürdülər. Nəyə görə? Çünki qəbiləyə oğlan uşağı, əsgər lazım idi. Bədəvi ərəblər qonşu qəbilələri qarət etməklə dolanırdılar. Amma Peyğəmbərimiz gələndən, Quranımız nazil olandan sonra buna  qəti surətdə son qoyuldu. 

Bəzən kişi özünə naqislik hesab edir ki, necə yəni, mənim qızım var, amma oğlum yoxdur. Bu cür yanaşma artıq geridə qalmalıdır. Bunu bizim cəmiyyət anlamalıdır. Qız ya oğlan uşağının heç bir fərqi yoxdur.

Zənnimcə, qız uşaqlarının ana bətnində məhv edilməsi faktiki həmin o cahiliyyə dövründə qız uşaqlarının məhvinə bərabərdir. Buna yol vermək olmaz! Bu, Allah tərəfindən də məqbul hesab edilmir. Bununla belə, çox təəssüflər olsun ki, nəinki Azərbaycanda, bütövlükdə Şərq cəmiyyətlərində bu cür xoşagəlməz hallar var.

Məsələn, Hindistanda artıq həyəcan təbili çalınır. Yaxud, Çində bu məsələdə  çox böyük problem yaranır. Nəyə görə? Əhali çoxluğuna görə qanunla  “bir ailə - bir uşaq” prinsipi həyata keçirilir. O bir uşaq da, valideynlər hesab edirlər, daha yaxşı olar oğlan uşağı olsun. Bu baxımdan, artıq Çin cəmiyyəti həyəcan təbili çalır ki, illər keçib, o uşaqlar böyüyüblər və onlar özlərinə həyat yoldaşı tapa bilmirlər, qızlar çox azdır.

Demək istəyirəm ki, artıq bizdə də həmin o demoqrafik müvazinət pozulur. Bunu məktəbə təzə gedən uşaqların sayı da göstərir. Yəni, biz də gərək bu sahədə təbliğat, maarifləndirmə işləri aparaq ki, qızların ana bətnində məhv edilməsinin qarşısını alaq. 

- Əhali artımı, insan resursu həm də bir güc deməkdir, bəzən silahdan belə güclüdür... 

- Ümumiyyətlə, insan potensialı istənilən cəmiyyətin böyük sərvətdir. Bu baxımdan, insan potensialının artırılması bizim üçün də vacib məsələdir. İndiki müasir cəmiyyətdə müxtəlif faktorlar üzündən, xüsusən şəhər yerlərində, ailələrdə bir, iki, çox nadir hallarda üçüncü uşaq olur. Bu, heç də düzgün deyil. Ona görə  ailələrdə uşaqların sayının azalmasının qarşısını almaq üçün gənc ailələrə əlavə imtiyazlar nəzərdə tutulmalıdır.

Düzdür,  biz bir neçə il öncə müvafiq qanuna düzəliş etdik ki, beş uşaqdan sonra ailələrə əlavə müavinətlər verilsin. Mən hesab edirəm ki, üç uşaqdan sonra ailələrə əlavə müavinətlər verilməsi nəzərdə tutulmalıdır. Həm də nəzərə alsaq ki, Azərbaycanda müharibə hələ qurtarmayıb və biz mütləq o torpaqları qaytarmalıyıq, o zaman  Azərbaycana çox güclü insan potensialı lazımdır.

Hesab edirəm ki, ailələrdə uşağın sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır və cəmiyyət də, dövlət də bunun üçün şərait yaratmalıdır.