Babək prospektindən keçmək xilafətlə döyüşmək kimidir – Foto/Reportaj

Babək prospektindən keçmək xilafətlə döyüşmək kimidir – Foto/Reportaj
15:58 03-06-2018 | icon 259

Emil Salamoğlu/AzEuroNews.com/Bakı ► ► ► Paytaxtın Babək prospektindən keçmək mübaliğə ilə desək, Babək xürrəminin ərəb xilafətinə qarşı mübarizəsi qədər məşəqqətli işdir.

Bu prospektin təmir olunması maşın bazarına qədər uzanır və bu ərazidəki tıxac düyünündən hər çıxan alnının tərini silib, sevinir. Çünki Babəkdə yol deyilən nəsnə yoxdur.

► Obyektlər ziyana, sürücülər tıxaca düşüb

Hər tərəf dağılıb-tökülüb, yük maşınları nəqliyyatın hərəkətini daha da çətinləşdirib, toz-torpaq, qalaq-qalaq təpələr, hardan gəldi dönmə əməliyyatı və tam bir xaos hökm sürür.

Üstəlik, bu vəziyyət Babək prospektindəki obyektlərin işini də iflic edib. Bir tərəfdən onlara çıxış yolları məhdudlaşıb, digər tərəfdən tıxaclara görə əksər sürücülər bu ərazidən keçmirlər.

Nəticədə Babəkdə yerləşən iaşə obyektlərinin gəlirlərinə ciddi təsir edib. Obyekt işlədənlər isə AzEuroNews.com-a deyirlər ki, bu ilin axırına qədər dözməyə məhkumdurlar.

Çünki yolların təmiri işlə ilin ikinci yarısında yekunlaşacaq. Odur ki, Babəkə gedən yollar “xilafətlə mübarizədən keçir” desək obrazlı alınar.

Hazırda təmir işlərinin əsas istiqaməti maşın bazarı yaxınlığında getdiyi üçün tıxaclar burada daha dəhşətlidir. Ümumiyyətlə, sürücülər alternativ yollara baş vurmağa çalışır.

 ► Piyada səkiləri bərpa olunur, “cib” dayanacaqlar yaradılır

Qeyd edək ki, Avtomobil Yolları Dövlət Agentliyi uzunluğu 8.7 km olan Babək prospektinin yenidən qurulması işlərini davam etdirir.

Aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır.

Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılır.

Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilir.

Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.

Belə ki, prospekt boyunca təqribən istismar müddəti bitmiş 20 km uzunluğunda və müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənir.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur.

Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənəcək.

Köhnə piyada səkiləri bərpa olunur və 15 200 kv.m sahədə yeniləri tikilir, mövcud yol ayrıcı da sökülərək yenidən qurulur.

Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-metr uzunluğunda yeni səki daşları düzülür.

Həmçinin prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi “cib”li hissələrin tikintisi də nəzərdə tutulub.

Ümumilikdə yenidənqurma işlərinin 2018-ci ilin 2-ci yarımilinədək yekunlaşdırılması nəzərdə tutulub.