Deputat Elmira Axundova: Yol qəzalarında Qarabağdakı qədər itki vermişik

Deputat Elmira Axundova: Yol qəzalarında Qarabağdakı qədər itki vermişik
10:09 04-06-2018 | icon 78

 

“Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklər və əlavələr zamanı təkliflərim nəzərə alınmasa da, hesab edirəm ki, yaxın gələcəkdə onlardan da istifadə olunacaq. Bununla belə, son dəyişikliklər və əlavələr də yerində atılmış addımdır və qanun çox yüksək səviyyədə işlənib hazırlanıb.

Yəni,  Vyana Konvensiyasana 2011-ci ildə edilmiş dəyişiliklərin tələblərinə uyğun olaraq bu dəyişikliyə ehtiyac vardı. Çünki Azərbaycan Respublikasının sürücülük vəsiqələri bu tələblərdən bəzilərinə uyğun olmadığı üçün vətəndaşlarımız xarici dövlətlərdə nəqliyyat vasitələri idarə etməkdə çətinliklərlə qarşılaşırdı.

Bunu milletinsesi.info-a açıqlamasında millət vəkili Elmira Axundova deyib.

Onun sözlərinə görə, son zamanlar respublikamızda avtomobillərin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yüksək standartlara cavab verən, müasir avtomobil yolları inşa edilərək vətəndaşların istifadəsinə verilir.

Lakin bununla bərabər, avtomobil qəzalarının sayı günü-gündən artmaqda davam edir:

"Əfv komissiyasının üzvü kimi iclaslarda iştirak edərkən mənim əlimdən yüzlərlə müraciət keçir, baxanda görürük ki, həmin müraciətlərin çoxu avtomobil qəzalarına aiddir. Araşdırarkən məlum olur ki, həmin bu qəzaların baş vermə səbəbi yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, sərxoş vəziyyətdə sükan arxasında əyləşmə və ən əsası isə sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə edilməsi səbəbindən belə hadisələr baş verir. Bir çox hallarda isə sürücülər 4 nəfərlik bir minik avtomobilinə 7-8 nəfəri mindirərək və ya götürək sonuncu belə hadisəni traktor qoşqusunda insan daşıyaraq insanların həyatını təhlükəyə atırlar. 

Nəticədə isə həddindən artıq yüklənən minik avtomobili müvazinəti tarazlaya bilmədiyindən qəza qaçılmaz olur. Statistika göstərir ki, hər il ölkə üzrə orta hesabla 2 minə yaxın yol nəqliyyat hadisəsi qeydə alınır, hadisə nəticəsində 300 nəfərə yaxın insan həlak olur və 600 nəfərə yaxın insan isə xəsarət alaraq yaralanır. 

Təsəvvür edin ki, son 25 il ərzində ölkədaxili avtomobil yollarında 66 min-dən çox yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min nəfərdən çox insan ölüb, 74 min nəfərdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Çox dəhşətli mənzərədir və bu itkilər Qarabağ müharibəsində olan itkilərə bərabərdir, hətta deyərdim ki, əsl genosiddir".

Millət vəkili sonra deyib ki,  sürücülük vəsiqəsi olmayan şəxslər tərəfindən avtomobil idarə edilməsi hallarına əsasən rayon yerlərində rast gəlinir:

"Ona görə də düşünürəm ki, Dövlət Avtomobil Müfəttişliyi genişmiqyaslı tədbirlərə başlamalı, bölgələrdə adına nəqliyyat vasitəsi olan bütün şəxslər yoxlanılmalı, həmin şəxslərin sürücülük vəsiqəsinin olub olmaması aşkarlanmalı və bu istiqamətdə profilaktik tədbirlər görülməlidir.

İkinci tərəfdən isə  sürücülük vəsiqəsinin verilməsinə daha da məsuliyyətli yanaşılmalı, imtahanların keçirilməsində şəffaflıq təmin olunmalıdır. Artıq vaxt çatıb ki, yollarda vəziyyət köklü surətdə dəyişsin, sürücülərimizin və piyadalarımızın kütləvi qırğınına son qoyulsun".