Azərbaycanda dərman bitkilərinin kökünü qazıyırlar...

Azərbaycanda dərman bitkilərinin kökünü qazıyırlar...
13:39 02-06-2018 | icon 222

Azərbaycanda bir sıra dərman bitkilərinin, o cümlədən səhləbin, lalənin, yabanı soğan və sarımsaq növlərinin kökü kəsilmək üzrədir. Ən təhlükəli vəziyyət isə şimal bölgəsində, Quba, Qusar, Şabran, Xaçmaz rayonlarında geniş yayılmış səhləb bitkisi ilə bağlıdır. Əhalinin kortəbii yığımı nəticəsində bu bitkinin yayılma arealı olduqca kiçilib. Son illər Gədəbəy və Daşkəsən rayonunda da dərman bitkilərinin satış məqsədi ilə kortəbii toplanması artmaqdadır.

 

Bunu virtualaz.org-a açıqlamasında AMEA-nın Mərkəzi Nəbatat Bağının nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri Yusif Zeynalov bildirib.

səhləb bitkisi

Onun sözlərinə görə, əhali pul qazanmaq üçün bir çox qiymətli dərman bitkilərini kökündən çıxararaq satır: “Azərbaycan dərman bitkilərinin zənginliyinə görə dünyanın ən yaxşı təbiətinə malikdir. Amma bu sərvətdən düzgün istifadə etmirik. Türkiyədən bir qrup şəxs gəlib şimal rayonlarında, ən çox da Şabranda səhləb bitkisini kiloqramını 5 manata aldıqlarını elan ediblər. Camaat da əllərinə bel alıb düşüblər sahələrə. Bitkinin kökünün yumrularını çıxararaq satırlar. Bu bitkini çoxaltmaq heç də asan məsələ deyil. Bir kiloqramda azı yüz səhləb bitkisi məhv olur. Getdikcə bu bitkinin kökü kəsilir. Bizdən kiloqramı 5 manata aldıqları bitkini Türkiyədə kiloqramı 200-300 dollara satırlar”

Mütəxəssis deyir ki, dərman bitkilərinin toplanma vaxtı, qurudurlma şəraiti düzgün olmalıdır. Bitkinin üzərində şeh qalmamalıdır, qalarsa bitki çürüyər, rəngi dəyişər. Buna əməl edilmədiyinə görə, toplanan bitkilərin heç bir faydası olmur və onlar xarab olaraq atılır. Əslində isə dərman bitkiləri bol olan yerdən yığılmalı, bütün proseduralar  nəzərə alınsın. Bitki ya toxum vermədən toplanmalı, ya da bir hissəsi toplanaraq, bir hissəsi toxum üçün saxlanılmalıdır.

Həmsöhbətimizin sözlərinə görə, əczaçılıq şirkətlərinin nümayəndələri rayonlara gedib bu bitkiləri yüz kiloqramlarla sifariş verirlər. Əhali də başdan ayağa nə varsa yox edir. Nəticədə qiymətli dərman bitkilərinin kökü getdikcə kəsilir.

“Biz problemi gündəmə gətirəndə, narahatlığımızı ifadə edəndə də deyirlər ki, camaat bu yolla 5-10 manat qazanır, qoy qazansın. Axı bu bizim təbii sərvətimizdir. Təkcə bu gün üçün deyil. Nəbatat Bağı təklif edir ki, dərman bitkilərinin toplanmasına ciddi nəzarət olunsun”-alim bildirir.

Y.Zeynalovun fikrincə Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə bitkiləri toplayanlara qarşı mübarizə aparmalıdır, cərimə etməlidir, təbiətə yanlış müdaxilələrin qarşısını almalıdır.

“Əlbəttə, dərman bitkiləri insanlara xidmət etməlidir, toplanmalıdır. Amma vaxtında müəyyən miqdarda. Bir də görəcəyik ki, floramızda qanqaldan başqa heç nə qalmayıb”, - deyə Y. Zeynalov bildirir.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə isə deyir ki, nazirlik dərman bitkilərinin qorunması üçün kompleks şəkildə mühafizəni həyata keçirir, ölkədə xüsusi mühafizə olunan təbiət əraziləri yaradılır.

“Bilirsiniz ki, qoruq ərazilərinə insanların daxil olması qadağandır. Belə olan halda biz orada bitkilərdə təbii artım müşahidə edirik. Azərbaycanda hər hansı bitkini xüsusi olaraq mühafizə etmək çətindir, çünki on minə yaxın bitki növü var. Nəzərə alsaq ki, ölkə ərazisinin 10 faizdən çox hissəsi xüsusi mühafizə olunan təbiət əraziləridir, demək bu ərazilərdə bitkilərin kökü kəsilmə təhlükəsi yoxdur. Amma biz bütün əraziləri qoruq edə bilmərik. Meşəliklər, bələdiyyə fonduna daxil olan ərazilərdə vətəndaşların kortəbii şəkildə istər şəxsi, istərsə də, kommersiya məqsədilə dərman bitkilərini azalda bilərlər”-Hikmət Əlizadə bildirir.

Nazirlik rəsmisi deyir ki, dərman bitkilərinin kortəbii şəkildə toplanmasının qarşısını almaq üçün nazirlik əhali arasında ictimai qınaq və maarifləndirmə tədbirləri aparır.

“Çünki dərman bitkilərinin yetişdiyi ərazilərin hamısına fiziki nəzarət etmək mümkün deyil, bunun üçün çoxsaylı işçi qüvvəsi lazım gələrdi. İstəyirik ki, insanlarımız özləri belə halların qarşısını alsınlar və ictimai qınaq olsun”-Hikmət Əlizadə vurğulayır.

Nazirlik nümayəndəsi əlavə edir ki, onlar təkcə maarifləndirmə ilə işlərini başa çatmış hesab etmirlər, fauna və floranın tükədilməsinə görə, qanunvericiliyin müvafiq tələblərinin pozulmasına görə həm də cərimə cəzaları tətbiq edilir. Bu cərimənin məbləği toplanan bitkidən və onun həcmindən, təbiətə dəyən ziyandan asılıdır